loader image
Share on facebook
Share on telegram
Share on twitter
Share on linkedin
Share on whatsapp

SMART (ağıllı) hədəflər nədir və bunu məqsədlərimizə çatmaq üçün necə tətbiq edə bilərik?

Aydın məsələdir ki, hər kəsin müəyyən istəkləri, məqsədləri var və hər birimizin ömrümüz boyu bu məqsədlərə çatmaq üçün yaşadığını desəm bəlkə də yanılmış olmaram. Təbii ki, bir sıra insanlar istəklərinə nail olsalar da, hər kəs uğurlu olub tam istədiyi yerə gəlib çata bilmir. Araşdırmalar onu göstərir ki, insanların hədəflərinə çata bilməməsinin ən böyük səbəbləri plansız hərəkət etmək və ya düzgün plan qurmamaqdır. Uğurlu bir plan qurmaq üçün isə bir sıra məşhur metodlar mövcuddur. Elə həmin metodlardan biri də `SMART hədəflər` adlı metoddur. 

             `SMART hədəflər` terminin yaranması isə iki şəxsin adı ilə əlaqələndirilir. Onlardan biri 1955-ci ildə bu termini işlətidyi deyilən Avstriyalı biznes məsləhətçisi Peter Druckerdır. Digəri isə 1981-ci ildə həmin metodun inkişafında və indiki halına çatmasında böyük rol oynayan George Dorandır. Terminin özünə gəldikdə isə SMART sözünün ingiliscədən tərcüməsi `ağıllı` demək olsa da, SMART sözündəki hər bir hərf bir meyarın simvoludur. Yəni ingiliscə desək, `S` – planın `Specific` (konkret), `M`-`Measurable` (ölçüləbilən), `A`-`Achievable` (əlçatan), `R`- `Relevant` (uyğun), `T`- `Timely` (vaxt limitli) olmasını işarə edir. İndi isə gəlin bu meyarlarla daha yaxından tanış olub hər birinin ayrılıqda nə demək olduğuna baxaq.

             Birinci sırada məqsədinizə çatmaq üçün qoyduğunuz hədəflərin spesifik, konkret olması durur. Unutmamalıyıq ki, hədəflərinizin konkret olmaması motivasiyanızı və produktivliyinizi azalda bilər. Bu etapda diqqət etməli olduğunuz mövzulardan digəri isə hədəflərinizin həqiqətən dəqiq olub olmamasıdır. Məsələn, iş adamısınız və satışlarınızı artırmaq istəyirsiniz. Bu halda `satışları artırmaq` konkret hədəf hesab olunmur. Əgər nəyin satışlarının, neçə müddətdə, nə qədər artırılacağını da vurğulasanız bu artıq spesifik bir hədəf sayıla bilər. Yəni `satışların artırırlması` əvəzinə `X məhsulunun satışlarının il sonuna qədər 10% artırılması` daha dəqiq, daha düzgün bir hədəf olar.

             İkinci isə hədəfinizin `measurable` yəni ölçüləbilən olmasıdır. Hədəfin ölçüləbilən olması dedikdə isə hədəfinizə çatdıqdan sonra nə əldə etdiyinizi bilmək nəzərdə tutulur. Sadə dillə desəm, haradan başlayıb sonda hara gəldiyinizi, aradakı fərqi görə bilməyiniz əsas faktorlardan biridir. Yenə biznes dünyasından misal versəm, ` bu illik reklam xərclərini 15% azalatmaq` nümunə ola bilər.

             Üçüncü sırada hədəfinizin əlçatan olması yer alır. Düzdür, fərqli mənbələrdə `A` başlığının izahının əlçatan əvəzinə “hamı tərəfindən” razılaşılmış, yəni `agreed` olduğu da deyilir. Amma çox hallarda `əlçatan` olması nəzərdə tutulur. Əlçatan dedikdə isə, hədəflərin realistik olması vurğulanır. Yəni əsas məqsədinizə çatmaq üçün qarşınıza qoyduğunuz hədəflər reallığa uyğun olmalıdır. Bu hədəfləri seçərkən potensialınızı nəzərə alıb, çata biləcəyiniz, realistik hədəflər seçməlisiniz. Əks halda çox böyük hədəflər qoyduqdan sonra öhdəsindən gələ bilməmək motivasiyanızı azaldacaq və bəlkə də sizi məqsədinizdən tamamilə uzaqlaşdıracaq. Məsələn, hansısa məhsulun satışlarını artırmağı hədəfləyirsinizsə birbaşa 20%-lik artımı hədəf qoyub işçilərinizə həddindən artıq yüklənməkdənsə, 10%-lik artımı hədəfə qoyub daha uğurlu ola bilərsiniz.     

             Dördüncü addımda isə hədəfiniz `relevant` yəni uyğun olub olmadığına diqqət etməlisiniz. Bu isə hədəfinizin irəlidəki böyük məqsədinizə nə qədər uyğun olub olmadığını düşünməkdir. Məsələn, böyüməyə çalışan bir şirkət təbii olaraq daha çox yatırım etməli, daha çox çalışmalıdır. Bu səbəbdən hədəfi böyümək olan bir şirkətin pula qənaət etmək üçün müəyyən departamentlərdə işçi sayını azaltması əsas məqsədə uyğun bir addım olmaya bilər. 

             Sonuncu yəni beşinci olaraq isə hədəfiniz `timely` olmalıdır. Yəni hədəfiniz seçdiyinizin bir tarixə qədər tamamlanmaq məcburiyyətində olmalıdır. Bir iş üçün son tarix seçmək sizə həmin işi tamamlamaq üçün məcbur hiss etdirəcək və həmin vaxta qədər bitirmək üçün motivasiyanızı artıracaq. Bundan da əlavə vaxt limiti qoymağınız həm hədəfinizin daha spesifik olmasına həm də bayaq vurğuladığım kimi ölçüləbilən olmasına kömək edəcək. Təbii ki, son tarixi seçərkən də bütün faktorları nəzərə alıb həmin vaxta qədər hədəfinizə çata biləcək potensiala sahib olduğunuzdan əmin olmalısınız.

             Son olaraq isə bu videoda haqqında danışdığımız `SMART hədəflər` metodunu qısaca izah etsək belə bir cümlə qura bilərik: `əsas məqsədinizə çatmaq üçün təyin etdiyiniz kiçik hədəflər dəqiq, ölçüləbilən, əlçatan, uyğun və vaxt limitli olmalıdır. `Başda bəhs etdiyim araşdırmaya əsasən, deyə bilərəm ki, bir məqsədə çatmaq üçün həmişə planlı şəkildə hərəkət etmək lazımdır. Planlar isə `ağıllı` yəni SMART şəkildə qurulduqda isə məqsədinizə çatmaq daha da asanlaşmış olacaq.