Bu videoda danışacağımız mövzu ənənəvi reklamla rəqəmsal reklamın fərqləri olacaq. Eyni zamanda biz, rəqəmsal reklamların ənənəvi reklamlardan üstün cəhətlərinə toxunacağıq. Birinci növbədə, gəlin, ənənəvi reklam və rəqəmsal reklama hansı tip reklamların aid olduğuna baxaq.
Ənənəvi reklama internet dövrünə qədər olan, TV, jurnal, qazet, radio, broşur, açıq hava reklamları və.s daxildir. Rəqəmsal reklamlara isə gündəlik sosial şəbəkədə gördüyümüz reklamlar, müxtəlif saytlarda qarşımıza çıxan reklamları və.s aid edə bilərik.
Bu 2 kateqoriyaya aid olan reklamlar arasında olan fərqlərə baxsaq, birinci növbədə rəqəmsal reklamların ənənəvi reklamlarla müqayisədə daha ucuz olmasıdır. Məsələn siz, Facebook, Youtubda və ya digər bir platformada öz məhsul və ya xidmətinizi kiçik bir bücə ilə geniş bir kütləyə çatdıra bilərsiniz.
Rəqəmsal reklamların digər bir üstün cəhəti isə, ənənəvi reklamlardan fərqli olaraq, bu reklam növünün ölçülə bilən olmasıdır. Məsələn, biz, rəqəmsal platformada reklam yerləşdirdikdə, sonda həmin reklam üzərindən nə qədər satış edə bildiyimizi, yaxud, nə qədər insanın bu reklama baxdığını və.s görə bilirik. Başqa sözlə desək, yerləşdirdiyimiz reklamın ROİ-sini ölçə bilirik. Burda ROİ dedikdə, ingiliscədən, Return on investment, yəni qoyulan investisyadan nə qədər qazanc, fayda əldə etdiyimiz anlaşılır. Bu anlayışın rahat başa düşülməsi üçün, belə bir misala baxaq. Tutaq ki, bir satış məqsədli reklam üçün ayrılan büdcə 100 manat və həmin reklam üzərindən olan satış mənfəəti isə 500 manat olub, bu halda, ROİ, 500/100, yəni 5 olur. Burda ROİ-ni bilərək digər növ reklamlar edərkən, həmin reklamarın ROİ-sini nəzərə alaraq bizim üçün ən effektiv reklamları təyin etmiş oluruq. Digər tərəfdən, ənənəvi reklamlarda ROİ-ni müəyyən etmək çətin olur, başqa deyişlə, ənənəvi reklamları ölçmək daha qəliz olmuş olur.
Bundan başqa, rəqəmsal reklamın digər bir üstünlüyü kimi onu demək olar ki, bu reklamlar interaktiv olur. Misal üçün, bir şirkət öz məhsulu haqda sosial şəbəkədə reklam yerləşdirdikdə, potensial müştərilər həmin reklama reaksiya bildirə, rəy yaza bilirlər. Bu da özü -özlüyündə müştəriləri dinləyərək satışları artıran bir amildir. Başqa tərəfdən isə ənənəvi reklamlar interaktiv olmur. Tutaq ki, TV-də gördüyümüz film arasında olan reklamları izləyicilər passiv olaraq izləyirlər, heç bir reaksiya və ya rəy bildirə bilmirlər.
