Kriptovalyuta nədir?

Dünya yaranandan bu yana vaxtın tələblərinə uyğun olaraq müxtəlif ödəniş növləri mövcud olub. Məsələn, ilk zamanlar insanlar əllərindəki məhsulları dəyişərək ticarət edirdilər. Başqa sözlə desək barterdən istifadə edirdilər. Eramızdan əvvəl 600-cü illərdə isə Lidiyalılar tərəfindən ilk dəfə pul kəşf olundu. Onlar daşınması çətin olan məhsulları kilometrlərlə daşıyıb barter etməkdənsə puldan yəni daha portativ vasitədən istifadə edərək işlərini asanlaşdırmışdılar. Sonralar eramızın 13-cü əsrində, Britaniyada qızıl sikkələrdən istifadə olunmağa başlandı. Daha sonra 17-ci əsrdən bu yana kağız pullar məşhurlaşmağa başladı. Günümüzdə kağız pullar, qəpiklər, bank kartları, rəqəmsal cüzdanlardan geniş istifadə olunur. Son zamanlarda isə hər kəsin diqqətini çəkən amma bir çoxumuzun da dəqiq məlumata sahib olmadığı bir valyuta növü mövcuddur – kriptovalyutalar.

Kriptovalyuta nədir? Kriptovalyuta investisya edə biləcəyiniz və ya sadəcə alış-veriş edə biləcəyiniz rəqəmsal bir valyuta növüdür. Sözü gedən valyuta növü kriptoqrafiya vasitəsi ilə qorunur. Kriptoqrafiya iki tərəf arasındakı söhbət və ya hər hansı prossesi üçüncü tərəfdən qorumaq üçün istifadə olunan şifrələmə metodudur. Bu isə kriptovalyuta ilə ödənişlər zamanı saxtakarlığın və iki-qat xərcləmənin qarşısını alır.

İlk kriptovalyuta növü olan və hamımızın yaxından tanıdığı “bitcoin” 2009-cu ildə Satoshi Nakamoto tərəfindən yaradılıb. Satoshi-nin bu valyuta növünü yaratmaqda əsas məqsədi heç bir mərkəzə bağlı olmadan, saniyələr içində, asanlıqla pul transferi edə bilmək idi. O, bu istəklərinə qovuşa bildi desək yanılmarıq. Artıq “Tesla” da daxil olmaqla bir çox məşhur şirkətlər kriptovalyuta ilə ödənişləri qəbul edir. Hətta, sadə vətəndaşlar da öz aralarındakı alqı-satqı məsələlərini kriptovalyutalardan istifadə edərək həll edir. Kriptovalyutalara marağın belə artmasına səbəb isə ənənəvi ödəniş metodları ilə müqayisədə bir sıra üstünlüklərə malik olması və son zamanlarda xeyli dəyər qazanmasıdır.

Bəs bu üstünlüklər nələrdir? Əvvəla bayaq da qeyd etdiyim kimi kriptovalyutalar hər hansısa bir mərkəzə bağlı deyil. Yəni, kriptovalyuta növləri ilə aparılan əməliyyatlara banklar və ya dövlətlər tərəfindən nəzarət edilmir. Bu isə o deməkdir ki, bütün idarə sizdədir. İstədiyiniz vaxt istədiyiniz şəxsə heç bir gecikmə olmadan ödəniş edə bilərsiniz. İstənilən bir bank vasitəsi ilə ödəniş zamanı və ya kartdan karta pul köçürmə əməliyyatında müəyyən gecikmələr yaşana bilir. Hətta köçürmə prossesi üçün müəyyən qədər əlavə məbləğ də ödənilir. Kriptovalyutaların bir mərkəzə bağlı olmaması bu kimi halların qarşısını alır. Bu da özlüyündə çox böyük bir üstünlükdür. Kriptovalyutadan istifadənin digər üstünlüyü isə daha güvənli olmasıdır. Prosses zamanı üçüncü tərəfin olmaması və kriptoqrafiya üsulu ilə qorunması kriptovalyutaları digər rəqəmsal ödəniş vasitələrinə nisbətən daha təhlükəsiz edir.

