Təsəvvür edin ki, yeni bir biznesə başlamaq istəyirsiniz və deyək ki, bu hansısa bir məhsulun istehsalı ilə bağlıdır. Lakin həmin məhsula tam olaraq necə qiymət təyin edəcəyinizi dəqiqliklə bilmirsiniz, yəni bəzi tərəddüdləriniz var. Bu halda sizcə, həmin məhsulun qiyməti hansı faktorlar üzərindən təyin olunmalıdır?
Bu videoda danışacağımız mövzu bir məhsulu bazara təklif etməzdən öncə həmin məhsula hansı faktorlara əsasən qiymət qoyulması olacaq. Hər şeydən öncə gəlin, sadə anlayışlar olan maliyyədə işlənən gəlir, mənfəət və xərcin nə olduğuna baxaq. Tutaq ki, biz bir məhsuldan 100 ədəd və 5 manata satmışıqsa, bu zaman, gəlirimiz 100 vurulsun 5, yəni 500 manat olur. Deyək ki, hər bir məhsul üçün çəkilən xərc isə 4 manatdır, ümumi xərc isə olacaq 100 ədəd məhsul vurulsun 4 manat, yəni 400 manat olacaq. Gəlirimizdən xərclərin çıxılması nəticəsində isə mənfəət yaranacaq, bu nümunədə isə bu, 500 manat çıxılsın 400 manat, yəni mənfəət 100 manat olur.
Burada isə xərclər baxımından incə bir məqama baxmaq lazımdır. Ümumilikdə xərclər 2 cür olur. Biri var sabit xərclər, məsələn, anbar icarə haqqı və ya hər ay eyni olan internet ödəmələri və.s, ikinci növ xərc isə dəyişən xərclərdir. Buna isə məhsulun xammal qiymətini, işıq pulu və.s aid etmək olar. Çünki bu xərclər aydan-aya fərqli ola bilər. Buna görə də elə dəyişkən xərclər adlandırırıq. Ümumi xərclər isə bərabərdir sabit xərclər əlavə olunsun dəyişkən xərclər (Ümumi xərclər=sabit xərclər + dəyişkən xərclər). Təsəvvür edək ki, çəkdiyimiz misalda ümumi xərclərin, yəni, 400 manatın 100 manatı sabit xərclərin payına, 300 manat isə dəyişkən xərclərin payına düşür. Bu sadə anlayışları vurğuluyaraq, biz 5 manata təyin olunan 1 ədəd məhsulun qiymətinin daxilində nələrin olduğunu görmüş oluruq. Daha dettalı desək, 1 ədəd məhsulun qiyməti olan 5 manat həm özündə sabit, həm dəyişkən həm də mənfəəti birləşdirir. Burdan bizim bu xərcləri bilməyimiz mənfəəti optimallaşdırmağımıza kömək olacaq. Belə ki, biz məhsulun hansı hissələrdə xərclərinin çox olduğunu analiz edib anlayaraq, daha doğru qərarlarla bu xərcləri mümkün qədər azalda bilərik.
Ümumilikdə, şirkətin öz məhsulu ilə bazara daxil olan zaman bazara giriş qiyməti fərqli ola, müəyyən bazar payına sahib olduqdan sonra isə qiymətlərdə müəyyən dəyişikliklər edə bilər. Burda bir istisna məqam kimi demək olar ki, premium məhsullarda bazara giriş qiymətinin aşağı olması məhsulun premiumluğuna mənfi təsir göstərə bilər.
Əsas sualımızı versək ki, bəs yaxşı, bazara daxil olan zaman məhsulumuza nələr əsasında qiymət təyin etməliyik?
Deməli, bunun üçün 3 metod mövcuddur. Birinci metod- maya dəyəri fokuslu, ikinci- rəqabət fokuslu, üçüncü metod isə – müştəri fokuslu qiymətqoymadır.
Maya dəyəri fokuslu qiymətqoymaya əsasən, biz məhsulun maya dəyərinə əsaslanaraq qiymət təyin edirik. Məsələn, deyək ki, ayaqqabı istehsalı ilə məşğuluq və hesablayırıq ki, bir cüt ayaqqabının maya dəyəri 10 manatdır, biz də, tutaq ki, həmin ayaqqabıya 15 manat satış qiyməti təyin edirik. Buradan da 5 manat mənfəət qazanırıq.
İknici yanaşma olan, rəqabət fokuslu qiymətqoyma belə izah olunur ki, eyni misala baxsaq, həmin ayaqqabıya qiymət təyin etməzdən qabaq, buna bənzər bazarda olan ayaqqabı markalarının qiymətlərinə əsasən qiymət qoyulmasıdır. Misal üçün, bazarda görürük ki, bizim maya dəyəri 10 manat olan ayaqqabıya oxşar xusisiyyətli ayaqqabıların ortalama qiyməti 20 manatdır, bu halda əgər biz də məhsulumuza 20 manat və ya bu civarda qiymət təyin ediriksə, bu artıq rəqabət fokuslu qiymətqoymadır.
Üçüncü və sonuncu qiymətqoyma metodu olan, müştəri fokuslu qiymət qoymaya əsasən isə, məhsulun qiyməti, həmin məhsula müştərilərin verdiyi dəyərə uyğun olaraq təyin olunur. Burada xususi bir məqam var ki, məsələn, ayaqqabı keysində, əgər həmin 10 manat dəyəri olan ayyaqqabıya potensial müştərilər 30 manat verməyə hazırdırsa, bu halda ayaqqabı istehsalçısı böyük mənfəət əldə etmiş olur.
Belə olan halda da bu məhsulda mənfəətin yüksək olduğunu görən yeni rəqiblər də bazara daxil ola bilərlər. Digər tərəfdən belə qiymətqoyma metodunun mürəkkəbliyi kimi, potenisal müştərilərin bu məhsula nə qədər ödəməyə hazır olduqları haqda məlumatları toplamaq çətin ola bilər.
Yekun olaraq vurğulamalıyıq ki, ideal qiymətqoymanı adlarını çəkdiyimiz hər 3 metoddan istifadə edərək edə bilərik. Yəni, həm məhsulun maya dəyərinə, həm rəqib məhsullara, həm də müştərilərin ödəmə qabiliyyətinə əsasən qiymət təyin etmək olar.