loader image
Share on facebook
Share on telegram
Share on twitter
Share on linkedin
Share on whatsapp

84 min işçisi olan şirkətin iflası || Bu uğursuzluqdan nələr öyrənə bilərik?

Heç düşünmüsünüz ki, bir şirkətin vaxtı ilə verdiyi kiçik qərarlar həmin müəssisənin gələcəkdəki mövqeyinə necə böyük təsirlər edə bilər? Bir zamanların ən böyük şirkətlərindən olan BlockBuster da vaxtı ilə verilən bir sıra səhv qərarların qurbanı olmuşdu. BlockBuster-ın iflasına gətirən səbəblərdən əvvəl, gəlin, şirkətlə daha yaxından tanış olaq. BlockBuster 1985-ci ildə David Cook tərəfindən qurulmuş, film, video oyun, kaset və DVD-lərinin icarəsi ilə məşğul olan, eyni zamanda dövrünün ən nəhəng, ən uğurlu şirkəktlərindən biri idi. Xüsusilə, 1990-cı illərin sonu və 2000-ci illərin əvvəlində ən parlaq dövrünü keçirən şirkət 2004-cü ildən sonra şiddətli düşüş yaşamağa başladı. 2004-cü ildə 25 fərqli ölkədə 9 000-dən çox mağazaya, 84 000-dən çox işçiyə və 6 milyard dollara yaxın dəyərə sahib olan bu nəhəng şirkətin ən son 2019-cu ildə əldə edilən məlumata görə sadəcə 1 mağazası və 3 işçisi var. Bəs BlockBuster-ı iflasa gətirib çıxaran səbəblər nələr idi?

             Bir çox insan adı keçən şirkətin iflas səbəbi olaraq, Netflix platformasını göstərir, amma gəlin, şirkətin tarixini və verdiyi qərarları araşdıraraq daha dəqiq bir nəticə əldə edək. Bundan tam 23 il əvvəl, 1998-ci ildə Batman, Superman, Harry Potter və sairə kimi yüzlərlə məşhur filmi ərsəyə gətirən Warner Bros şirkəti filmlərinin  DVD-lərini digər mağazalardan əvvəl BlockBuster-da satışa çıxarmağı təklif etmişdi. Amma həmin dövrdəki BlockBuster CEO-su John Antioco insanların hələ çox az hissəsinin DVD işlətdiyini nəzərə alıb, bu böyük təklifi rədd edir və bunun nəticəsində əsas rəqiblərindən biri olan Walmart fürsətdən istifadə edərək həmin DVD-ləri ucuz qiymətə alıb daha ucuz qiymətə də satmışdı. Bəli, daha ucuz qiymətə. Amma onlar DVD-ləri ucuz qiymətə satanda yanında satılan DVD-player və televizorlardan çox böyük gəlirlər əldə etmişdilər. BlockBuster-in bu səhvi həm özlərinə həm də Netflixə çox böyük ziyan vurmuşdu. Bunun üzərinə o vaxt indiki qədər məşhur olmayan Netflix özlərini 50 milyon dollara BlockBuster-a sataraq güclərini birləşdirməyi təklif etmişdi, ancaq John Antioco bu təklifə sadəcə gülüb keçib və Enron adlı bir şirkətlə razılaşaraq özlərinin Netflix bənzəri online DVD icarəsi platformasını yaratmağa çalışırdı. Lakin bu razılaşmadan qısa müddət sonra Enron şirkəti iflas etdi və nəticədə BlockBuster-ın ayırdığı milyonlar da boşa getmiş oldu. 2 il sonra 2002-ci ildə Netflix-in sürətlə inkişaf etdiyini görən BlockBuster yenidən eyni tipli platforma yaratmağa cəhd etdi və bu dəfə uğurlu alındı və beləliklə, qısa müddətdə milyonlarla istifadəçisi oldu. Buna baxmayaraq, bu sürətli artım bir anda dayandı, çünki Netflix online DVD icarəsində daha yaxşı xidmət göstərirdi. BlockBuster isə əlində bir sıra şanslar olmasına rəğmən bunları üstünlüyə çevirə bilmirdi. Məsələn, demək olar ki, Amerikanın 90 faiz əhalisinə yaxın məsafədə mağazası olmasına baxmayaraq, online icarə ilə mağaza satışlarını bir-biri ilə əlaqələndirmirdilər. Daha detallı desək, online icarə sistemindən istifadə edən alıcılar poçt vastəsi ilə göndərilən DVD-ləri elə poçt vasitəsi ilə də geri göndərməli idilər. Halbuki ən yaxın mağazaya yaxınlaşıb geri qaytarmaları insanlar üçün daha uyğun ola bilərdi. Bundan əlavə isə rəqabəti saxlaya bilmək üçün BlockBuster-dan online icarəyə DVD götürənlər, DVD-ni qaytardıqda ikincisini pulsuz əldə edə bilərdilər. Əlavə olaraq da icarəyə götürülmüş məhsulların vaxtında qaytarılması üçün tətbiq olunan cərmələri də ləğv edib fərqli bir üsuldan istifadə edərək alıcıların rəğbətini qazanmışdı. Amma bu dəfə də françayzinq problemləri BlockBuster-in başına bəla oldu. Françayzilərə verilən azadlığa görə onlar qiymətlərdə və cərimələrdə istədikləri qərarı tətbiq edə bilirdilər. Belə olduqda isə insanlar rəğbətinlərini qazanan həmin təklifləri görə bilməyəndə işlər daha da pis hal aldı. Bütün bu olanlardan sonra isə son öldürücü zərbələri şirkətin növbəti CEO-su James Keyes endirdi. O, BlockBuster-i idarə etdiyi dövrdə Netflix-dən gələn növbəti qazanclı təklifi də rədd etdi. Netflix təklif edirdi ki, onlardan icarəyə götürülən DVD-ləri BlockBuster mağazalarında geri qaytarmaq mümkün olsun. Bu təklif həm Netflix-in əlçatanlığını, həm də BlockBuster mağazalarına gediş-gəlişi artıracaqdı ki, bu da BlockBuster-in satışlarına müsbət təsir edəcəkdi. Bundan əlavə isə, James Keyes onlayn icarələr üçün abunəliyin qiymətini qaldırdı və bu da azmış kimi onlaynda birincini icarəyə götürənə, ikincisi pulsuz kompaniyasını  da ləğv etdi.

