loader image
Share on facebook
Share on telegram
Share on twitter
Share on linkedin
Share on whatsapp

Rəqabət üstünlüyü necə qazanılır?



Statistikalar göstərir ki, “Tesla”nın bazar payı “BMW”, “Mercedes”, “Toyota” və bir sıra digər məşhur avtomobil firmalarının bazar payının cəminə bərabərdir. Bəs düşünmüsünüzmü “Tesla”nın bu uğurunun səbəbi nədir? Əvvəla, onu deyə bilərəm ki, “Tesla”ya bu uğuru gətirən əsas səbəblərdən biri rəqiblərinə nisbətən çox daha innovativ fikirlərə sahib olaraq insanların diqqətini çəkməyidir. Aydın məsələdir ki, digər avtomobil firmaları da “Tesla” kimi yalnız elektriklə çalışan avtomobillər istehsal edir. Lakin “Tesla” öz müştərilərinə digər şirkətlərin təklif etmədiyi xidmətləri təklif edərək rəqiblərinə qarşı xeyli üstünlük əldə etmiş olur. Məsələn, əgər bir “Tesla” sahibi olsanız, yenə “Tesla”nın istehsalı olan enerji stansiyalarından alaraq günəş enerjisi ilə avtomobilinizi təmin edə bilərsiniz. Şirkətin sahib olduğu digər bir üstünlük isə ən çox satıldığı ölkələrdə “Tesla”nın özünəməxsus olan və ödənişsiz istifadə edə biləcəyiniz superenerji stansiyalarının mövcudluğudur. Onu da qeyd edim ki, həmin superenerji stansiyalarının köməyi ilə dəqiqələr içində avtomobilinizi tamamilə enerji ilə təmin edə bilərsiniz. “Tesla”ya rəqabətdə üstünlük qazandıran daha bir neçə faktordan biri də şirkətin Avropa və Amerikadakı müştərilərinin StarLink tərəfindən internetlə təmin olunmağıdır. StarLink Elon Musk-ın bir digər şirkəti olan SpaceX-ə aid internet provayderliyi vəzifəsini görən peykdir.

“Tesla”nın digər firmalarla rəqabətdə əldə etdiyi üstünlükləri saymağa davam edə bilərik. Lakin bugünkü videonun əsas mövzusu “Tesla”nın üstünlükləri yox, ümumilikdə rəqabətdə üstünlükdür. İstənilən sənayedə rəqiblərinizə qarşı fərqli yollarla üstünlük qura bilərsiniz.

Gəlin ilk olaraq brendləşmənin bir şirkətə necə üstünlük qazandırdığına baxaq. Bir şirkət bazarda brend olaraq görünmək istəyirsə, təbii ki, bəzi mərhələlərdən keçməlidir. Məsələn, yaxşı məhsulla yanaşı yaxşı xidmətə və yaxşı müştəri əlaqələrinə də sahib olmalıdır. Bütün bunları “yaxşı” səviyyəsinə çatdırmaq üçün isə müəyyən qədər kapital lazımdır. Gəlin brendləşmənin ən gözəl nümunələrindən biri olan “Apple” misalına baxaq. 1990-cı illərdə bazarda “Apple”a nisbətən daha ucuz qiymətə satış edən bir sıra kompüter firmaları mövcud idi. “Microsoft” isə həmin firmaları əməliyyat sistemləri ilə təmin edirdi. Digər tərəfdən “Apple” xüsusi əməliyyat sisteminə sahib idi. Lakin bu heç nəyi dəyişmirdi. Nəticə olaraq isə insanlar “Apple” əvəzinə daha ucuz kompüterlərdən istifadə edirdilər. 1997-ci ildə “Apple” üçün bu mənfi gedişata son qoyan Steve Jobs oldu. O zaman üçün çıxacaq olan yeni nəsil “Apple” markalı kompüterlər Steve-in qərarı ilə daha da baha qiymətə sahib olacaqdı. Təbii ki, bu qiymətin əvəzində onlar daha güclü sistem və özünəməxsus əməliyyat sistemi təklif edirdi. Bu üstünlükləri arxasına alan Steve Jobs “PC vs Mac” başlığından istifadə edərək brendləşməyə doğru böyük və uğurlu addımlar ata bildi. Nəticəsini bu gün də asanlıqla hiss etdiyimizi nəzərə alsaq, “Apple”ın brendləşmə addımının uğurlu olduğunu və rəqabətdə ona üstünlük yaratdığını deyə bilərik.

