loader image
Share on facebook
Share on telegram
Share on twitter
Share on linkedin
Share on whatsapp

Biznes intellekti nədir?

Təsəvvür edin ki, Azərbaycanın müxtəlif bölgələrində filialları olan bir restoranlar şəbəkəniz var. Bu restoranlar şəbəkəsini idarə etmək, onların fəaliyyətini ayrı-ayrılıqda incələmək üçün Biznes İntellekti prosesindən istifadə etmək lazımdır. Belə ki, Biznes İntellekti prosesindən keçmək üçün siz restoranın müxtəlif filiallarının datalarına nəzər yetirməlisiniz. Misal üçün, deyək ki, topladığınız ümumi məlumata görə restoranın Şəmkir filialında dəniz məhsullarına olan tələbat digər filiallarındakından iki dəfə çoxdur. Amma Şəmkir filialında şirniyyata olan tələbat isə əksinə, digər filiallardakından 3 dəfə azdır. Belə olduqda əldə olunan məlumatlara əsasən, Şəmkir filialında olan menyudakı dəniz məhsullarının çeşidlərini çoxaltmaq və şirniyyat növlərini azaltmaq restoranın büdcəsi və fəaliyyəti üçün daha faydalı olacaq. Bu kimi məlumatların toplanması, onların informasiyaya çevrilməsi və bu məlumatların biznesin inkişafı məqsədi üçün istifadə edilməsi prosesi Biznes İntellekti, ingiliscə desək, “Business İntelligence” adlandırılır.

Günümüzdə sadəcə marketinq sahəsində deyil, eyni zamanda bir çox digər sahələrdə də Biznes İntellekti prosesindən istifadə edilir. İndi isə Biznes İntellektinin biznes və digər sahələrdə istifadəsinə və hansı nailiyyətlərə yol açmasına baxaq.

Biznes İntellekti prosesi, əsasən, 3 hissədən ibarət olur.

Birinci mərhələdə dataların toplanması, müəyyən tarixlər üzrə büdcənin hesablanması və sairə kimi işlər yerinə yetirilir. Belə ki, bu mərhələni yerinə yetirmək üçün hər hansısa bir biznesdə məlumatların dəqiqliklə toplanması və əldə olunan dataların statistikaya çevrilməsi üçün bacarıqlı IT komandası və IT alətləri olmalıdır.

Gördüyünüz kimi Biznes İntellektinin ilk mərhələsi yalnız müəyyən biznes haqqında bütün dağınıq dataların toplanmasından ibarətdir. İkinci mərhələdə isə toplanılan datanın informasiya və statistikaya çevrilməsi prosesi həyata keçirilir. Bu mərhələnin önəmi ondadır ki, biznes və ya marketinqlə məşğul olan biri rahatlıqla ilk mərhələdə toplanan dataları anlaya və müqayisə edə bilsin. Daha aydın bir şəkildə desək, Biznes İntellektinin ikinci mərhələsi toplanmış datanın analiz edilə biləcək hala gətirilməsidir.

‌Misal üçün, bir marketinq əməkdaşı üçün gördüyünüz pasta qrafikindəki faizlərə baxıb analiz etmək və müqayisə aparmaq daha asandır. Amma məlumatlar pərakəndə və sistemsiz olsa, bu, asanlıqla başa gəlməz. 

Nəhayət, üçüncü mərhələ isə toplanmış məlumatların incələnib, onlara əsasən qərar vermə mərhələsidir. Misal üçün, dünyaca məşhur “Starbucks” şirkəti istifadə etdiyi “Loyalty Card” sistemi vasitəsilə müştərilərin Starbucks’dan olan özəl alış-verişlərini asanlıqla izləyə bilir. Digər data toplama metodlarından fərqli olaraq, “Loyalty Card” sistemi məlumatın statistikaya çevrilməsi prosesini asanlaşdırır. Beləliklə, Starbucks Biznes İntellekti prosesi nəticəsində müştərilərin maraqlarını yaxından izləyə və şirkətin əskiklərini tamamlaya bilir.

Əlavə olaraq qeyd edək ki, Biznes İntellekti yalnız bizneslə əlaqəli bir proses kimi görünsə də, bu, əslində belə deyil. Digər özəl şirkətlər və hətta dövlətlər də Biznes İntellekti prosesindən geniş şəkildə istifadə edirlər. Misal üçün, təhsil, səhiyyə, turizm və sairə kimi sahələrdə dövlətlər Biznes İntellekti prosesini tətbiq etməklə bu sahələrlə bağlı önəmli məlumatlar toplayırlar. Daha sonra isə həmin sahələrdə olan boşluqları doldurur və ya daha da inkişaf etdirirlər. Lakin dövlətlərin bu prosesi tətbiq etmələri üçün ilk öncə ölkələrdə ictimai obyektlərin, məsələn, məktəb və ya xəstəxanaların dijital platformalardan geniş istifadəni mənimsəməsi lazımdır. Nümunə olaraq Misir dövlətinin səhiyyə sahəsində Biznes İntellekti prosesini həyata keçirməsi halına baxaq. Belə ki, Misir dövləti keçmiş bir neçə ilin statistikasına nəzər yetirərək ölkədə Hepatit C xəstəliyinin geniş yayıldığı və bu sahəyə investisiyanın az olduğu qənaətinə gəlmişdir. Nəticədə dövlət ölkədəki Hepatit C xəstəliyi ilə mübarizə proqramına 530 milyon dollar vəsait ayırmışdır. Belə ki, fərqində olmasaq da, əslində Biznes İntellekti bizim gündəlik həyatımıza da təsir edir.

Beləliklə, qeyd etdiklərimizdən belə bir qənaətə gəlmək olar ki, Biznes İntellektindən istifadə sürətli və effektiv qərarlar vermək üçün şirkətlərə və ya dövlətlərə kömək edir. Xüsusilə də, əgər məlumatların toplanması prosesində Microsoft və ya STATA kimi proqramlardan istifadə olunursa, bu proses daha da sürətlənir. Biznes İntellektindən istifadənin ikinci faydası ondan ibarətdir ki, bu proses birbaşa olaraq müştəri məmnuniyyəti ilə nəticələnir. Təsəvvür edin ki, bu proses nəticəsində şirkət müştərilərin ən çox sevdiyi məhsulu və ya seçdiyi xidməti ona verir. Beləliklə, Biznes İntellekti nəticəsində “müştərilərin fikrinə önəm veririk” ifadəsi, həqiqətən də, tətbiq olunur. 

Gördüyünüz kimi, günümüzdə Biznes İntellektinin tətbiqi getdikcə geniş istifadə edilən bir prosesə çevrilir. Önəmlisi isə odur ki, bu proses özəl şirkətlər qədər dövlət müəssisələrində də tətbiq olunur. Hətta Biznes İntellektinin tətbiqi yeni texnologiyadan istifadəyə və bəzi dövlətlərdə bürokratik elementlərin azalmasına gətirib çıxarır. Daha loru dildə desək, dövlət müəssisələri uzun müddətli sənədləşdirmə prosesi yerinə elektron və daha praktiki platformalardan istifadəyə daha çox yer verməyə başlayır.