loader image
Share on facebook
Share on telegram
Share on twitter
Share on linkedin
Share on whatsapp

Dünyanın ən böyük pərakəndəçisi || Walmart necə quruldu?

Amerika Birləşmiş Ştatlarında aparılan tədqiqatlar onu göstərir ki, ölkə ərazisində yaşayan insanların 90 faizi ən az bir “Walmart” mağazasına 10 dəqiqəlik məsafədə yaşayır. Daha loru dildə desək, Amerikada “Walmart” alış-veriş mərkəzlərinin sayı o qədər çoxdur ki, insanlar istədikləri vaxt hansı bölgədə olmalarına baxmayaraq qısa müddət ərzində bir Walmart alış-veriş mərkəzi tapa bilərlər. Bu fakt Amerika Birləşmiş Ştatlarında “Walmart” pərakəndə satış şirkətinin nə qədər populyar olduğunu göstərir.

İndi isə zamanda keçmişə gedərək “Walmart” şirkətinin ilk dəfə necə qurulduğuna və uğurlarının sirlərinə baxaq .

“Walmart”-ın əsası 1962-ci ildə məşhur biznesmen Sam Walton tərəfindən Amerika Birləşmiş Ştatlarının Arkansas ştatında qoyulmuşdur. Sam Waltonu öz şəxsi biznesində belə önəmli bir addım atmağa ruhlandıran şey onun hələ 1950-ci illərdə açdığı kiçik mağazasından gələn gəlir idi. Beləliklə, 1960-ci illərin sonundan etibarən “Walmart” adı get-gedə Amerikada daha çox tanınmağa başladı. Zaman keçdikcə isə “Walmart” öz əhatə dairəsini böyüdərək beynəlxalq bir şirkətə çevrildi. Daha aydın bir şəkildə desək, “Walmart”-ın dünyanın müxtəlif yerlərində şöbələri açılmağa başladı. Və, beləliklə, şirkətin nüfuzu sadəcə Amerikada deyil, bir neçə başqa ölkələrdə də artdı.

Bu zaman belə bir sual yaranır ki, bəs “Walmart”-ı öz rəqiblərindən fərqləndirən şey nə idi? Nəyə görə minlərlə pərakəndə satış şirkətləri arasından müştərilər məhz “Walmart”-ı seçirdilər?

Belə ki, “Walmart” şirkəti biznes sahəsinə ilk daxil olduğu gündən bu günə qədər rəqiblərinin biznesdə mümkünsüz olduğunu düşündüyü bir strategiyadan istifadə edir. Bu strategiya “ucuz qiymət, yüksək xidmət və keyfiyyət” strategiyası idi. Şirkət fəaliyyətə başladığı ilk gündən öz mallarını bazarda rəqiblərinkindən daha ucuz qiymətə satmağa başladı. İlk başlarda rəqiblər “Walmart”-ın bu strategiyasının şirkəti iflasa aparacağını düşünürdülər. Lakin bu strategiya gözlənilməz nəticə verdi. Belə ki, “Walmart”-ın müşərilərinin sürətlə artmağı bir yana, eyni zamanda rəqib şirkətlərin müştəriləri də getdikcə azalmağa başladı.

Beləliklə, “Walmart” bütün dünyada, xüsusilə də Amerika Birləşmiş Ştatlarında öz ucuz qiymətləri ilə şöhrət qazandı.

Şirkətin vebsaytının da “Every day Low prices”, yəni hər gün aşağı qiymətlər olaraq seçilməsi təsadüfi deyildi.

Bəs necə oldu ki, “Walmart” qiymətləri bu qədər ucuz saxlamaqla iflasa uğramadı? Araşdırmalara əsasən, şirkət ilk qurulduğu zamanlar məhsulun qiymətini ucuz saxladığına görə satışdan gələn ümumi orta gəlir də aşağı olurdu. Bunun nəticəsində “Walmart” öz işçilərinə verdiyi maaşın miqdarını rəqib şirkətlərə nisbətən aşağı tuturdu. Lakin zaman keçdikcə “Walmart”-ın şöhrəti öncəki illərə nisbətən dəfələrlə artdı. Bundan sonra şirkət öz işçilərinin əməkhaqqını bir qədər qaldırdı.  