Brendləşmədən əlavə hər hansısa bir şirkətə üstünlük qazandıra biləcək faktor, təbii ki, həmin şirkətin bazara çıxardığı məhsulun və ya xidmətin keyfiyyətidir. Aydın məsələdir ki, insanlar sadəcə ucuz yox, həm uyğun qiymətli, həm də tələbatlarını qarşılaya biləcək məhsullara yönəlirlər. Keyfiyyətlə yanaşı, istehsal olunan məhsulun çox geniş kütlələrə yox, daha spesifik kütləyə xitab etməyi də sizə rəqabətdə üstünlük yarada bilər. Məsələn, Bakı şəhərində minlərlə restoran və kafelər mövcuddur. Lakin əldə etdiyimiz məlumatlara əsasən, spesifik olaraq vegan kütləyə xitab edən bir restoran və ya kafe demək olar ki, yoxdur. Bəli, Azərbaycanda veganizm geniş yayılmasa da bu kiçik kütləyə xitab edən tək restoran olmaq rəqabətdə üstünlük əldə etməyinizə kömək olar.

Bütün bu deyilənlərə baxsaq, belə bir ümumiləşdirmə edə bilərik: rəqabətdə üstünlüyə sahib olmaq üçün rəqiblərinizdən ya məhsulunuzla, ya təyin etdiyiniz qiymətlə, ya da hər hansısa digər faktorlarla fərqlənməlisiniz. Biznes sahəsinə verdiyi tövhələrlə məşhur Micheal Porter rəqabətdə üstünlük əldə etmək üçün şirkətlərin 3 əsas strategiyadan birini izləməyinin daha yaxşı nəticə verəcəyini düşünür.

Porterə görə bu üç startegiyadan biri rəqiblərinizlə müqayisədə ən az xərcə sahib olmağa çalışmaqdır. Bunun üçün ya ucuz xammal əldə edə biləcəyiniz bir mənbə olmalıdır, ya da məhsulu iri həcmdə istehsal etmək lazımdır. Məhsul başına düşən xərcin az olmağı daha aşağı qiymətə satış etməyinizə yol aça bilər. Və ya bazardakı ortalama qiymətlə satış edərək digərlərinə nisbətən daha çox gəlir əldə edə bilərsiniz. Aydın məsələdir ki, daha çox gəlir əldə edərək biznesinizə yatırım edib rəqabətdə daha da güclənə bilərsiniz.

Porterin təyin etdiyi ikinci strategiya isə fərqlilikdə liderliyə sahib olmaqdır. Fərqlilik dedikdə rəqiblərinizdən bir sıra kriteriyalarınızla fərqlənməyiniz nəzərdə tutulur. Videonun əvvəlində haqqında danışdığım “Tesla” şirkəti də innovativ fikirləri və bu fikirlər əsasında təklif etdiyi fərqli xidmətlərlə rəqiblərinə qarşı xeyli üstünlük əldə edib.

Son strategiya isə indicə haqqında danışdığım fərqlilik faktorunu daha kiçik marketinq seqmentləri üçün istifadə etməkdir. Yəni daha əvvəl verdiyim vegan restoran misalındakı kimi daha kiçik kütləyə diqqətinizi verərək onların tələblərini qarşılayıb fərqlilik yaratmaq sizin üçün üstünlük yarada bilər.