loader image
Share on facebook
Share on telegram
Share on twitter
Share on linkedin
Share on whatsapp

100 Dollar borc ilə qurulan nəhəng şirkət || UPS şirkəti

United Parcel Service və ya qısaca UPS qlobal fəaliyyət göstərən ən böyük daşıma şirkətlərindən biridir. Bəs 20-ci əsrin əvvəllərində fəaliyyətinə başlayan UPS necə oldu ki, Amerika Birləşmiş Ştatlarının, sonralar isə dünyanın ən böyük çatdırılma şirkətlərindən birinə çevirildi?

UPS-in tarixi 20-ci əsrin əvvəllərinə, 1907-ci ilə gedib çıxır. Ancaq ilk əvvəllər şirkətin adı UPS deyil “American Messenger Company” idi və 19 yaşlı James Casey və digər yeniyetmə Claude Ryan tərəfindən qurulmuşdu. Şirkətin qurulması üçün istifadə etdikləri 100 dolları isə borc almışdılar. İlk əvvəllər onlar piyada və ya velosiped vasitəsi ilə sənəd, məktub çatdırılmasını həyata keçirdirdilər. Lakin həmin dövrdə onlar ən çox telegramların çatdırılmasını yerinə yetirirdilər, çünki əksər insanların telefonu yox idi. 1912-ci ildə işləri uğurlu olan şirkət ikinci ofisini açdı. Növbəti il onlar lokal rəqibləri ilə birləşərək, ilk yük maşınlarını aldılar. Elə həmin vaxtdan onlar yük maşınını hal-hazırda şirkətin simvolu olan qəhvəyi rəngə boyamışdılar. Bunun səbəbi isə maşının palçıqdan kirlənməsini az da olsa gizlətmək idi. Həmin vaxtlar şirkət əsasən mağazalardan malların daşınmasına fokuslandığı üçün onun qurucuları adını dəyişdirməyi qərara aldılar. Şirkətin adını isə “Merchants Parcel Delivery”, yəni Mağazalardan Bağlama Daşınması qoymuşdular.

1917-ci ildə şirkətin təsisçilərindən olan Ryan şirkəti tərk etdi. Bundan sonra James Casey biznesi daha da genişləndirməyə başladı. Beləliklə, onlar ilk dəfə Oakland, California-da fəaliyyət göstərməyə başladı. Elə həmin vaxt şirkət ilk dəfə “United Parcel Service”, qısaca UPS adını götürdü. Artıq 1930-cu ilə kimi UPS ABŞ-ın bütün qərb hissəsində fəaliyyət  göstərirdi.

1950-ci illərə kimi işləri uğurla davam edən şirkət 50-ci illərdə əsaslı bir problemlə qarşılaşmışdı. Problem isə  mağazaların artıq öz avtomobilləri vasitəsi ilə malları çatdırmağa başlaması idi. Belə ki, həmin vaxta kimi insanlar avtomobillərdən az istifadə etdiyindən  çatdırılmaları UPS həyata keçirirdi. 

Buna görə də 1953-cü ildə şirkət mağazalara yox, xalqa olan çatdırılma xidmətini genişləndirməyə başladı.

İnsanlar üçün bağlama daşımalarını həyata keçirən UPS-in əsas rəqibi isə Amerika Poçt Xidməti qısaca USPS idi. 1975-ci ilə kimi şirkət ABŞ-ın 48 ştatında fəaliyyət göstərirdi. Bununla yanaşı, UPS artıq qlobal bir şirkətə çevrilərək, Kanadada xidmət göstərməyə başlamışdı. Şirkətin ən böyük uğuru isə ilk dəfə 1953-cü ildə davamlı hava daşınmasını həyata keçirməsi idi. UPS həmçinin sürətli hava daşınması etdiyindən 1988-ci ildə UPS Airlines yəni UPS Havayolları kimi də fəaliyyət göstərirdi.

Şirkətin ən böyük karqo şirkətlərindən olmasının ən əsas səbəbi isə yeni innovasiyaların tətbiq edilməsi idi.

Məsələn, UPS ilk dəfə olaraq müştərilərin bağlamalarını avtomatik şəkildə hazırlayan sistemdən istifadə etmişdi.

Bundan əlavə UPS karqo daşıması həyata keçirən və özəl havayolu şirkətindən istifadə edən ilk karqo şirkəti idi.

Hətta UPS  karqo maşınlarının sola dönmələrini və qırmızı işıqda dayanmasını azaltmaq üçün xüsusi tətbiq hazırlayıb sürücülərin istifadəsinə vermişdi.

Amma sola dönmələrin sayını məhdudlaşdırmaq yalnız qırmızı işıqda dayanmanı azaltmaq üçün deyildi.

Ümumiyyətlə, sürücülərin yolayrıcında sola dönməsi sağa dönməkdən daha çox vaxt alırdı. Və sola dönən karqo maşınları bağlamaları adreslərə çatdırmaq üçün daha uzun yol qət etdiklərindən daha çox vaxt itirirdilər. Bəlkə də sağa dönməyin vaxta qənaət olması qəribə səslənir. Lakin bu, gündə ən azı 120 dəfə dayanan və 120 müxtəlif adresə bağlama çatdıran karqo sürücülərinin həqiqətən də vaxtına qənaət edirdi. Loru dildə desək, tutaq ki, bir UPS sürücüsü bir gün ərzində 100 ünvana bağlama çatdırmalıdır. Bu zaman sistem elə qurulur ki, həmin sürücü bağlamaları çatdırarkən maksimum səviyyədə sağa dönmələrdən istifadə etsin. Başqa deyişlə, sola dönmələr minimumlaşdırılsın.

Yalnız bu strategiyanın müsbət tərəfləri bununla da bitmirdi. Karqo maşınları vaxta qənaət edərək və adreslərə ən qısa trayektoriyadan hərəkət etdiklərindən ildə 300-400 milyon dollar dəyərində yanacağa qənaət edirlər. Qeyd etmək lazımdır ki, UPS karqo maşınları sola dönməyi azaltmağa 1970-ci illərdən başlamışdılar.

Yekunda onu demək olar ki,  UPS-in uğurunun əsas səbəbi bəlkə də hələ ilk vaxtlardan ağıllı strategiyalardan və innovasiyalardan istifadə etməsi idi. Bu da, indiki bizneslər üçün innovasiyaların, vaxta qənaətin və düşünülmüş strategiyaların nə qədər önəmli olduğunu göstərir. UPS misalı həm də bizə göstərir ki, başlamaq üçün heç də mükəmməl olmaq lazım deyil, lakin mükəmməl olmaq üçün başlamaq lazımdır.