loader image
Share on facebook
Share on telegram
Share on twitter
Share on linkedin
Share on whatsapp

“Smart Working” (ağıllı işləmə) nədir?

Bir çox insan çox çalışıb əziyyət çəkməyinə rəğmən verdiyi əməyin qarşılığını ala bilmədiyini düşünür. Amma onlar bir nöqtəni nəzərdən qaçırırlar. Sadəcə çox çalışmaq bütün qapıları aça bilməz. Yəni sadəcə çox yox, həm də ağıllı işləmək önəmlidir. Gün ərzində neçə saat çalışdığınızdan əlavə, həmin vaxtda nə qədər produktiv olduğunuza da diqqət etməlisiniz. Yəni az əvvəl də dediyim kimi ağıllı işləməlisiniz. Bəs necə daha ağıllı işləyə bilərsiniz? Gəlin bu sualın cavabına birlikdə nəzər yetirək:

Bu günə qədər bir sıra videolarımızda qeyd etdiyimiz kimi bir plana sahib olmaq sizin uğurlu olma şansınızı artıra biləcək əsas faktorlardandır. Statistikalar da onu göstərir ki, planlı şəkildə hərəkət edən insanlar digərlərinə nisbətən daha uğurludurlar. Onu da qeyd etmək vacibdir ki, planınızı həmin gün yox bir gün əvvəldən qurmaq sizə həm vaxt qazandıracaq, həm də produktivliyinizi artıracaq. Belə ki, aparılan bəzi sorğular bir çox insanın yatağına girdikdən sonra sabah nə edəcəyi haqqda düşündüyünü təsdiqləyir. Bu hal həm yuxuya ayrılan vaxtı azaldır, həm də onun keyfiyyətini aşağı salır. Lakin siz yatmazdan əvvəl sabah üçün olan planınızı qursanız daha rahat bir beyinlə, daha keyfiyyətli bir yuxu əldə edə bilərsiniz. Keyfiyyətli istirahət isə bir sonrakı gün produktivliyinizi xeyli artıracaq. Planınızı bir gün əvvəl qurmağın digər bir üstünlüyü də vaxta qənaətdir. Çünki bir plana sahib olduqda, gün içində növbəti addımınızı düşünməyə vaxt sərf etmirsiniz. Produktivliyin artması və vaxta qənaət isə ağıllı işləməyin əsas göstəricilərindəndir. İstisna olaraq onu qeyd edim ki, hazırladığınız plana hər zaman birəbir riayət etmək məcburiyyətində deyilsiniz. Bəzi işləriniz düşündüyünüzdən daha çox vaxtınızı ala bilər. Lakin bunu da unutmayın ki, davamlı olaraq planınız pozulursa deməli ortada bir problem var. Belə hallarda ya vaxt bölgünüzü yeniləyin, ya da işləmə sürətinizi artırmağa çalışın. Son olaraq planınızı qurarkən 80-20 qaydasından istifadə etdiyinizdən əmin olun. Məsələn, sabah tamamlamalı olduğunuz 10 fərqli işiniz var. Bu zaman siz 80-20 qaydasından istifadə etsəniz digər 8 işdən daha vacib olan 2 işi ilk sıraya yerləşdirməlisiniz. Beləliklə, günün davamında plandan kənar hallar baş verdikdə ən əsas işlərinizi çoxdan həll etmiş olacaqsınız. Elə məşhur Amerikalı natiq Brian Tracy-nin də dediyi kimi “heç vaxt hər şeyi etmək üçün vaxt olmur amma həmişə ən vacib işləri etmək üçün kifayət qədər vaxt olur.”

Keçək ikinci faktora; İlk dəqiqələrdə də vurğuladığım kimi produktiv olmaq ağıllı işləməyin əsas simvoludur. Bəs planlı hərəkət etməkdən əlavə produktivliyi necə artırmaq olar? Unutmamaq lazımdır ki, produktiv olmaq gün boyu dayanmadan işləmək mənasını vermir. Əksinə belə etdikdə yaranmış yorğunluq produktivliyinizi xeyli aşağı salacaq. Ona görə də, produktivliyinizi artırmaq üçün müəyyən aralıqlarla istirahət etməlisiniz. Az da olsa dincələrək işinizə davam etmək sizə yenilənmiş hiss etdirəcək. Belə olduqda isə həm daha produktiv, həm də daha həvəslə işinizə davam edə biləcəksiniz. Onu da qeyd edim ki, istirahət vaxtlarınızı istər öz seçdiyiniz kimi, istərsə də məşhur pomodoro texnikasından istifadə edərək təyin edə bilərsiniz. Pomodoro texnikası 1980-ci illərdə Francesco Cirillo tərəfindən irəli sürülmüşdür. O, 5 dəqiqəlik fasilələrlə 25 dəqiqə işləməyin produktivliyi maksimum səviyyəyə çıxardığına inanırdı. 4 dəfə 25 dəqiqəni tamamladıqdan sonra isə 15-30 dəqiqəlik daha uzun bir fasilənin məsləhətli olduğunu deyirdi.

