loader image
Share on facebook
Share on telegram
Share on twitter
Share on linkedin
Share on whatsapp

Biznesdə Amara Qanunu

Roy Charles Amara, amerikalı tədqiqatçı, alim və tanınmış bir institut rəhbəri. Bütün bunlarla yanaşı isə onu sadəcə Amerikada deyil eyni zamanda bütün dünyada məşhur edən şey onun Amara qanunu kimi tanınan ideyası idi. Həmin qanunu Amara özü bir cümlə ilə ifadə edir, belə ki, bu qanununa əsasən, biz texnologiyanın qısa müddət üçün nəzərdə tutulmuş gücünü və təsirlərini gərəyindən yüksək qiymətləndirdiyimiz halda uzun zaman dilimi üçün texnologiyanın gücünü aşağı qiymətləndiririk. Amaranın bu cümləsi sadə və sıradan görünsə də əslində sadəcə texnoloji sahəyə  deyil eyni zamanda biznes və iqtisadiyyata da fərqli bir perspektiv gətirmişdir. İndi isə gəlin Amara qanunu və onun biznes və iqtisadiyyatdakı önəmi nədir birlikdə baxaq.

Videomuzun birinci hissəsində Amara qanunun əsas məğzini Amaranın öz cümləsi ilə qeyd etdik. İndi isə cümlənin çatdırmaq istədiyi fikri anlamaq üçün bir neçə nümunədən istifadə edək. Loru dillə desək Amara qanununa əsasən biz hər hansı bir yeni texnologiyadan tez bir zamanda çox xeyir gəlməsini gözləyirik. Amma zaman keçdikcə istədiyimiz nəticəni almadığımız üçün bizim gözləntilərimiz get-gedə azalır. Əslində isə qısa müddət ərzində və yaxud da ilk başlarda əksər texnologiyalar və yeniliklər uğursuz nəticələr verə bilərlər. Bu əslində gözlənilən və normal bir haldır.  Misal üçün, internetdən,  onun qısa və uzun müddətdə olan təsirlərindən danışaq. İnternet əslində rəsmi olaraq 1983-cü ildə kəşf olunmuşdur. Amma valideynlərimiz və ya 1980-90 cı illərdə yaşamış qohum-əqrəbalarımızdan soruşsaq yəqin ki, internet haqqında çox məlumat verə bilməyəcəklər. Hətta ola bilsin ki, internetin o dövrlərdə mövcud olduğundan belə xəbərləri olmayacaq. Çünki, internet 1980-ci illərdə kəşf olunsa da uzun müddət sonra, 2000-ci illərdən sonra populyarlıq qazanmağa başladı. Gördüyünüz kimi, yeni texnologiya kəşf olunan an yox, müəyyən zaman sonra inkişaf etməyə başlayır. Böyük ehtimalla, 1990-cı illərdə insanlar artıq intetnetin faydasız bir kəşf olduğuna inanmağa başlamışdılar, çünki onlar texnologiyanın uzun müddətli təsirlərini aşağı qiymətləndirirdilər. Yaxud da, başqa bir nümunə kimi təyyarələrdən danışaq. Təyyarələr ilk ixtira olunan zamanlar, insanların ağıllarına belə gəlməzdi ki, nə vaxtsa təyyarələr sərnişindaşıma və ya yükdaşıma üçün beynəlxalq aləmdə istifadə oluna bilər. Çünki əksər insanlar bunun bir yaxud iki ilə olmasını gözləyirdilər. Əgər ilk illərdə insanların gözləntiləri doğrulmurdusa onda onlar elə düşünürdülər ki, bu kəşf faydasızdır.

Amara qanunu yeniliklərlə bağlı əksər insanların unutduğu bir məqamı diqqət mərkəzində tutmaq istəyir. Bu, adaptasiya prossesidir. Bütün yeniliklər kimi, faydasını görmək üçün texnologiyaların da müəyyən zamana yəni adaptasiya müddətinə ehtiyacları var. Misal üçün, yenidən internetin necə müəyyən zaman sonra populyarlıq qazanmağından danışaq. İnternetin ilk başlarda uğursuz olma səbəbi bu sahəyə yetərli yatırımın olmaması idi. Məsələn, 1980-ci illərdə şirkətlər tez bir zamanda internetlə işləyəcək qədər inkişaf etməmişdilər. İnternet ötrücüləri və xətlərini qurmaq üçün kifayət qədər investisiya yox idi. Beləliklə, bir müddət sonra 1990-cı , xüsusilə də 2000-ci illərdən sonra zamanla internet tələbatını ödəmək üçün qoyulan investisiya sayı artdı, internet avadanlıqları üçün münbit şərait yaradıldı və iş yerləri, eləcə də insanlar daha çox internetdən istifadə etməyə başladılar. Bu proses digər texnologiyalar, eləcə də yeniliklər üçün eynilə belə olur. Ardıcıllıqla desək ilk olaraq, yeniliyin təqdimatı və ilk istifadəsi, ikinci adaptasiya müddəti və sonuncu mərhələ gözlənilən nəticəni əldə etmək.

Nəzərinizə çatdırmaq istərdim ki, Amara qanunu sadəcə texnologiya üçün deyil digər yeniliklər üçün də nəzərdə tutulmuşdur. Bu, yeni bir fikir və ideya belə ola bilər. Biznes sahəsində də Amara qanununu tədbiqi etmək sahibkarlar üçün faydalı ola bilər. Çünki, bu qanuna əsasən müəyyən bir sahəyə investisiya edən və ya öz brendini yaratmaq istəyən şəxs bir müddət ruhdan düşmədən nəticələri səbrlə gözləməlidir. Bazarda öz brendini yaratmaq istəyən şəxs bir neçə aya öz brendinin zirvədə olacağını güman edirsə onda həmin şəxs Amara qanunundan xəbərsizdir. Çünki, qanuna əsasən yeni məhsul brendləşməzdən və bazarda nüfuz qazanmazdan öncə adaptasiya müddətindən uğurla keçməlidir. Yanlız bundan sonra həmin məhsul brend ola və gözləntiləri qarşılaya bilər.

Digər bir nümunədə isə yeni açılmış bir “YouTube” kanalından və burada Amara qanununun tətbiqindən danışaq. Kanal yeni açılan müddətdə, ilk aylar izləyicilərin sayının az olmasını və az sürətlə artmasını normal qarşılamaq lazımdır. Çünki, həmin ilk aylar YouTube kanalının adaptasiya müddətidir. Adaptasiya müddətindən sonra isə əgər kanal faydalı hesab edilərsə izləyicilərin sayı daha da sürətlə artmağa başlayacaq. Çünki artıq bu yeniliyin yəni YouTube kanalının adaptasiya prosesi tamamlanmışdır.

Yekun olaraq bir daha vurğulamaq istərdim ki, bu videomuzun əsas məqsədi həm Amara qanununu sizlərə tanıtmaq həm də biznes və digər sahələrdə bu qanunun mahiyyətini izah etməkdir. Nümunələrdən də gördüyünüz kimi, yeniliklərə zaman vermək və tələsmədən nəticələri gözləmək Amara qanununun əsas məqsədidir.