loader image
Share on facebook
Share on telegram
Share on twitter
Share on linkedin
Share on whatsapp

Üz-üzə olan kommunikasiyanın əhəmiyyəti

Bəlkə də bəzən bir çoxunuzun ağlına belə bir sual gəlir ki, yeni texnologiya bu qədər inkişaf etmişkən bu gün niyə biz hələ də üzbəüz görüşlərə üstünlük veririk?! Misal üçün, iş yerləri CV-lərimizə nəzər yetirib qərar vermək yerinə niyə fiziki müsahibələr keçirirlər? Yaxud da bəzi işlərdə emaillər və sənədlərlə işləmək kifayət etdiyi halda niyə üzbəüz konfranslara ehtiyac duyulur? Xüsusilə də COVİD-19 pandemiyası dövründə təhsilin və işlərin onlayn rejimə keçməsi yeni texnologiyanın gücünü və üstünlüklərini bir daha sübut etdi. COVID-19 pandemiyasından sonra bir neçə digital platformalar iş və təhsil üçün uğurla sınaqdan keçirildi, üzbəüz görüşlər isə video zənglərlə əvəz olundu. Lakin bütün bunlara baxmayaraq, bu gün dünyanın bir neçə inkişaf etmiş ölkələrində onlayn təhsil və işlər mövcud olsa da əksər ölkələr hələ də üstünlüyü ənənəvi qaydada, üzbəüz formada olan təhsilə və iş rejiminə verirlər. Bunun əsas səbəbi isə üzbəüz kommunikasiyanın effektivliyində və avantajlarının daha çox olmasındadır.

Qısa bir haşiyəyə çıxım ki, əgər videolarımızı eyni zamanda məqalə formatında oxumaq istəyirsinizsə, Business Talks layihəsinin dəstəkçisi olan  Animators şirkətinin  animators.az saytından asanlıqla oxuya bilərsiniz. 

Yadınızdadırsa öncəki videolarımızdan birində interviyularda, ilk görüşlərdə yaxud da hər hansı üzbəüz aparılan danışıqda bədən dilinin rolundan danışmışdıq. Bir çox iş yerlərində işə götürənlər namizədin CV-si ilə birlikdə həmin şəxsin interviyusuna da önəm verir. Çünki həmin şəxsin xarakteri, əslində necə biri olduğu və suallara hansı reaksiyaları verdiyi fiziki interviyu zamanı bəlli olur. Yazılı formada, mail və ya məktub vasitəsilə saxlanılan əlaqələrdə bütün bunları hiss etmək və ya görmək mümkün olmur. Misal üçün, deyək ki, bir iş yerində namizədlər müsahibə əvəzinə yazılı bir forum vasitəsilə işə götürülür. Bu zaman, həmin formu doldurarkən namizədin nə qədər düşündüyü, hansı suala necə reaksiya verdiyi, səs tonu və sairə kimi nüansları yaxından izləmək mümkün olmur. Lakin üzbəüz aparılan interviyularda işə götürən namizədin bədən dilini, səs tonunu və üz ifadəsini də yaxından izləmə imkanı əldə edir. Eyni zamanda, üzbəüz görüşlər namizədlər üçün də faydalı ola bilər. Belə ki, əgər namizədlər işə yazılı forum vasitəsilə götürülsələr onda onlar arasında seçim etmək işə götürənlər üçün heç də asan olmaz. Çünki seçim mərhələsi yazılı formada olduğundan namizədlərin özünü ifadə etmə şəklini müşahidə etmək mümkün olmur. Amma üzbəüz interviyu zamanı çox çalışan namizədin öz bacarıqlarını göstərmək üçün daha çox imkanı olur. Bu halda, yəni üzbəüz görüşlərdə necə deyərlər yaxşı olan və çalışıb özünü daha yaxşı ifadə etməyi bacaran qazanır.

