Hər kəsin həyatda qarşılamalı olduğu bəzi təməl ehtiyaclar var. Bunlardan ən əsasları qidalanmaq, geyim, ev və sağlıq məsələləridir. Aydındır ki, bütün bunları qarşılamaq üçün hər zaman pula ehtiyac var. Təbii ki, hər kəs müəyyən miqdar maaş alır və ya öz biznesindən gəlir əldə edir. Bu gəlirlərin köməyi ilə də az əvvəl sadaladığım ehtiyaclarını qarşılayır. Lakin işlər həmişə istədiyiniz kimi getməyə bilər, işinizi itirə bilərsiniz və ya planınızda olmayan bir xərclə qarşılaşa bilərsiniz. Belə hallarda çətin vəziyyətə düşməmək üçün əvvəldən pulunuza qənaət etmək çox vacib bir addım ola bilər. Hətta sadəcə mənfi hallar üçün yox, öz işinizdən əlavə investiya etmək istədiyinizdə və ya tətilə çıxmaq istədiyinizdə də həmin pula ehtiyacınız ola bilər. Bu kimi situasiyaları nəzərə aldıqda pulunuza qənaət etməyin nə qədər önəmli oluğunu rahatlıqla görə bilirik. İndi isə gəlin, pulunuza qənaət edib əlavə büdcə yaratmaq üçün bir neçə yol haqqında danışaq.
Pulunuza qənaət etməyə başlamağınız üçün atmalı olduğunuz ilk addım ümumi hədəfinizi seçmək ola bilər. Aydın məsələdir ki, seçdiyiniz hədəflər aylıq gəlirinizdən asılı olaraq dəyişə bilər. Məsələn, kimsə bir aylıq tətil üçün büdcə hazırlaya bilər, kimsə xəyalındalı maşını almaq üçün, kimisi isə il sonunda milyon manaqtlıq bir qənaət etmək üçün bu yola girə bilər. Unutmayın ki, bir addım atdıqda hər zaman ən əsas motivasiya mənbələrinizdən biri sonunda nəyə nail olacağınızı bilməkdir. Elə məhz bu səbəbdən də hər işdə olduğu kimi pula qənaət etmək mövzusunda da hədəfinizi ən başdan seçməyiniz məsləhətlidir.
Hədəfinizi seçdikdən sonra ən vacib ikinci addım aylıq gəlirinizin və xərclərinizin cədvəlini hazırlamaqdır. Aylıq gəlirinizi və bunun nə qədər hissəsini xərclədiyinizi yazılı şəkildə görmək pulunuza qənaət etmək üçün önəmli bir addım ola bilər. Çünki belə olduqda bir ay müddətində nəyə nə qədər pul xərclədiyinizi görə bilər, bəzi xərclərinizi azaltmaq qərarı ala bilərsiniz. Sadə dillə desəm pulunuzun hardan gəlib, hara getdiyini bilməsəniz pulunuza qənaət etməkdə çox böyük çətinlik çəkə bilərsiniz.
Üçüncü addım isə az əvvəl hazırlamağınızı tövsiyyə etdiyimiz aylıq hesabatınza baxaraq, hansı xərclərinizi azalda biləcəyinizi düşünməkdir. İlk baxışda `kommunal xərclər, qida, geyim və sairə kimi xərclərimizi necə azalda bilərik ki?` deyə bilərsiniz. Lakin hər bir xərcinizi kiçik də olsa azalda bilərsiniz və nəticə olaraq toplam xərcinizdə böyük bir azalma olduğunu görəcəksiniz. Məsələn, yuxu rejimi düzgün olmayan bir insan gecələri də elektrik enerjisindən istifadə edir. Bu da ona əlavə xərc yaradır. Həmin şəxs yuxu rejmini düzəldərək aylıq kommunal xərclərini bir miqdar azalda bilər. Bundan da əlavə, geyim və ya digər alış-verişlərinizdə də brend məhsulların əvəzinə daha ucuz amma eyni keyfiyyətdə olan məhsullardan istifadə edə bilərsiniz. Ümumiyyətlə, aldığınız məhsulun ortalama qiymətinin çox və ya az olmasından asılı olmayaraq hər zaman bir neçə alternativ məhsulu dəyərləndirib aralarından həm büdcəniz, həm də ehtiyaclarınız üçün uyğun olanı seçməyiniz tövsiyyə olunur. Onu da qeyd edim ki, psixoloqlar hər hansısa bir dəyərli əşya alacağınız gündən əvvəl yaxşı yuxu almağınızın vacib olduğunu deyir. Əks halda az yatmaq analiz qabiliyyətinizi zəyiflədə bilər, stresə səbəb ola bilər və bu da qərar verərkən tələsməyinizə, yanlış seçim etməyinizə gətirib çıxara bilər.
