Hər bir insan həyatı boyu bir çox çətinliklərlə, problemlərlə üzləşir. Bəziləri bu çətinliklərə baş əyir, bəziləri isə qarşılaşdığı bütün problemlərlə mübarizə aparıb sonunda onlara qalib gəlməyi bacarır. Həyatın ağır zərbələrinə baş əyməyib, gün keçdikcə uğurlarına bir yenisini əlavə edən, milyonlara insanın sevigisini qazanan o şəxslərdən biri də çoxunuzun yaxşı tanıdığı Acun Ilıcalıdır.
O, 29 May 1969-da Ədirnədə İlknur və Ərgün Ilıcalının ailəsində anadan olmuşdur. Hələ 5 yaşında məktəbə başlayan Acun 10 yaşında isə `İstanbul Anadolu Lise`sinə qəbul olub babasıgillə yaşamağa başlamışdı. Həyatın acı tərəfi ilə bu illərdə tanış olmağa başlayan Acun İstanbulda təhsil aldığı illərdə babası və nənəsini avtomobil qəzasında itirir. Bu ağır hadisədən sonra özünü itirməyib həyatına davam edən Acun İstanbul Univeristetinin `ingilis dili müəllimliyi` fakultəsinə qəbul olur. 7 il burada təhsilini davam etdirməsinə baxmayaraq, təhsilini yarımçıq qoyaraq univeristeti tərk edir. Tələbəlik illərində, hələ 19 yaşında Səda Başbuğ ilə evlənir və bu evlilikdən bir qızı olur. İkisi də tələbə olduğu üçün qızlarına Acunun ata, anası baxırdı. Növbəti ağır zərbə də məhz buradan gələcəkdi. 10 aylıq nəvələri ilə birlikdə Bodruma istirahətə getmək qərarı alan İlknur və Ərgün Ilıcalı mənzil başına çatmamış Balıkəsirdə avtomobil qəzasına düşürlər. Bu hadisə ilə birlikdə Acun 20 yaşında həm anasını, həm atasını eyni anda itirir. Qızı Banu isə sadəcə 18 qırıqla bu qəzadan sağ çıxır. Bu qəzadan sonra o, həyat yoldaşı Səda ilə də yollarını ayırır. Üstündən çox keçməmiş 23 yaşında olarkən özü də motosikleti ilə qəzaya düşür. Bu qəzada arxasında əyləşən dostunu itirən Acunun özünün sadəcə sol qolu qırılır. Bütün bu şanssızlıqların üstünə son bir ümidlə paltar dükkanı açır. Amma burda da uğur əldə edə bilmir və iflas edərək ailəsindən qalan mirası da bitirmiş olur.
23 yaşına qədər yaşadığı saysız problemlərin üstünə həyatla mübarizəsinə davam edən Acun növbəti bir-iki ili dostlarının həm maddi, həm mənəvi dəstəyi ilə keçirir. O vaxtlar bir dostu onu Türkiyənin ən böyük kanallarından biri olan Show TV-nin rəhbərlərindən İrfan Şahin ilə tanış edir. Tam bu yerdə həyatının ilk dönüm nöqtəsini yaşayan Acun müxbirlik dövrünə qədəm qoyur. O burda Fənərbaxça azərkeşi olmasına baxmayaraq Beşiktaş müxbiri olaraq işə başlayır. Burdakı uğuru ona `Televole` adlı proqramın qapılarını açır. Orada isə artıq dünyanın fərqli yerlərindən futbol xəbərlərini öz ölkəsindəki izləyicilərinə çatdırır. Bu proqram vasitəsi ilə 2002 dünya kuboku finalı üçün Yaponiyaya getməli olan Acun yaranan bəzi problemlərə görə oraya gedə bilmir və sonradan verdiyi müsahibələrdə bunun da onun üçün digər bir dönüm nöqtəsi olduğunu deyir. Çünki bu hadisədən sonra o, `Acun Firarda` verlişinə başlayır. İnsanların bəyənisini toplayan bu proqram sayəsində tam 105 ölkə gəzir. Bu gəzintilər sırasında müxtəlif mədəniyyətlərlə, illər sonra yayım haqqlarını alacağı bir çox proqram ilə tanış olur. `Dokun Bana` yarışmasında aparıcının canlı yayımda etdiyi səhvə görə Acun Ilıcalı həmin proqramın aparıcısı olur. O, öz çıxışlarından birində qeyd edir ki, müxbirlikdən aparıcılığa keçmək onun üçün çox önəmli addım idi. İllər sonra isə `Fear Factor` proqramı ilə Kanal D-dən rədd cavabı alan Acun Show TV-dən `hə` cavabını asanlıqla alır və rekorlara imza atacaq bir proqramın aparıcılığını edir. Getdikcə ulduzu parlamağa başlayan Acun 2006-ci ildə `Acun Medya` adlı şirkəti qurur. Show TV-nin `Survivor` proqramının ödənişini etməməsinin üzərinə, proqramın sahibləri Acunla əlaqə saxlayıb proqramı ona satır. Xarici şirkətlərlə razılaşaraq sadəcə Türkiyədə yox, Azərbaycanda və bir sıra ölkələrdə səs gətirən `Yetenek Sizsiniz`, `O Səs Türkiyə`, `Survivor`, `Var mısın, Yok musun` kimi proqramların yayım haqqını alaraq öz ölkəsində yayımlamağa başlayır. Həmin dövrlərdə reytinq rekorları qıran proqramları ilə `Acun Medya` günü-gündən böyüyür. 2013-cü ildə TV8, 2014-də TV8 İnternational kanallarını alan Acun artıq öz proqramlarını burada yayımlayır. Hal hazırda isə `Acun Medya` sadəcə Türkiyədə yox, Amerika, Meksika, Ruminya, Macarıstan, Braziliya, Kolumbiya və Yunanıstanda da bir sıra televizya proqramlarının prodüserliyini edir. Bununla da yetinməyən Acun elə bu ilin 1 yanvarından etibarən EXXEN adlı platforma ilə Netflix`ə rəqib ola biləcək bir marka yaratdı. Amma hələ yeni qurulan bu şirkət sadəcə 3 ay yarımdır fəaliyyət göstərir və nə qədər uğurlu olacağı isə zaman məsələsidir. EXXEN layihəsindən əvvəl isə 2020-ci ildə Hollandiya birinci liqasında mübarizə aparan `Fortuna Sittard` futbol klubunu almışdı. Son zamanlarda verdiyi müsahibələrdən birində isə bu klubda özünü inkişaf etdirdikdən sonra İngiltərə liqasından bir klub almağı düşünüyünü demişdi. Günümüzdə də fəaliyyətinə davam edən Acun Ilıcalının təqribi sərvətinin 400 milyon dollar olduğu təxmin edilir.
Həyatda hər şeyini itirdikdən sonra çabalamağı buraxmayıb, qısa bir müddətdə öz medya şirkətini quran, sonrasında isə kanal sahibi olan, dünyanın bir çox bölgəsində proqramların prodüserliyini edən Acun Ilıcalının uğurlarla dolu həyat hekayəsi hələlik bu qədərdir. Onun həyatından çıxaracağımız ümumi yekunu isə qədim yunan riyaziyyatçı Thalesin bir deyimlə bitiririk `hər şeyin yox olduğu yerdə belə ümid həmişə var`.