İlon Mask dünyanın ən varlı insanına necə çevrildi? || İlon Maskın uğur hekayəsi

Yəqin ki, çoxumuz İlon Maskı elektrik avtomobilləri istehsal edən Tesla və ya bu yaxınlarda Beynəlxalq Kosmik Stansiyaya insan göndərən özəl şirkət olan SpaceX-dən tanıyır. İlon Mask həm də dünyanın  ən varlı insanlarından biridir. Hətta son günlərin məlumatlarına görə birincisidir. Bəs İlon Mask dünyanın ən varlı insanına necə çevrildi?

İlon Mask Cənubi Afrika doğumlu amerikanlı iş adamıdır. Və 28 iyun 1971-ci ildə Cənubi Afrika Respublikasının Pretoriya şəhərində anadan olub. O uşaq vaxtlarında ixtiralarla bağlı daim xəyallar qururdu. 

Hələ uşaq yaşlarından kompüter proqramlaşdırması öyrənərək 12 yaşında ilk oyununu 500 dollara satmışdı.

Sonra  o, 17 yaşında, 1989-cu ildə Queen’s Universitetində oxumaq üçün Kanadaya köçmüşdü. Mask elə həmin il Kanada vətəndaşlığını aldı. O həmçinin bu yolla daha tez və asan şəkildə Amerika vətəndaşlığını almağı düşünürdü.

Sonralar İlon Amerika Birləşmiş Ştatlarında Pensilvaniya Universitetində təhsilini davam etdirdi. Bundan sonra o Standford Universitetində oxusa da təhsilini yarımçıq qoydu və 1995-ci ildə  ilk şirkəti olan “Zip2 Corporation”-adlı şirkəti qurdu. Zip2 kiçik yerli bizneslər haqqında onlayn şəkildə məlumat və xəritədə yerlərini göstərirdi. İnternetin də geniş yayılması ilə dəyəri daha da artan Zip2 sonralar 307 milyon dollara Compaq Computers şirkətinə satıldı. Zip2 satılana qədər isə Elon Mask kirayə götürdüyü balaca bir ofisdə yaşayırdı.

Lakin onun  ilk uğurları bununla bitmirdi. 1999-cu ildə Zip2-şirkətinin  satılmasından əldə olunan gəlirin 10 milyon dollarına İlon Mask X.com-u qurdu. Bu isə sonralar hamımızın tanıdığı ən məşhur ödəmə sistemlərindən olan PayPala çevrildi.

2002-ci ildə isə İlon Mask ilk milyardını qazanmışdı. Belə ki, Ebay.com Paypalı 1.5 milyard dollara satın aldı. Beləliklə, 31 yaşında İlon artıq milyarder olmuşdu. Onun davam edən uğurlarının səbəblərindən biri də əldə etdiyi pulları yenidən investisiya etməsi idi. 

Bir dönəm sonra, Elon Mask gəlirlərini 2003-cü ildə qurulan və həmtəsisçisi olduğu Tesla Motors şirkətinə yatırmışdı. O həmçinin şirkətin məhsullarının inkişafına, mühəndisliyinə və dizaynına nəzarət edirdi. Tesla şirkəti çətin vaxtlar keçirsə də, daim innovativ üstünlükləri olduğundan bazarda öz payını qoruya bilmişdi. Artıq 2008-ci ilin avqustunda Tesla şirkəti Model S adlı ilk elektrik sedanını satışa çıxartmışdı. Avtomobilin üstünlükləri və bazar qiymətinin çox da yüksək olmaması, şirkətin ən böyük uğurlarından biri idi və Model S 2013-cü ildə ilin avtomobili seçilir. Ancaq İlon indiyə kimi əldə etdiyi uğurlarla kifayətlənməmişdi. Əvvəl də dediyimiz kimi o, daimi innovativ fikirlərini gerçəkləşdirmək üçün gəlirlərini yenidən investisiya edirdi. 

