Reklam əyləncəli formada necə çatdırılmalıdır? || “Advertainment”

Dünyaca məşhur müğənni Şakiranı, yəqin ki, hər biriniz tanıyırsınız. Şakiranın ən çox izlənilən videolarından biri və ən çox paylaşılan klipi 2014-cü ildə “Activia” şirkətinin sponsorluğu ilə çəkilmiş “La la la” klipi olmuşdur. Bu klipi digərlərindən fərqləndirən əsas cəhət onun özündə musiqi və məhsul reklamını birləşdirməsi idi. Klipdə Barselona futbol klubunun üzvləri də iştirak etmiş və izləyicilərə əyləncəli bir şəkildə Aktivia şirkətini tanıtmışdılar. Nəticədə, video sadəcə Facebook sosial mediasında 100 milyondan çox bəyəni toplamış, 5 milyon dəfədən çox paylaşılmış və beləliklə, indiyə qədər ən çox paylaşılan reklam videosu olmuşdur. Verilmiş bu nümunə və nümunədə istifadə olunmuş məhsul təqdimatı “Advertainment” marketinq strategiyası adlanır.

Bəs “Advertainment” strategiyası nədir və biznesdə necə istifadə olunur? Onu digər reklam strategiyalarından fərqləndirən cəhətlər nələrdir?

Loru dildə desək, “Advertainment” əyləncə və məhsul təqdimatını özündə birləşdirən bir marketinq strategiyasıdır. Biz bu marketinq metoduna daha çox televiziya verilişlərində, mahnılarda və filmlərdə rast gələ bilərik.

Bu metodun tarixinə diqqət yetirsək, biznesdə ilk dəfə bu strategiyadan 1927-ci ildə Amerika Birləşmiş Ştatlarında istifadə olunub. Belə ki, hələ o zamanlar – filmlərin rəngsiz və səssiz olduğu vaxtlarda şirkətlər insanların diqqətini çəkmək üçün ilk çəkilən filmlərdən istifadə edirdilər. 1927-ci ildə Amerikada səssiz bir müharibə filmi olan “Wings”, yəni “Qanadlar” filmində “Hersheynin Şirniyyatları” adlı bir şirkət öz məhsulunun tanıtımını həyata keçirmişdi. Nəticədə, şirkətin sponsorluğu ilə həm film bir neçə mükafat qazanmış, həm də məhsul yaddaqalan bir şəkildə izləyicilərə tanıdılmışdır.

Sonralar – 1930-cu illərdə biznes şirkətləri daha çox radio proqramlarına investisiya etməyə başladılar. Çünki o zamanlar radio dinləmək insanlar üçün televiziya izləməkdən daha əlçatan idi. Nəticədə, həmin illər ərzində “Procter & Gamble” kimi bir neçə məşhur şirkətlər də radio verilişlərə yatırım edir və əvəzində öz məhsullarını insanlara effektiv bir şəkildə reklam etmiş olurdular.

1982-ci ildə “E.T. the Extra-Terrestrial” adlı filmdə “Reese” şirkətinin kiçik həb şəklində olan şirniyyatlarının reklamı olmuşdu. Bu reklam gözləniləndən daha effektiv olmuş və nəticədə, bu növ şirniyyatın satışı 56% artmışdır.

Müasir dövrdə “Advertainment” tipli reklamlar, xüsusilə televiziya filmləri və seriallar vasitəsilə izləyicilərə çatdırılır. Lakin məşhur müğənnilərin yeni musiqi klipləri də bu növ reklamların izləyici kütləsinə çatmasında böyük rol oynayır. Misal üçün, yəqin ki, bir çoxunuz Türkiyədə məşhur müğənni olaraq fəaliyyət göstərən Yalını tanıyır və ehtimal ki, onun ən azından bir musiqi klipini izləmisiniz. Yalının “Cornetto” şirkəti ilə olan müqaviləsi uzun illərdir ki, davam edir. Hətta insanlar arasında “Cornetto” dedikdə ağıla ilk növbədə Yalının musiqi klipləri gəlir. Beləliklə, “advertainment” reklamları nəticəsində insanlar özləri də hiss etmədən, sıxılmadan və ən əsası da əylənərək məhsulun reklamını dəfələrlə izləmiş olurlar.

Ancaq qeyd edim ki, “Advertainment” reklam strategiyasından yalnız filmlər, televiziya verilişləri və mahnı kliplərində istifadə edilmir. Gəlin indi də bu strategiyanın istifadə edildiyi başqa hallara nəzər yetirək.

İlk olaraq animasiya reklamlarından danışaq. Statistikalar göstərir ki, günümüzdə animasiya reklamları ən uğurlu tanıtım strategiyalarının içərisindədir. Animasiya reklamlarının özəlliyi isə ondadır ki, belə reklamlar izləyicilərə birbaşa olaraq “bu məhsulu al” mesajını vermir. Əksinə, animasiyanın hekayəsinin maraqlı və təsirli olması izləyiciyə bunun bir reklam olduğunu unutdurur. Nümunə olaraq, dünyada məşhur olan “The Logo Group” oyuncaq şirkəti və “Warner Bros” şirkətinin əməkdaşlığı ilə çəkilmiş animasiya reklamından danışaq. Animasiya əsasında çəkilmiş bu reklam 2 dəqiqə 21 saniyə uzunluğunda olmasına baxmayaraq, milyonlarla insan bu reklam videosunu dəfələrlə izləmiş və paylaşmışdır. Nəticədə, hər iki şirkət bu əməkdaşlıqdan xeyli gəlir əldə etmişdir. Çünki reklam məhsulu tanıtmaq məqsədindən daha çox izləyicilərin diqqətini özünə cəlb etməyə yönəlmiş və uğurlu olmuşdur.

Bundan əlavə, “advertainment” biznes strategiyası həm də kitab və jurnalları oxuculara daha maraqlı göstərmək üçün istifadə edilir. Misal üçün, “Vogue” jurnalı izləyicilərin diqqətini çəkmək üçün öz internet səhifəsində müxtəlif məşhurlar ilə interviyu videoları yerləşdirmişdir. Belə ki, insanlar heyran olduqları müğənni, aktyor və ya aktrisaların interviyularını izləmək üçün sayta daxil olur və nəticədə, saytın izləyici və abunə sayını dəfələrlə artırırlar.

Əlavə olaraq, qeyd etmək istərdim ki, “Advertainment” reklam strategiyası məhsul istehsal edən və satan şirkət ilə yanaşı, həmin məhsulu izləyiciyə təqdim edən şirkətlər üçün də faydalıdır. Misal üçün, hər hansı bir film, serial yaxud da veriliş məhsulu izləyicilərə reklam edirsə, deməli, onlar bu reklam qarşılığında özlərinə sponsor qazanmış olurlar. Beləliklə, həm istehsal edən, həm də təqdim edən şirkətlər bu strategiyadan gəlir qazanırlar.

Sonda bir daha qeyd etmək istərdim ki, “Advertainment” biznes metodunun ən böyük özəlliyi onun “istənməyən” reklam kateqoriyasına daxil olmamasıdır. Daha aydın bir şəkildə desək, Youtube-da və ya digər sosial şəbəkələrdə qarşınıza çıxan və məcbur qalaraq izlədiyiniz reklamlardan fərqli olaraq, bu reklam strategiyasının əsas məqsədi izləyicilərə maraqlı və əyləncəli görünməkdir. Və bu günə qədər bir çox “Advertainment” biznes strategiyasından istifadə edən şirkətlər bu məqsədə uğurla çatmışdır.