loader image
Share on facebook
Share on telegram
Share on twitter
Share on linkedin
Share on whatsapp

Influnser marketinqi



Dünyaca məşhur “Zara” brendi statistikalara əsasən, sadəcə 2015-ci ildə illik 2.3 milyard dollar gəlir əldə edib. Bu rəqəm şirkətin öncəki illərdəki gəlirindən bir qədər çoxdur. “Fortune report” xəbər agentliyinin apardığı araşdırmalara əsasən, bunun əsas səbəbi “Zara” şirkətinin 2015-ci ildən başlayaraq influnser marketinqi strategiyasından geniş istifadə etməsi olub. Xüsusilə instagram sosial şəbəkəsində yaratdıqları layihə və xeyli sayda izləyici kütləsi olan influnserlər vasitəsi ilə şirkət minlərlə yeni müştəri qazanmışdır.

İndi isə günümüzdə influnserlərin biznesdəki roluna və məhsul satışına necə təsir etdiklərinə baxaq.

Bir çoxumuzun səhər oyandığı an ilk gördüyü iş telefonu əlinə almaq və sosial şəbəkələri yoxlamaq olur. Çünki günümüzə başlamazdan öncə dünyada nələrin baş verdiyini öyrənmək istəyirik. Buna görə də, xüsusilə də sosial şəbəkələri yoxlamaq gündəlik rutinimizin ayrılmaz bir parçasına çevrilib. Bir çoxumuz sosial şəbəkələr vasitəsilə real həyatda heç vaxt görmədiyimiz və şəxsən tanımadığımız insanları izləyirik. Bloggerlərin, məşhurların, tanınmış şəxslərin gündəlik yaşamlarına şahid olur, bəzən onları ailəmizin bir üzvüymüş kimi sevirik. Bu növ çox sayda izləyici kütləsinə sahib olan və cəmiyyət tərəfindən sevilən insanlar əksər zamanlar biznesdə “influnser”, yəni izləyiciyə təsir edən şəxslər kimi qəbul olunur. Onların bu fəaliyyəti isə biznes dünyasında “influnser marketinqi” adlandırılır.

Əminliklə deyə bilərik ki, bu gün insanlar yaxın keçmişdə olduğu qədər televizor izləmirlər. Və buna görə də, onlar orda olan reklamlardan xəbərdar olmurlar. Bu səbəbdən də bir çox şirkətlər öz məhsullarını alıcılara tanıtmaq üçün fərqli marketinq strategiyaları sınamalı olurlar. Həmin strategiyaların ən geniş istifadə olunanlarından biri də influnser marketinqidir.

Əslində influnser marketinqi strategiyasından ilk istifadə 15 il öncə başladı. 2006-cı ildə bir neçə şirkətin əsasını qoyan Ted Murphy influnser marketinqi strategiyasının rahat tətbiqi üçün “PayPerPost”, yəni “Hər Post Üçün Ödə”  platformasını yaratdı. Bu platformada dünyanın müxtəlif yerlərindən olan şirkət və bloggerlər qeydiyyatdan keçdilər. Belə ki, şirkətlər öz məhsullarını reklam etmək üçün kompaniyalar yaradır və bu kompaniyaları alıcıya təqdim etmək üçün “PayPerPost” platformasından bloggerlərlə danışıqlar aparır və razılığa gəlirdilər. Beləliklə, bu platforma sayəsində günümüzdə məşhur olan influnser marketinqinin əsası qoyuldu və zamanla daha da inkişaf etdi.

İnflunser marketinqi strategiyasının əsas məqsədi üçüncü bir şəxs və ya şəxslər vasitəsilə məhsulun tanıtımını, başqa sözlə desək reklamını müştərilərə çatdırmaqdır. Misal olaraq, siz YouTube-da videoya baxarkən, televizor izləyərkən, yaxud da yolda gedərkən lövhələrdə gördüyünüz reklamlar sizə birbaşa olaraq məhsulu hazırlayan şirkət tərəfindən çatdırılır. Bu növ reklamlarda iki tərəf mövcuddur – müştəri və məhsulu təklif edən tərəf. Lakin influnser marketinqində məhsul müştəriyə başqaları tərəfindən təqdim olunur. Bəs başqaları dedikdə biz tam olaraq kimləri nəzərdə tuturuq?

