Gündəlik həyatda olduğu kimi iş həyatının da ən önəmli məqamlarından biri qurulan əlaqələr və bu əlaqələri genişləndirə bilmək bacarığıdır. Əlaqələr mənasını verən və dilimizdə elə də çox işlənməyən bu söz ingiliscə olan *networking* sözünün qarşılığıdır. Əlaqələrimizi genişləndirmək tələbatı çalışdığımız sahəyə görə dəyişsə də, müasir dövrdə əksər peşələr geniş əlaqə qura bilmə qabiliyyəti tələb edir. Məsələn, insan resursları, ictimaiətlə əlaqələr, marketinq və ya biznes peşələri bu kimi geniş əlaqələr qura bilmə qabiliyyəti tələb edən işlər sırasına daxildir. Ancaq əsas məsələ budur ki, əlaqələr qurmaq və ən önəmlisi də bu əlaqələri genişləndirə bilmək bacarığı hər insanda eyni dərəcədə olmur. Əlaqə yaradan şəxsin daha öncəki təcrübəsi, nitq qabiliyyəti, səmimiyyəti və ya çəkingən olması həmin şəxsin çevrəsini genişləndirə bilmək bacarığına təsir edir. Bəs biz gündəlik həyatımızda xüsusən də, çalışdığımız peşədə öz çevrəmizi necə genişləndirə bilərik? Buna görə atmalı olduğumuz addımlar hansılardır? Gəlin, bütün bunlara birlikdə baxaq.
Əlaqələrimizi genişləndirərkən ilk olaraq etməli olduğumuz kimlərlə bağlantı quracağımızı müəyyənləşdirməkdir. Daha aydın şəkildə desək, sırf çevrəmizi genişləndirmək xətrinə yeni əlaqələr qurmaq məqsədəuyğun deyil. Yəni çevrəmizi genişləndirərkən daha seçici olmağa çalışmalıyıq. Buna görə də, öz çevrəmizə qəbul etdiyimiz və əlaqə yaratdığımız insanlar haqqında öncədən kiçik bir araşdırma etmək, onların maraq dairələri və təcrübələri haqqında məlumat əldə etmək bizə qərar verməkdə kömək edə bilər. Bu addım daha çox iş sahəsində quracağımız əlaqələrə aiddir. Məsələn, deyək ki, biznes sahəsində olan biliklərinizi və təcrübələrinizi artırmaq üçün sizə faydalı olacaq əlaqələr qurmaq istəyirsiniz. Bunun üçün bu sahədə çalışan, təhsil alan və ya təcrübə proqramında iştirak etmiş şəxslərlə əlaqə qurmağa çalışmaq daha əlverişli olar. Beləliklə, seçici olmaqla çevrəmizi genişləndirməyə çalışarkən, həm də həmin əlaqələrin bizə nə dərəcədə faydalı olacağını düşünməliyik.
Müasir dövrdə keçmişə nisbətən əlaqələri genişləndirmək daha da asanlaşıb və bu işdə bizə, xüsusi ilə də, sosial şəbəkələr kömək edir. Xüsusilə də, əgər təhsilimizlə və ya öz ixtisasımızla əlaqədar əlaqələr qurmaq istəyiriksə, bu zaman Linkedin sosial mediası bizim üçün əlverişli platforma ola bilər. Misal üçün, siz burada öz maraq dairənizi, ixtisasınızı, təhsilinizi və ya işlədiyiniz yeri qeyd etməklə, eyni özəllikləri olan yaxud da sizinlə eyni şirkətdə çalışan insanları daha tez tapa və onlarla asanlıqla əlaqə saxlaya bilərsiniz. Bu platformanın digər sosial şəbəklərdən fərqi isə daha çox təhsil, iş, təcrübə, bir sözlə kariyera həyatı ilə əlaqədar olmasıdır.
Çevrəmizi genişləndirməyin digər bir yolu da vaxtaşırı keçirilən konfranslar, seminarlar, təlimlər və ya görüşlərdə mümkün qədər iştirak etməyə və aktiv olmağa çalışmaqdır. Çünki müəyyən bir məqsədlə keçirilmiş maarifləndirici görüşlər və ya təlimlər aktivliyi artırmağın və bağlantılarınızı genişləndirməyin ən praktiki yollarından biridir. Nümunə olaraq, “Biznes söhbətləri və marketinq” adlı təlimdə iştirak etdiyinizi düşünün. Böyük ehtimalla bu təlimdə iştirak edənlərin əksəriyyəti biznes və marketinq sahəsinə maraqları olan şəxslərdir. Beləliklə, həmin şəxslərlə əlaqə qurmağa çalışmaq sizin də biznes və marketinq biliklərinizi daha da artırmağa səbəb ola bilər. Əlavə olaraq qeyd edim ki, aparılan araşdırmalara əsasən, yeni tanış olduğunuz bir insanla əlaqələrinizin uzunmüddətli olması üçün ilk tanış olduğunuz bir dəqiqə, söhbət etdiyiniz bir saat və əlaqələrinizi davam etdirməyi düşünmək üçün ilk gün yaratdığınız təəssürat çox önəmlidir. Belə ki, biri ilə ilk dəfə danışarkən səs tonunuzu nizamlamağınız, nəzakətli davranmağınız, səmimi olmağınız və bədən dilini yaxşı idarə etməyiniz qarşı tərəfə xoş təəssürat bağışlayar. Beləliklə, qarşınızdakı insan sizinlə yeni tanış olmasına baxmayaraq sizi öz komfort zonasına daxil edə bilər. Qısaca və daha sadə dildə desək, biri ilə yeni tanış olduğunuz zamankı davranışınız və nitqiniz əlaqələrinizi genişləndirməyinizə kömək ola biləcək faktorlardandır.
Son olaraq vurğulamaq istəyirəm ki, gündəlik həyatda xüsusilə də işlərimizdə və biznes sahəsində uğurlu ola bilmək üçün çevrəmizi genişləndirmək məqsədi ilə sadə amma önəmli addımlar atmağımız vacibdir. Bu həm bizim daha sosial olmağımıza və rahatlıqla ünsiyyət qurmağımıza kömək edər, həm də geniş və əhəmiyyətli bir çevrəyə sahib olmağımıza səbəb olar.