Daim kosmik nəqliyyat vasitələrinə, ümumiyyətlə astronomiyaya marağı olan İlon Mask hələ Paypalın satılmasından əvvəl Marsa bitki və heyvan göndərmək kimi bir ideyası var idi. Elə Paypal-ın satışından əldə etdiyi gəlirlər ilə 2002-ci ildə 3-cü şirkəti olan Space Exploration Technologies və ya qısaca desək SpaceX şirkətinin əsasını qoydu. 2008-ci ilə kimi artıq SpaceX özünü doğrultmuş bir şirkət idi. 2012-ci ildə SpaceX ilk dəfə Beynəlxalq Kosmik Stansiyaya insansız şəkildə təchizat göndərən özəl şirkət kimi tarixə düşdü. İlonun innovativ düşüncələrinin kosmik sahədə dəyərini nə qədər vurğulasaq azdır. Onun təşəbbüsü ildə SpaceX ilk dəfə yenidən istifadə edilə bilən roket sisteminə keçmişdi. İlonun bu uğuru da öz növbəsində kosmik səyahətin həm xərclərini azaltmışdı, həm də mümkünlüyünü artırmışdı. Çünki elə 2002-ci ildə SpaceX qurulanda onun əsas məqsədi insanların kosmik səyahət etməsindən gəlir əldə etmək idi. Həmin dövrdə bu fikir bəlkə də gülünc səslənsə də İlon daim xəyallarına doğru inamla addımlayırdı və artıq kosmik səyahətlərin müzakirə mövzusu onun şirkətinin sayəsində daha da aktual bir məsələyə çevrildi. İlonun uzunmüddətli məqsədi isə Marsı insanlar üçün yaşanıla bilən bir mühitə çevirməkdir.

Özünəməxsus ideyaları tükənməyən İlonun bir digər fikri də evləri günəş panelləri vasitəsi ilə elektrikləşdirmək idi. Məqsəd isə yalnız günəş enerjisindən istifadə edən yaşayış massivləri qurmaq idi. Ona görə də, 2006-ci ildə Elon Mask gəlirlərinin bir hissəsini əmisi uşaqlarına SolarCity-ni qurmaq üçün vermişdi. Kifayət qədər perspektivli olan SolarCity layihəsini  Tesla şirkəti 2016-ci ildə 2.6 milyard dollara aldı. 

İlonun növbəti hədəfi nəqliyyat sıxlığını aradan qaldırmaq olduğundan 2017-ci ildə “The Boring Company” layihəsinə start verdi. 2019-cu ilin bu şirkət Las Veqas Konqresi ilə 48.7 milyon dollarlıq bir layihəyə imza atdı. Məqsəd isə burada yaşayan insanlara xidmət göstərəcək yeraltı nəqliyyat sistemi qurmaq idi. The Boring Company-nin tunel qazıntıları və testlərin aparılması indi də davam etdirilir.

İlon Maskın ən maraqlı investisiyalarından biri də süni intellekt sahəsindədir. O, 2015-ci ildə qazanc məqsədli olmayan OpenAİ adlı təşkilatı təsis etdi. İlon Maskın OpenAİ-ı qurmaqda məqsədi inkişaf edən süni intellekti bəşəriyyətin xeyrinə yönəltmək idi. Mask 2018-ci ildə şirkətin idarə heyətindən ayrılsa da, investorlardan biri olaraq qalır. Layihə kifayət qədər uğurlu olduğundan 2019-cu ildə Microsoft şirkəti tərəfindən 1 milyard dollar investisiya almışdı. Əslində İlon süni zəkanı insanlıq üçün ən böyük təhlükə olaraq görür. Elə OpenAİ qurmaqda məqsəd də süni zəkanı insanlığın xeyrinə istifadə etməkdir.

Bundan bir neçə il əvvəl çoxumuzun elmi-fantastika filmlərində gördüyü beynimizə taxılan mikro çiplər artıq İlonun qurduğu Neuralink sayəsində bir reallıqdı. 2017-ci ildə Mask insan beyninə çip taxa bilmək ideyasını reallaşdırmaq üçün Neuralinki təsis etmişdi. Burda onun əsas məqsədi ilk növbədə beynində qüsur olan insanlara yardım etmək idi. Xüsusəndə alzheimer, beyin funksiyalarının itirilməsi, onurğa beyninin zədələnməsi ilə yaranan xəstəlikləri aradan qaldırmaq üçün. 2019-cu ildə şirkət böyük irəliləyiş qət etdi. Belə ki, artıq həmin mikro-çiplər bluetooth vasitəsi ilə smartfonlara qoşula bilirdi.

İlon Maskın uğur hekayəsindən belə bir nəticə çıxarmaq olar ki, bir çox işə investisiya etmək bir çox sahədə inkişaf etmək həqiqətən də mümkündür. Digər önəmli məqam isə İlonun öz ideyaları üzərində daim davamlı olaraq çalışmasıdır. İlon Maskın uğuru vaxt alsa da, bizim də istəklərimizə davamlı olaraq çalışaraq çata biləcəyimizin bariz nümünəsidir.