Həyatda niyə balanslı olmalıyıq?

Həyatda balanslı olmaq dedikdə tam olaraq nə anlayırıq? Gəlin bu sualın cavabına bir nümunə üzərində baxaq. Evinizin iki otağı olduğunu düşünün. Həmin otaqlardan birində hər şeyin dağınıq və pərakəndə yerləşdirildiyini, digərində isə əşyaların sistemli və sırayla yığıldığını təsəvvür edin. Əgər sizə bu otaqlardan nəsə lazım olsa, onda şübhəsiz ki, ikinci, yəni hər şeyin sistemli və səliqəli yerləşdirildiyi otaqdan istədiyinizi asanlıqla tapa bilərsiniz. Çünki həmin otaqda əşyalar balanslı və sistemli bir şəkildə yerləşdirilmişdi. 

Gündəlik həyatınızda da hadisələr eynən bu nümunədəki kimi irəliləyir. Daha aydın formada desək, əgər biz işlərimizi, həftəlik və ya gündəlik etməli olduğumuz şeyləri öncədən ölçüb biçsək o zaman həyatımızda müəyyən qədər balans yaratmağa nail ola bilərik. 

Bəs balans dedikdə tam olaraq nəyi nəzərdə tuturuq? Yaxud da balanslı bir həyatın müsbət cəhətləri nələrdir? Biz öz həyatımızda hansı yollarla balans yarada bilərik? Növbəti bir neçə dəqiqə ərzində sizinlə birlikdə bu sualların cavablarını öyrənəcəyik. 

Həyatımızda balans yaratmaq dedikdə ilk öncə bir çoxumuzun ağlına zaman anlayışı gəlir. Çünki hər şey əslində zamanı necə idarə etməyimizdən aslıdır. Unutmayın ki, “balans” kəliməsini izah etmək üçün ilk öncə zaman anlayışına ehtiyac var. Nümunə olaraq deyək ki, siz böyük və tanınmış bir şirkətdə menecer olaraq fəaliyyət göstərirsiniz. Həftənin 5 günü işləyir və həftə sonları da çox məşğul olursunuz. Buna görə də sizin ailənizlə vaxt keçirməyə yaxud da dostlarınızla əylənməyə vaxtınız qalmır. Gördüyünüz kimi bu nümunədəki şəxs iş həyatında yetərincə uğurlu və çalışqan olsa da şəxsi həyatında problemlərlə üzləşir. Deməli, bu şəxs, şəxsi və iş həyatı arasında balans yarada bilməyib. 

Balanslı yaşamaq haqqında digər bir nümunəyə də nəzər yetirək. Hər birimiz sağlam qidalanmağın və gündəlik idmanla məşğul olmağın faydalarını, əlbəttə ki, bilirik. Amma bunu da bilməliyik ki, balanslı bir şəkildə etmədikdə sağlam qidalanma və idman da bizim sağlamlığımız üçün ciddi fəsadlara yol aça bilər. Misal üçün, Anoreksiya xəstəliyi günümüzdə ən çox yayılmış psixoloji xəstəliklərdən biridir. Bu xəstəlik əsasən 16-40 yaş arası insanların həddən artıq dırnaq arası sağlam qidalanma və idman etmələri nəticəsində yaranır. Bu nümunədən də gördüyünüz kimi, hətta ən yaxşı vərdişlər belə balanssız bir şəkildə həyata keçirildikdə işə yaramaz olur və əksinə böyük problemlərə yol açır. 

Bir az əvvəl qeyd etdiyimiz nümunələrdən balansın həyatımızda nə işə yaradığı və niyə lazımlı olduğu yəqinki aydın oldu. Bəs həyatda balanslı olmağın bizim üçün nə kimi əhəmiyyətləri ola bilər? İlk olaraq onu qeyd etmək istəyirəm ki, balanslı yaşamaq bir növ sağlam yaşamaq deməkdir. Çünki bu balansı yaratmaq bir çox şeyi əvvəlcədən planlamaq mənasına gəlir. Yatmaq və oyanmaq saatlarınızı, idman etdiyiniz anları, yediyiniz yeməkləri və yemək saatlarını, işlədiyiniz və ailənizlə vaxt keçirdiyiniz zamanları və sairə. Beləliklə, bu balansı yaratmaq, əslində sağlam yaşamaq anlayışının yol xəritəsi halına gəlir. 

Balanslı yaşamağın ikinci böyük faydası isə zamanımızı düzgün bölməyimizə şərait yaratmasıdır. Daha öncə də qeyd etdiyimiz kimi balans sözü birbaşa və ya dolayı yolla zaman anlayışı ilə bağlıdır. Yəni biz balans yaratmaq üçün çalışdıqda özümüz də fərqində olmadan əslində zaman yaratmış oluruq. Misal üçün, iş saatlarınızı həftəlik və balanslı bir şəkildə böldüyünüzü düşünün. Bu zaman siz avtomatik olaraq digər işləriniz üçün zaman ayırmış olursunuz. 