Üzbəüz kommunikasiyanın digər bir özəlliyi isə ondadır ki, bir insanla üzbəüz görüşdükdə hissləri daha effektiv göstərmək olur. Bunun faydası isə ondan ibarətdir ki, bu zaman qarşınızdakı insana nəyisə izah etmək və ya həmin şəxsi nəyəsə inandırmaq daha asan başa gəlir. Nümunə olaraq isə cəmiyyətdə aparılan sorğulardan danışaq. Bildiyimiz kimi statistikaları müəyyən etmək üçün insanlar arasında sorğular aparılır. Bunlardan biri üzbəüz sorğu, ikincisi isə onlayn formada aparılan sorğudur. Belə ki, müəyyən qurumlar hər hansısa bir mövzuda məlumat toplamaq üçün bu iki sorğudan birini həyata keçirməlidir. Aparılan eksperimentlərə əsasən insanlar üzbəüz keçirilən sorğulara daha məsuliyyətli yanaşır və daha dəqiq cavab verirlər. Hətta, araşdırmalar göstərir ki, onlayn formada keçirilən sorğulardan bir çox insan boyun qaçırır və sorğuda iştirak etmir. Bu hal sadəcə sorğularda deyil eyni zamanda iş və təhsil həyatında da baş verə bilər. Yəni, üzbəüz kommunikasiyalar və görüşlər qarşınızdakı insanın işinə qarşı daha məsuliyyəti olmasına gətirib çıxarır. Amerika birləşmiş ştatlarında aparılan bir eksperimentdə bu bir daha sübut olunmuşdur. Belə ki, bir şirkət öz işçilərini iki qrupa ayırmış və hər həftə sonu bu qrupların birindən yazılı report, digərindən isə üzbəüz görüş nəticəsində şifahi report almışdır. Nəticədə müəyyən olmuşdur ki, hər həftə sonu üzbəüz görüşlərdə iştirak edən qrup öz işlərini digər qrupla müqayisədə daha müvəffəqiyyətlə və məsuliyyətli bir şəkildə yerinə yetirmişdir.

Üzbəüz kommunikasiyanın digər bir özəlliyi isə onun insana öz komfort zonasından çıxmağa kömək etməsidir. Bir çox insan yazılı formada olan kommunikasiya zamanı rahat və sərbəst olsa da üzbəüz görüşlərdə stresli və gərgin hiss edir. Bu hal sadəcə rəsmi əlaqələrdə deyil eyni zamanda dostlarla  olan görüşlərdə də yaşana bilər. Hətta araşdırmalar göstərir ki, telefonla danışmaq yaxud üzbəüz görüşməkdən kişilər qadınlara nisbətən daha çox çəkinirlər. Bu hal həmin şəxslərin həm nitqinə, həm də auditoriya qarşısında danışma qabiliyyətinə mənfi təsir edir. İngilis dilində  öz konfort zonalarından çıxmağa çəkinən belə insanlar “introvert” adlandırılır.  Üzbəüz kommunikasiya isə həmin şəxslərin konfort zonalarından çıxmalarına və daha çox sosiallaşmalarına şərait yaradır. Nəticədə, belə insanların üzbəüz kommunikasiya qorxuları zamanla azalır və bir müddət sonra insanlarla rahat və stressiz danışmaq onlarda vərdiş halına çevrilir.

Yekun olaraq qeyd etmək istəyirəm ki, günümüzdə texnologiya və digital platformalar nə qədər inkişaf etsə də, üzbəüz kommunikasiya öz effektivliyini hələ də qoruyub saxlayır. Xüsusilə də, COVID-19 pandemiyasindan sonra aparılan araşdırmalar nəticəsində biz bunu bir daha təcrübə etmiş olduq. Belə ki,  bir çox təhsil mərkəzləri və iş yerləri pandemiya zamanı onlayn rejimə keçsə də əksər ölkələrdə bu hal üzbəüz iş və təhsil sistemi qədər effektiv olmadı və qismən uğursuzluqla nəticələndi.