             Bütün bu hadisələrdən sonra 2010-cu ildə bir zamanlar rəqibi belə olmayan BlockBuster şirkəti rəsmən iflas etdiyini açıqladı və qalan 1700 mağazası Dish Network adlı şirkət tərəfindən alındı. Elə üstündən çox keçmədən 2013-cü ildə Dish Network adı altında işləyən mağazalar da iflasa uğradı və sonuncu şirkətə bağlı mağaza isə 2014-cü ildə bağlandı. Hal-hazırda isə BlockBuster adı altında sadəcə Amerikanın Bend şəhərində françayzi tərəfindən idarə olunan 1 mağaza fəaliyyət göstərir. Bu uğursuzluğun səbəbi isə Netflix və ya başqa şirkətlərdən əlavə, elə BlockBuster idarə heyətinin verdiyi səhv qərarlar silsiləsi idi. BlockBuster şirkətinin izlədiyi startegiyaya baxdıqda görürük ki, atılan addımlar qısa müddətdə onlara xeyli gəlir gətirib. Amma uzun müddətdə qazanc gətirə biləcək “Total Access” kompaniyasını isə yeni CEO-nun gəlişi ilə ləğv etdilər. “Total Access” kompaniyası dedikdə, online şəkildə icarəyə götürülən DVD-lər qaytarıldıqda ikincsini pulsuz əldə etmək şansı nəzərdə tutulurdu. Əlavə olaraq da, françayzilər üzərində söz sahibi ola bilməmələri də BlockBuster qurularkən şirkət qanunları və startegiyalarının dəqiqliklə hazırlanmamasının nəticəsidir. Bütün bunları göz önündə tutaraq bunu əminliklə deyə bilərik ki, hər hansısa bir mövzü haqqında qərar verəndə hər kiçik detalı nəzərə alıb sadəcə qısa müddətdə yox uzun müddətdə hansı nəticələrə varacağımızı düşünməliyik. Əks halda BlockBuster şirkətinə oxşar nəticə əldə etmək qaçınılmaz olar.