Balans yaratmağın digər bir faydası isə odur ki, bu, həyatımızda stresin azalmasına və sistemli bir şəkildə yaşamağımıza kömək edir. Məsələn, həyatınızda hər şeyin pərakəndə olduğunu, etməli olduğunuz işlərin bir-birinə qarışdığını, hardan başlayıb harda dayanacağınızı bilmədiyinizi düşünün. Belə olduqda, stress, əsəb və gərginliyin həyatınıza olan təsiri artır. Və siz bu pərakəndəçilik içində nə zaman nə edəcəyinizi bilmədiyiniz üçün mütəmadi olaraq gərginlik və stress içərisində yaşayırsınız. Balans yaratmağa çalışdıqda isə hər şeyi öncədən və sırası ilə planlaşdıracağınız üçün bu pərakəndəçilik qismən də olsa aradan qalxmış olar və hər şeyin plan üzrə irəliləməsi sizi rahatlaşdırar.

Bəs bütün bunları etməyə və həyatımızda balans yaratmağa hardan başlamalıyıq? Hər şeydən öncə ilk olaraq qidalanmaq və yatmaq kimi sadə vərdişlərdən başlamaq daha faydalı olar. Çünki gün ərzində nələr edəcəyimizi, nəyə nə qədər zaman ayıracağımızı bilmək üçün vaxtında yatıb vaxtında oyanmalı və düzgün qidalanmalıyıq. Bu vərdişlər əlbəttə ki, standart bir formada deyil və hər kəsə görə müxtəlif ola bilər. Məsələn, birinə görə saat 7-də oyanmaq balanslı günün başlanğıcı hesab olunursa bu digərinə görə saat 9 ola bilər. Və yaxud da bir nəfər gündə 3 dəfə qidalanmağı gündəlik rutinin bir parçası olaraq görürsə bu başqa biri üçün gündə 5 dəfə yemək ola bilər. Yəni bunu müəyyənləşdirmək fərdlərə görə dəyişir. Balanslı yaşamaq anlayışı üçün isə önəmli olan bunları öncədən planlamaq və vaxtı düzgün bölə bilməkdir. 

Bu yolda ikinci qayda isə mütləq bir şəkildə hədəflər müəyyənləşdirmək və o hədəflər uğrunda mübarizə aparmaqdır.  Hədəflər dedikdə ancaq gələcək haqqındakı böyük və uzunmüddətli planlar nəzərdə tutulmur. Bu, gündəlik və ya həftəlik planlar da ola bilər. Misal üçün, səhər oyandıqda bu gün öyrənməyə başladığım dildə 10 yeni söz öyrənəcəm, yaxud da bu həftə şəxsi biznesimdə 15 yeni müştəri qazanacam və sairə. Bu növ məqsədlər hazırlamağımız bizim daha dəqiq və daha inamla addımlamağımıza və həyatımızda balansı daha asan yaratmağımıza kömək edər. Unutmayın ki, bu hədəflər əlçatan və reallığa uyğun olmalıdır. Yoxsa onları reallaşdırmağa çalışarkən balansımızı itirə bilərik.

Balans yaratmağın ən həssas nöqtələrindən biri də düzgün menecmentin, yəni idarəetmənin mövcudluğudur. Müasir dövrümüzdə menecerlərin iş yerlərində rolunun artması balansın iş həyatında günü-gündən artan önəmi ilə bağlıdır. Misal üçün, deyək ki, hər hansı bir bürokratik sistemdə biz menecer sözünə çox rast gəlmərik. Çünki, həmin yerlərdə hər şey dəyişikliyə açıq olmayan və standart bir xətt üzrə irəliləyir. Amma 21-ci əsrdə əksər şirkətlər və müasir iş yerləri standart iş qaydalarından daha çox elastikliyə və yeni fikirlərə önəm verdiyindən həmin yerlərdə menecerlərin rolu günü gündən artır. Çünki, bu növ yeniliyə açıq ortamlarda balansın yaradılması üçün düzgün və sistemli bir idarəçilik mütləqdir.

Gündəlik həyatımızda da bu eyni ilə belədir. Əgər biz öz komfort zonamızdan və standart rejimimizdən çıxıb yeniliklərə açılsaq onda özümüz öz həyatımızın meneceri, yəni balans yaradıcısı olmağı bacarmalıyıq. Məqsədlərimizi, planlarımızı və ən əsası da vaxtımızı düzgün bölməliyik. Əks təqdirdə, həyatımızın iflas etməkdə olan bir şirkətdən heç bir fərqi olmaz .

Bu videomuzda sizlərlə birgə balanslı və balanssız yaşam arasındakı fərqləri və balansın necə qazanılması yollarını müzakirə etdik. Unutmayın ki, balans demək hər işdə mükəmməl olmaq demək deyil. Balans, sadəcə həyatımızda hər şeyin sistemli bir şəkildə planlanması və vaxtımızın düzgün bölünməsi deməkdir. Bu balansı yaratmaq üçün isə biz özümüz öz həyatımızda tərəzi rolunu oynamalı və hər şeyi öncədən ölçüb biçməliyik.

Diqqətinizə görə təşəkkürlər!