Psixoloqların tövsiyəsindən bəhs etmişkən pula qənaət etmək üçün bir neçə psixolojik addımdan da danışım. Bunlardan birincisi sosial şəbəkələrdən bacardığınız qədər uzaq qalmaqdır. Çünki sosial şəbəkələrdə tez-tez qabağınıza çıxan reklamlardakı endirim təklifləri sizə düşünüyünüzdən çox təsir edir. Bu reklamlar nəticəsində hətta ehtiyacınız olmayan məhsulları belə endirimdə olduğu üçün almağı düşünə bilərsiniz.
Xərclərinizi azaltmaq və pulunuza qənaət etmək üçün ata biləcəyiniz digər bir psixolojik addım isə ödəniş zamanı bank kartlarından yox nağd puldan istifadə etməyinizdir. Araşdırmalar sübut edir ki, nağd ödəniş zamanı pulunuzun fizikən azaldığını görmək sizə daha çox təsir edir və növbəti alış-verişlərinizdə daha diqqətli olursunuz. Digər tərəfdən isə kartla ödəniş etdikdə pulunuzun azaldığını fiziki olaraq görüb, hiss etmədiyiniz üçün daha da xərcləməyə meyilli olursunuz.
Son olaraq isə onu deyə bilərəm ki, maaşınız və ya şəxsi işinizdən qazandığınız gəlir əlinizə çatdıqda müəyyən bir hissəsini birbaşa kənara qoyub, ayırmaq pulunuza qənaət etmək üçün ən böyük addım ola bilər. Kənara qoyduğunuz hissə gəlirinizdən və xərclərinizdən asılı olaraq dəyişə bilər. Buna isə özünüz qərar verməlisiniz. Əgər kənara ayırdığınız pulu xərcləməməkdə çətinlik çəkirsinizsə sizə belə bir taktika məsləhət görə bilərəm. Məsələn, düşünün ki, aylıq gəliriniz 1000 AZN-dir və 20%-ni xərcləməmək, gələcəyə saxlamaq üçün kənara qoyursunuz. Bu halda siz gəlirinizin 800 AZN olduğunu düşünərək, ona görə planınızı qurmalısınız. Hər ay davamlı şəkildə bunu təkrarlasanız il sonunda müəyyən miqdarda pul əldə etmiş olacaqsınız.
Nəticə olaraq onu demək mümkündür ki, pulunuza qənaət etmək həyatınızı rahatlaşdırmaq üçün yaxşı addım ola bilər. Xüsusilə də uzun müddətdə pulunuza qənaət etməyinizin nəticəsində əlinizdə böyük miqdarda pul cəmlənmiş olacaq. Bu pul isə sizə çətin zamanlarınızda və ya xəyallarınızı həyata keçirərkən çox böyük yardım olacaq. Pulunuza qənaət edərkən isə ən varlı iş adamlarından olan Warren Buffettin bu sözlərini unutmayın `xərclərinizdən sonra qalan məbləği qənaət adı altında kənara qoymayın, əksinə, qənaət etmək üçün ayırdığınız məbləğdən kənar qalanları xərcləyin`.