İnflunser marketinqi strategiyasında influnser, yəni məhsulu alıcılara təqdim edən və onların diqqətini cəlb edənlər populyar və ya müəyyən izləyici kütləsinə sahib olan şəxslər olurlar. Bəzi insanlar elə düşünürlər ki, burada məhsulu alıcıya təqdim edən şəxslər mütləq hansısa məşhur, aktyor, aktrisa və ya müğənni olmalıdır. Lakin bu belə deyil. İnflunser çox sayda izləyici kütləsinə malik olan, ən əsası da insanların sevərək və güvənərək izlədiyi hər hansısa bir şəxs ola bilər. Nümunə olaraq Instagramda tanınmış və işində müvəffəqiyyətli olan bir dietoloqun çəki itirmək üçün olan bir çay markasını paylaşdığını və onu izləyicilərinə tövsiyə etdiyini düşünün. Bu nümunədə dietoloq məhsulun reklam prossesindəki 3-cü tərəf, yəni məhsulu alıcıya təqdim edən şəxsdir.

Yaxud da sosial mediada gündəlik yaşamını paylaşan bloggerlərdən misal çəkə bilərik. Biz bəzən bloggerlərin getdikləri yerləri, hotelləri, yaxud da aldıqları məhsulları təqdim edərək izləyici kütləsi ilə paylaşdığını görürük. Bu kimi hallar bizə marketinqin bir parçası kimi yox, bloggerlərin gündəlik yaşamını izləyiciləri ilə paylaşmaları kimi gəlir. Əslində isə onlar bunu, hər hansısa bir xidməti və yaxud məhsulu daha çox kütləyə təqdim etmək üçün əksər vaxtlar müəyyən bir ödəniş alırlar.

Başqa bir nümunədə isə sosial mediada məşhur olan fərdlərdən deyil, izləyici kütləsi çox olan səhifələrdən danışaq. Dünyaca məşhur şirkətlərdən biri olan Microsoft’un 2016-17-ci illərdə hazırladığı “Make What is Next” kompaniyası qadınların elm, texnologiya, mühəndislik və riyaziyyatda olan rolunun artırılmasına məqsədlənmiş bir layihə idi. Həmin bu layihəni izləyicilərə təqdim etmək üçün Microsoft, Beynəlxalq Qadınlar Günündə “National Geographic” səhifəsi ilə iş birliyi etmiş və tanınmış fotoqraflar tərəfindən qadınların elmdə və digər işlərdəki fəaliyyətini əks etdirən 30 şəklini “National Geographic”-in 5 müxtəlif instagram səhifəsində paylaşmışdır. Nəticədə, bu şəkillər 1 gün ərzində 3.5 milyondan çox “bəyəni” yığa bilmişdi. Və, nəticədə, layihə bu səhifələr vasitəsilə böyük kütlələrə çatmışdır.

Nümunələrdən də gördüyünüz kimi, hər kəs bir influnser ola bilər: fotoqraf, həkim, müəllim, blogger, musiqiçi, hər hansısa tanınmış bir səhifə və s. Önəmli olan əsas qayda isə, John Maxwell-in də dediyi kimi “insanlara hər hansısa bir məhsulu tövsiyə etməzdən öncə həmin insanların sizə güvənməsi və sizi sevməsidir”. Əgər bu iki tələb yerinə yetirilibsə, onda siz insanlara təsir edib onlara hər hansısa bir məhsul haqqında məsləhət vermə gücünə sahib olursunuz. Çünki insanlar sevdikləri və güvəndikləri şəxsləri şəxsən tanımasalar belə dinləməyə hazır olurlar.