3-cü faktor isə diqqətinizi yayındıra biləcək vasitələrdən uzaq durmaqdır. Amerikada aparılan bir araşdırma nəticəsində məlum olub ki, insanlar işdə olduğu vaxtın hardasa yarısından çoxunu işlə əlaqəsiz məsələlərə sərf edir. Aydın məsələdir ki, iş zamanı telefonunuza zənglər, mesajlar və müxtəlif sosyal şəbəkələrdən müxtəlif notifikasiyalar gələ bilər. Bu sayılanların hər biri diqqətinizi asanlıqla yayındıra bilər. Belə hallardan uzaq olmaq üçün iş zamanı telefonunuzu söndürməyiniz məsləhətdir. Sizə gələn zəngləri və mesajları cavablamaq üçün xüsusi vaxt ayırmağınız vacibdir. Unutmayın ki, az əvvəl sadaladığım vasitələr sizə yalnız iş zamanı maneə olmur. Fasilələr zamanı da bunlardan uzaq durmağa çalışın. Çünki danışıqlarınız düşündüyünüzdən uzun ola bilər, sosyal şəbəkələrdə istəmədən çox vaxt keçirə bilərsiniz. Bu isə ümumi günlük planınıza mənfi təsir edə bilər.

Digər önəmli faktor bir işi görərkən əsas hədəfinizin nə olduğunu dəqiq bilməyinizdir. Bunu bilmək də produktivliyinizi artıracaq. Bəzi insanlar bir işi gördükdə hər kiçik detala çox vaxt ayırır. Nəticədə isə həmin işə saatlarla, bəzən də günlərlə vaxt ayırmış olur. Təbii ki, bir işi dəqiqiliklə və mükəmməl bir şəkildə həll etmək çox müsbət bir haldır. Lakin gün ərzində etməli olduğunuz başqa işlər varsa bir işə çox vaxt itirmək sizin üçün yaxşı olmaya bilər. Təbii ki, burada etdiyiniz işin də fərqi var. Yəni əgər müəyyən detallara daha az vaxt sərf etmək ümumi nəticəyə təsir edəcəksə, həmin detallara saatlarla vaxt sərf etməyə dəyər. Lakin deyək ki, prezentasiya hazırlamalısınız, mətniniz artıq hazırdır və edəcəyiniz prezentasiyada sözləriniz vizuallıqdan daha önəmlidir. Belə bir halda slaydlarınızın dizaynına həddindən artıq vaxt itirib, günlük planınızı pozmaq heç də düzgün qərar olmazdı.

Gördüyünüz kimi  bütün bu sayılan faktorların hər birini birləşdirən əsas bir ortaq nöqtə var; vaxtı düzgün istifadə etmək. Yuxarı səviyyə vaxt idarəetmə qabiliyyətinə sahib olmaq ağıllı işləməyin əsas açarı ola bilər. Diqqət etdinizsə, bayaqkı hissələrin hər birində vaxtınızı necə bölməli olduğunuzdan, vaxtınızı boşa xərcləməməkdən və bəhs etdiyim üsullardan istifadə edərək əlavə vaxt qazanmaqdan danışdım. Təbii ki, bu saydıqlarıma bir sıra əlavələr də edilə bilər. Məsələn, müəyyən işi görərkən problemlə qarşılaşdıqda özünüz həll etməyə saatlar sərf etməkdənsə daha təcrübəli birindən kömək almaq sizə vaxt qazandıra bilər. İş zamanı qısa yollardan istifadə etmək də həmçinin. Qısa yollardan istifadə etmək dedikdə isə sui-istifadə halları nəzərdə tutulmur. Məsələn, bayaqkı prezentasiya misalında slaydlarınız üçün hazır bir fon işlətmək qısa yol sayıla bilər. 

Nəticə olaraq onu deyə bilərəm ki, nə çox işləmək nə də sadəcə ağıllı işləmək tək başına sizə uğur gətirməyəcək. Amma ikisini birlikdə edərək karyeranızda və həyatınızda çox yaxşı yerlərə gələ bilərsiniz.