Rəqəmsal reklamları ənənəvi reklamlardan daha cəlbedici edən bir nüans da, bu reklam tipinin analitikalarının olmasıdır. Bunu sadə dillə belə izah edə bilərik ki, tutaq ki, siz instagram üzərindən satışını etdiyiniz kitabları reklam etmək istəyirsiniz və bu kompaniya üçün ayırdığınız büdcə isə 60 manatdır. Bu zaman siz düşünürsüz ki, 60 manatı yalnız bir növ reklam tipinə qoymayasınız. Bunun əvəzinə 3 reklam növü hazırlayıb hərəsinə 20 manat büdcə yatırıb, daha sonra da, analitikada hansı reklamın daha effektiv olduğunu izləyə bilərsiniz. Deyək ki, bu reklam növləri A, B və C -dir və siz bir-neçə saatdan sonra müşahidə edirsiz ki, A və B reklam kampaniyalarının effektivliyi çox aşağıdır və beləliklə, siz A və B reklamlarını dayandıraraq, investisya gücünüzü C reklamına verirsiniz. Belə analizlər də rəqəmsal reklamlarda analitikanın bizə verdiyi əlavə 1 üstünlükdür. Ümumi olaraq qeyd edək ki, hər bir rəqəmsal reklam platformasının öz analitikası var. Məsələn, Google-da olan reklamların öz, Facebookda olan reklamların özünün, digər rəqəmsal platformalarının isə öz analitikası mövcuddur.
Sadaladığımız üstün cəhətlərə əlavə olaraq, demək olar ki, rəqəmsal reklamlarda “remarketing ” funksiyasının olmasıdır. Bəs, remarketing nədir və bu reklam verənə nə cür faydalar gətirir? Gəlin bu anlayışı gündəlik qarşılaşdığımız reklamlar üzərindən izah edək. Tutaq ki, siz, instagramda dostlarınızın hekayələrinə baxırsınız, bir hekayədən digərinə keçid edən zaman isə sizin qarşınıza kofe reklamı çıxır və elə həmin ərəfələrdə siz də kofe axtardığınıza görə bu reklamı klikləyirsiniz. Beləliklə, həmin kofe satışı edən şirkətin saytına daxil olduqdan bir müddət sonra həmin saytı tərk edirsiniz. Sonralar isə bu məhsulu almağı unudursunuz. Sabahsı gün isə, Facebooka və ya digər başqa bir sayta daxil olanda sizin qarşınıza həmin baxdığınız kofe məhsulu çıxır.
Yəqin ki, bu vəziyyət çoxlarımızın başına gəlib. Gördüyümüz keysdə kofenin bizim qarşımıza reklam olaraq yenidən çıxması remarketing adlanır. Bu da rəqəmsal reklamları daha effektiv edir, belə ki, məhsulla maraqlanan şəxsin qarşısına həmin reklam yenidən çıxır, eyni zamanda, bu reklamla maraqlanmayan insanların qarşısına isə daha az çıxır. Bu da nəticə olaraq reklam bücəsinin səmərəli istifadəsinə gətirib çıxarır. Müqayisə olaraq, ənənəvi reklamlarda isə belə imkanlar yoxdur.
Ümumi götürdükdə, rəqəmsal platformaların ənənəvi reklam kanalları ilə müqayisədə daha ucuz və effektiv olması bütün biznes sektorlarına eyni səviyyədə yararlı olacağı anlamına gəlmir. Optimal yanaşma isə şirkətlər öz məhslunu, hədəf kütləsini tanıyaraq, həmin məhsul üçün düzgün reklam kanallarını seçib, ənənəvi və rəqəmsal reklam kanallarının kombinasiyasından istifadə etməsidir. Məsələn, sadə olaraq, interyer dizayn şirkəti həm instagram üzərindən reklam verə bilər, həm də ənənəvi vasitələrdən biri olan katoloqlar istifadə edə bilər. Təbii ki, burda əlavə reklam yollarını da əlavə etmək olar.
Əlavə olaraq, bir məqamı da vurğulamaq lazımdır ki, video gedşində adını çəkdiyimiz: TV, qəzet, kataloq, instagram, feysbuk kimi platformalar bizim reklam verə biləcəyimiz kommunikasiya kanallarıdır və nümunə olaraq bir marka üçün ən effektiv kommunikasiya kanalı TikTok ola bilər, digər marka isə onun reklamının Tiktokda ödənişsiz yerləşməsinə belə razı olmaya bilər. Başqa sözlə, doğru reklam kanalını təyin edən zaman həmin markanın hədəf kütləsinin orda olub-olmaması ilə yanaşı eyni zamanda markaya uyğunluq, imic və ya digər emosional faktorlar da nəzərə alınmalıdır.