Ryanair təyyarə biletlərinin ucuz olmasına necə nail olur?

Sizcə, heç 1 təyyarə bileti qiymətinin bəzi vaxtlarda bizim pulla  desək 10 manata olduğuna inanarsınızmı? 

Bəli, belə ucuz qiymətlərə avropadaxili aviabiletlər təklif edən şirkət var və bu şirkətin adı isə Ryanair hava yollarıdır.

Ryanair şirkəti 1984-cü ildə əsası qoyulmuş İrland Hava yolu şirkətidir.

Şirkəti digər əksər hava yolları şirkətindən fərqləndirən əsas xüsusiyyət isə qiymətlərin çox sərfəli olmasıdır. Sərfəli dedikdə isə az qala Avropadakı taksi qiymətinə bərabər olması nəzərdə tutulur. Hətta bəzi vaxtlarda taksi qiymətləri belə o qədər ucuz olmur.

Bəs necə olur ki, Ryanair-in təyyarə biletləri bu qədər ucuz olur?

Ümumiyyətlə, Avropa ilə Amerikanı müqayisə etsək görərik ki, Amerikadakı aşağı büdcəli uçuş biletlərinin qiyməti Avropadakı biletlərin qiymətindən ortalama olaraq 10-20 faiz daha bahadır.

Avropadakı belə uyğun büdcəli uçuş biletlərinin qiymətləri ümumiyyətlə “normal uçuş qiymətləri”-indən 30-40 faiz ucuz olur. Hətta bəzi hallarda 10 avrodan aşağı qiymətə belə bilet tapmaq mümkündür.

Bəs şirkətlər belə aşağı qiymətlərə necə nail olurlar?

Bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, bu şirkət digər əksər şirkətlərdən fərqli olaraq, sərnişinlər üçün bəzi özəllikləri özündə əks etdirmir. Məsələn, siz heç vaxt Ryanair təyyarəsinin oturacağının arxasında balaca televizoru görməyəcəksiniz. Beləliklə, bu hava yolu şirkəti bəzi məsrəflərdən özünü qurtararaq xərclərini azaltmağı bacarır. Buna bir digər misal kimi elə oturacaqların arxaya qatlanmamasını göstərmək olar. Daha ucuz olan bu oturacaqların arxasında ciblər də olmadığından hava yolu şirkəti uçuşlardan sonra oturacaqların təmizliyi üçün çəkilən xərcləri bir qədər də azaldır. Sadaladığımız bu xüsusiyyətlər sayəsində Ryanair və onun kimi şirkətlər əvvəl də vurğuladığımız kimi xərclərini maksimum azaldırlar.

Ümumiyyətlə, bu dediklərimiz bizə kiçik bir şey kimi görünsə də hava yolu şirkətləri üçün böyük məna kəsb edir. Məsələn, məşhur hava yolu şirkətlərindən biri sadəcə sənişlərə təqdim etdiyi zeytunları menyudan çıxardaraq bir ildə 40 min dollara yaxın pula qənaət etmişdi.

Ucuz uçuş biletlərinin bir digər səbəbi kimi şirkətin işçilərin treyninqi üçün daha az pul xərcləməsini göstərmək olar. Məsələn, Ryanair yalnız bir tip təyyarədən istifadə edir-Boeing 737. Bunun da nəticəsi olaraq şirkət yeni işə daxil olan pilotların, təyyarələrin baxımını həyat keçirən mexaniklərin digər təyyarləri idarə etmək üçün treyninq xərclərini çəkmir. Misal üçün, digər hava yolu şirkətləri bir neçə növ müxtəlif təyyarələrdən istifadə edir. Və işçilərin bu təyyarələrin idarəsinin öyrədilməsi üçün daha çox xərc çəkir. Lakin bunun əksi olaraq Ryanair bir tip təyyarədən istifadə edərək yarana biləcək əlavə xərclərin qarşısını almış olur.

3-cü səbəb təyyarədə təqdim olunan heç bir şeyin pulsuz olmamasıdır. Məsələn, normal bahalı hava yolu şirkətlərindən istifadə zamanı sərnişinlərə pulsuz şəkildə su, şirniyyat və ya başqa yeyəcəklər təqdim olunursa Ryanair-də belə deyil. Siz təyyarə içində almaq istədiyiniz əksər şeylər üçün əlavə ödəniş etməli olacaqsanız. Həmin bu təyyarə içi xidmətləri pulsuz göstərməyən Ryainair şirkəti həm bu xidmətlərə əlavə xərc çəkməmiş olur, həm də onları sərnişinlərə daha baha xidmətə satmaqla əksinə gəlir əldə etmiş olur. 

Bu şirkətin bir digər  strategiyası da karyerasına yeni başlayan insanları işə götürməsidir. Bunun da bir neçə səbəbi var. Birincisi, yeni karyera quran şəxslərin təcrübəli işçilərlə müqayisə də daha az maaş tələbinin olmasıdır. İkinci səbəb isə, yeni karyerasına başlayanların təcrübələrinin az olmasından digər hava yollarına müraciət etməməsi və yüksək maaş əvəzinə şirkətin verdiyi maaşla razılaşmasıdır.

Ucuz biletlərin digər bir səbəbi isə Ryanair-in əksər zaman böyük aeroportlara eniş etməməsidir və ya çalışdıqları qədər bunu azaltmağa çalışmasıdır. Böyük aeroportlarda hava yolu şirkətləri üçün təyyaralərin dayanmasına alınan pul ikinci dərəcəli aeroportlardan daha baha olur. Elə buna görə də Ryanair bacardığı qədər ikinci dərəcəli hava limanlarına eniş edir. Beləliklə, şirkət yenə xərclərini azaltmağa nail olur. Əslində bəzi aeroportların ucuz qiymətə hava yolu şirkəti ilə razılaşmasının da öz səbəbləri var. Misal üçün, belə ikinci dərəcəli aeroportlar öz xərclərini qarşılamaq üçün daim Ryanair kimi hava yolu şirkətləri ilə razılığa gəlirlər. Bunun da nəticəsi olaraq həm hava yolu şirkəti təyyarələrin yer haqqı üçün az pul ödəmiş olur həm də hava limanı öz xərclərini qarşılamış olur.

Məsələn, Ryanair təyyarələri Parisdəki hava limanlarına enməməyə çalışır. Bunun əvəzinə Parisin təxminən 80 kilometr şimalındakı ikinci dərəcəli hava limanlarına eniş edir.

Əlavə olaraq demək olar ki, bu şirkət , təyyarə salonunda oturacaqlar arasında olan məsafələrin mümükün qədər az olmasına çalışıblar.Bu da digər şirkətlərlə müqayisədə daha çox sərnişin qəbuletmə anlamına gəlir. 

Yekunda onu demək olar ki, bəzilərinə görə heç yanacaq xərclərini belə qarşılamayan Ryanair təyyarə biletlərinin qiymətləri, əslində az öncə vurğuladığımız strategiyalara görə daha ucuz olur. Belə strategiyalara ingilis dilində “cost saving strategy” və ya “low-cost strategy” deyilir. Ryanair nümunəsi bizə belə strategiyaların şirkət üçün nə qədər mahiyyət kəsb etdiyinin əyani göstəricisidir. Belə ki, bu hava yolu şirkəti nəinki yanacaq qiymətlərini qarşılayır hətta 2019/2020-ci il üçün 649 milyon avro mənfəət də əldə etmişdir. 2020-ci ilin sonu üçün gözləntiləri isə 1 milyard avro olmuşdu.