“Walmart”-ı rəqib şirkətlərdən fərqli edən bir özəlliyi də odur ki, “ucuz məhsul” strategiyası dedikdə digər şirkətlər müvəqqəti müddət üçün müəyyən məhsul üzərinə qoyulan endirimləri nəzərdə tuturlar. Misal üçün, məşhur “Amazon” şirkəti “ucuz məhsul” strategiyasından istifadə etdikdə müxtəlif, misal üçün ərzaq, paltar və sairə kimi məhsulların qiymətlərini aşağı salır. Lakin “Walmart”-a gəldikdə isə bu strategiya davamlı olaraq həyata keçirilir. Əlavə olaraq qeyd edim ki, 2018-ci ildə olan statistikalara əsasən, Walmart şirkətinin məhsulları Amazon şirkətinin məhsullarından 34 faiz daha ucuzdur.

Verilmiş nümunələrə nəzər yetirdikdə “Walmart” pərakəndə şatış şirkətinin uğurlarını daha yaxşı anlayırıq. Çünki gündəlik həyatımızda etdiyimiz alış-verişlərdə, hətta evə gedərkən çörək aldıqda belə öz beynimizdə müxtəlif mağazlardakı qiymətləri müqayisə edib, daha sonra yekun qərara gəlirik. Bu halın əksər müştərilər üçün belə olduğunu nəzərsə alsaq, “Walmart” pərakəndə satış şirkətinin dünyadakı populyarlığının səbəbini daha yaxşı anlayarıq: ucuz qiymət və yüksək keyfiyyət.

Digər tərəfdən isə, Sam Waltonun da qeyd etdiyi kimi, şirkətin uğurlarının bir digər səbəbi də ona dünyanın müxtəlif yerlərində olan ortaqlarının verdiyi dəstəkdir. Walton öz müsahibələrində də qeyd edir ki, əgər digər şirkətlərlə əməkdaşlıq olmasaydı, onda aşağı qiymət strategiyası bu qədər effektiv olmazdı. Waltonun bu sözləri Biznesdə əməkdaşlığın və ortaqlığın nə qədər önəmli olduğunun göstəricisidir.

Bu gün, 2021-ci il statistikalarına əsasən, Walmart’ın illik gəliri 559 milyard dollar olmuşdur. Dünyanın müxtəlif yerlərindən 2.2 milyon insan Walmart şirkətləri və alış-veriş mərkəzlərində işləməkdədir. Beynəlxalq olaraq hal-hazırda Walmart pərakəndə satış şirkətinin 10,500-dən çox alış-veriş mərkəzi  fəaliyyət göstərməkdədir. Hal-hazırda “Walmart” markasının dünyanın 24 ölkəsində filialları var və bu say getdikcə artmaqda davam edir.

Beləliklə, Walmart pərakəndə satış şirkəti rəqiblərin heç vaxt uğur qazana bilməyəcəklərini düşündüyü “ucuz qiymətə satış” strategiyasını uğurla sınaqdan keçirmişdi. Və “Walmart”-ın bu addımı bir daha sübut edir ki, Biznesdə risk təhlükəli olduğu qədər faydalı da ola bilər.

Son olaraq isə ekranda gördüyünüz iki şəkli müqayisə edək.

                                

Birinci şəkil Sam Waltonun hələ 1950-ci illərdə açdığı ilk mağazasıdır. İkinci şəkildəki isə Waltonun əsasını qoyduğu və minlərlə filialı olan “Walmart” alış-veriş mərkəzlərindən sadəcə biridir. Nəticədə, “Walmart” pərakəndə satış şirkəti risk və düzgün marketinq strategiyası nəticəsində bir biznesin necə inkişaf edə biləcəyinin bariz nümunəsidir.