Onu da bildirmək vacibdir ki, digər pul vahidləri kimi kriptovalyuta növləri də müəyyən sayda dövriyyəyə buraxılır. Amma bayaq da dediyimiz kimi kriptovalyutalar dövlətlərdən və banklardan asılı deyil. Belə olduqda isə bir sual yaranır: Necə olur ki, dövriyyəyə yeni “bitcoin”lər “etherium”lar və s. buraxılır? Gəlin bu sualı “bitcoin” üzərindən danışaraq cavablayaq. Ümumilikdə 21 milyon “bitcoin” mövcuddur. Amma hal hazırda 18 milyon bitcoin dövriyyədədir. Bu isə o deməkdir ki, 2009-cu ildən bu yana 18 milyon “bitcoin” “mining” olunub. Bəs “mining” nədir? Sadə dillə desəm, “mining” bir sıra çətin riyazi alqoritmlərin kodlanması ilə yeni blokların yaradılaraq blokçeynlərə əlavə olunmasıdır. Hər bir blokun yaradıcısı müəyyən qədər “bitcoin” əldə etmiş olur. Beləliklə də müəyyən qədər “bitcoin” “mining” olunmuş olur. “Bitcoin” ilk yaradılanda hər kodlanan blok üçün 50 BTC mükafat təyin olunmuşdu. Bu mükafatın miqdarı isə 2012-də 25 BTC-ə, 2016-da 12.5 BTC-ə, 2021-in fevralından isə 6.25 BTC-ə düşmüşdür. 6.25 BTC isə bu gün üçün təqribən 363.000 AZN-ə bərabərdir. “Bitcoin”in indiki qaydalarına əsasən mükafat hər dörd ildən bir 50% azalacaq. Bu da o deməkdir ki, əgər qaydalar dəyişməsə son “bitcoin” təqribən 2140-cı illərdə dövriyyəyə buraxılacaq. “Mining” haqqında bir məqamı da vurğulamaq lazımdır. Bu prosses heç də asan deyil. Alqoritmləri kodlayıb blokçeyn üçün yeni bir blok yarada biləcək biliyə malik olsanız belə bütün bunları etmək üçün çox güclü sistemə sahib olan kompyuteriniz olmalıdır. Hətta kriptovalyutaların “mining”i o qədər geniş yayılıb ki, son zamanlarda kompyuter hissələrinin xüsusilə də videokartların qiymətlərində xeyli artım müşahidə olunur.

Son olaraq isə gəlin dövriyyədə olan “bitcoin”, “etherium”, “litecoin” və digər kriptovalyuta növlərini necə əldə edə biləcəyimizi və bunlardan necə istifadə edəcəyimizi danışaq. Kripto pul vahidlərini alıb-sata biləcəyiniz bir sıra tətbiqlər mövcuddur. Bu tətbiqlərdən ən məşhurları “Binance”, “Coinbase”, “Etoro”dur. Bu applikasiyalar vasitəsi ilə kriptovalyuta əldə etdikdən sonra istər alış-verişdə istifadə edə bilərsiniz istərsə də saxlayıb dəyər qazandıqdan sonra sata bilərsiniz. Amma bir məsələ də var ki, Azərbaycan daxilində kriptovalyuta bazarı çox inkişaf etmədiyi üçün bu rəqəmsal pul vahidləri ilə satış edən mağazalar yoxdur. Lakin kriptovalyuta ilə satışı dəstəkləyən xarici saytlardan onlayn sifariş zamanı asanlıqla istifadə edə bilərsiniz. Bundan başqa isə “buy-hold-sell” metodundan istifadə edə bilərsiniz. Yəni istədiyiniz “coin”lərdən müəyyən miqdar alıb özünüzdə saxlayırsınız. Dəyəri qalxdıqda isə sataraq gəlir əldə edə bilərsiniz. Onu da deməliyəm ki, “buy-hold-sell” metodundan istifadə edərək gəlir əldə etmək istəyirsinizsə alacağınız “coin” haqqında ətraflı araşdırma aparmalı, qiymət qrafiklərini analiz etməlsiniz. Əks halda satmaq üçün aldığınız “coin” dəyər itirə bilər və ziyan etmiş olarsınız.

Diqqətiniz üçün təşəkkürlər.