Problemləri ağıllı həll etmək metodu // “5 niyə” metodu

Aydın məsələdir ki, biznes dünyası da daxil olmaqla, həyatımızın hər bir hissəsində müxtəlif problemlərlə qarşılaşırıq. Elə bu səbəbdən də problem həll etmək bacarığının yuxarı səviyyədə olmağı həm şəxsi, həm də iş həyatınızda köməyinizə çata bilər. Hər birimiz gündəlik bəzi kiçik problemlərlə qarşılaşırıq. Amma çox qısa bir müddətdə bu problemi həll edirik və ya həll etdiyimizi düşünürük. Kiçik və asan həll olunan olduğu üçün eyni problemin təkrarlanması bizi narahat etmir. Problemin tez-tez təkrarlanmağı isə  göstərir ki, onun yaranma səbəbini öyrənmək və həll etmək üçün “niyə?” sualını sadəcə bir dəfə verməklə kifayətlənirik. Belə olduqda problemi kökdən həll etmiş olmuruq. Buna görə də eyni problemin dəfələrlə təkrarlanmağı halı müşahidə olunur. Gündəlik kiçik problemlərin təkrarlanmağı sizin müəyyən qədər vaxt itirməyinizə səbəb olsa da  çox böyük ziyanlar vurmur. Lakin iş dünyasında qarşılaşacağınız belə bir hal sizə baha başa gələ bilər. Bu zaman problemin daha dərininə enib onu tamamilə aradan qaldırmaq üçün “5 niyə” texnikasından istifadə edə bilərsiniz.

“5 niyə” texnikası ilk dəfə 1950-ci illərdə Toyota firmasında çalışan sənayə mühəndisi Taiichi Ohno tərəfindən işlədilib. Onun inzibati menecerlik etdiyi zavoddakı mexanizmlərdə tez-tez problem yaranırdı. İşçiləri isə kiçik müdaxilələrlə bu problemi həll edirdi. Lakin bu halın həm produktivlik, həm də maddi cəhətdən şirkətə ziyan vurduğunu görən Taiichi Ohno bu işə müdaxilə etmək qərarına gəlir. O, özündən ilk “niyə?” sualını soruşduqda mexanizmin daxilindəki qoruyucu qutunun həddindən artıq yükləndiyini görür. İkinci sualı isə “qoruyucu qutu niyə həddindən artıq yüklənir?” olur. Beləliklə də əsas səbəbi tapana qədər düz beş dəfə “niyə?” sualının cavabını axtarır. Nəticədə isə əsas problemin mexanizmin bir hissəsində süzgəcin olmaması olduğunu tapır.

İndi isə gəlin “5 niyə” metodunu başqa bir misal üzərində daha ətraflı şəkildə izah edək. İlk olaraq görünən problemin nə olduğunu təyin etməliyik. Bizim üzərində işləyəcəyimiz misalda idarə etdiyimiz şirkətin veb saytının çökməyini üzdəki problem olaraq götürürük. Problemi təyin etdikdən sonra birinci “niyə?” sualını veririk. Cavab isə daimi yaddaşın dolmağıdır. Sonra ikinci dəfə “niyə?” sualını təkrarlayırıq. Lakin bu dəfə sualı verərkən birinci sualın cavabından istifadə edirik. Yəni bu dəfə sualımız “daimi yaddaş niyə dolub?” formasını alır. Aldığımız cavab onu göstərir ki, daimi yaddaş yanlış şəkildə konfiqurasiya edilib. İndi isə bu cavabı istifadə edərək “daimi yaddaş niyə səhv konfiqurasiya edilib?” sualını veririk. Bunun səbəbi isə saytın idarə heyətinin səhv etməyidir. Lakin daha bir “niyə” sualı ortaya çıxır: “saytın idarə heyəti niyə belə bir səhv edib?”. Çünki saytı hazırlayan komanda idarə heyətinə bütün təlimatları aydın şəkildə izah etməyib. Sonuncu, yəni beşinci sual isə saytı hazırlayan komandanın niyə belə bir şey etməyidir. Onlar da belə bir addım atmaqlarının səbəbi olaraq həmin təlimatların yetəri qədər asan və hamı tərəfindən başa düşülən olduğunu düşünmələrini göstəriblər. Ən dərindəki problemi də tapdığımıza görə artıq ikinci hissəyə keçə bilərik.

Bu hissədə hədəfimiz “niyə?” sualını soruşaraq təyin etdiyimiz beş fərqli problemin hər biri üçün ayrılıqda həll yolu tapmaqdır. İlk problem daimi yaddaşın dolmağı idi. Bu problemi kompüter sahəsində məlumatlı olan işçilərin müdaxiləsi ilə qısa müddətdə həll edib saytı istifadəyə qaytara bilərik. İkinci problem yalnış konfiqurasiya ilə əlaqəli idi. Bu halın təkrarlanmamağı üçün də ata biləcəyimiz bir addım var. Hər yeni konfiqurasiyadan sonra saytı test etmək üçün xüsusi bir işçi komandası yarada bilərik. Bununla da əgər hər hansısa problem mövcuddursa sayt istifadəyə verilmədən ortaya çıxara bilərik. Üçüncü problem  isə saytın idarə heyətinin səhv etməyi idi. Bunun qarşısını almağın yolu  admin saytı hazırlayan komandadan təlimatları aldıqdan sonra biliklərini test etməkdir. Test nəticəsindən asılı olaraq onun səhv etməyəcəyindən əmin ola bilərik. Dördüncü problem saytı hazırlayan komandanın dəqiq təlimatlar verməməyi idi. Bu problemi həll etmək üçün daha peşəkar komandayla işləyə bilərsiniz. Lakin bunun əvəzinə hazırda iş birliyi etdiyiniz komandanın inkişafı üçün təlimlər də keçirə bilərsiniz. Son olaraq yenə saytı hazırlayan komandanın təlimatların hamı tərəfindən başa düşülən olduğunu hesab etməyi ilə bağlı problemimiz var idi. Bunu isə sadəcə həmin komanda ilə görüş keçirib daha dəqiq olmalarını tələb edər. Birlikdə nəzər yetirdiyimiz misala baxsaq görərik ki, sadəcə ilk problemin həlli ilə veb sayt yenidən istifadəyə yararlı hala gəlir. Amma saytın idarə heyəti yenə məlumatsız qaldığından və saytı yaradan komandanın onların bütün təlimatları başa düşdüyünü sanmasından ötrü eyni problem dəfələrlə təkrarlanacaqdı. Bu da ən başda dediyim kimi həm produktivlik, həm də maddi cəhətdən ciddi problemlər yarada bilərdi.

Ən başda bəhs etdiyim hadisəyə görə texnika simvolik olaraq “5 niyə” adlandırılsa da burda əsas olan kökdəki problemi tapana qədər “niyə?” sualını təkrarlamaqdır. Sizə bəlkə 3, bəlkə də 7 dəfə bu sualı təkrarlamaq lazım olacaq. İki misaldan da gördüyünüz kimi əsas olan ən dərindəki problemi tapmaqdır. Sonra isə kökdəki problem də daxil olmaqla həmin problemə çatana qədər üzə çıxardığınız bütün problemləri həll etməlisiniz. Beləliklə “5 niyə” texnikasından istifadə etməklə həm şəxsi, həm də iş həyatınızda təkrarlanan bəzi problemləri kökündən həll edərək vaxtınıza qənaət edə bilərsiniz.