Niyə təyyarə bileti fərqli vaxtlarda müxtəlif qiymətlərdə olur? || Qiymət ayrı-seçkiliyi

Heç olubmu ki, təyyarə biletini bir neçə ay qabaq satın alanda qiymət dəfələrlə ucuz olub? Və ya heç rastlaşmısınızmı ki, bəzi mağazalarda tələbələr üçün müəyyən endirim olsun? 

Halbuki, əgər həmin aviabileti uçuşa sayılı günlər qalmış satın alsaydıq, əvvəlki qiymətdən qat-qat baha olardı. Digər misalda, tələbə yox da, adi bir insan həmin mağazadan alış-veriş edirsə, ona heç bir güzəşt və ya endirim tətbiq olunmur.

Bu videoda danışacağımız mövzu biznesdə geniş yayılmış, eyni məhsul və xidmət üçün müxtəlif qrup insanlara, müxtəlif zamanlarda, fərqli miqdara görə ayrı-ayrı qiymətlərin təyin olunmasıdır. İqtisadiyyatda “qiymət ayrı- seçkiliyi” adı altında olan bu yanaşma bir satış strategiyasıdır. İlkin təəssürat olaraq, bu termin bir çox insan üçün müsbət səslənməyə bilər. Əslində isə, qiymət ayrı-seçkiliyinin öz müsbət və mənfi tərəfləri var. Gəlin, indi qiymət ayrı-seçkiliyinə aid bəzi misallara və onların müsbət və mənfi tərəflərinə toxunaq.

Mİsal üçün, təbii monopoliyada olan işıq, qaz, su təhcizatında bu strategiya geniş istifadə olunur. Misal üçün, müəyyən bir limitə qədər daha az tariflə hesablanır, sərfiyyat artdıqca isə, tarif də artır. Bu vəziyyətdə qiymət ayrı-seçkiliyi insanlar tərəfindən istifadə olunan miqdara görədir. Bu halda insanlar qənaətcil  istifadə etməyə çalışırlar, bu isə özlüyündə səmərəlilik gətirir. Bildiyimiz kimi, enerji qaynaqlarının çoxusunun tükənən olduğunu bilərək, bu resursları insanların qənaətlə istifadə etməsi həm insanlara, həm dövlətə səmərəlilik gətirir.

Avropada bəzi universitelər var ki, ailə gəlirləri aşağı olan tələbələr həmin universitetlərdə ödənişsiz təhsil ala bilirlər. Hətta elə olur ki, baxmayaraq ki, tələbə xarici vətəndaşdır, ailə gəlirlərinin aşağı olduğu üçün həmin tələbə ödənişsiz təhsil ala bilir, digər tərəfdən isə öz vətəndaşı yüksək gəlirili ailədən olduğuna görə ödənişli təhsil almağa məcbur olur. Bu hal isə ümumi cəmiyyət üçün yararlı olur. Yəni maddi vəziyyətindən asılı olmadan hər bir tələbə təhsil ala bilir. Ssenariyə, əks nöqtədən baxsaq, əgər həmin xarici və ya yerli tələbə, fərq etməz, ailə gəlirinin aşağı olması üzündən, potenisialı olduğu halda kənarda qalacaqdı. Beləliklə isə, uduzan həm maddi durumu üzündən təhsil ala bilməyən həmin tələbələr, həm də o potensiallardan yararlana biləcək amma yaralana bilməyən cəmiyyət və ya dövlət  olacaq. Bu universitet misalından da gördük ki, qiymət-ayrı seçkiliyi ümumi fayda gətirdi.

Bəs, qiymət ayrı-seçkiliyinin mənfi tərəfləri nələr ola bilər?

Məsələn, təyyarə bilet qiymətinin  müəyyən zamanlarda yüksək olması həmin vaxta alış edən qrup insanlar üçün bahalı ola bilər.

Qeyd edək ki, qiymət-ayrı seçkiliyi müəyyən normalar çərçivəsində tətbiq edilərsə, ümumi iqtisadiyyat və rifah üçün faydalı ola bilər.

GSK adlı bir dərman şirkəti, combivir adlı dərmanı təxminən Avropada və Amerikada 12 -13 dollara satışa təqdim etdiyi halda, Afrikada isə bu rəqəm qat-qat aşağı, yəni 50 cent idi. Belə qiymət təyinetmə isə  açıq-aşkar qiymət ayrı-seçkiliyi idi. Bəs buna nə səbəb olmuşdu? Birinci səbəb odur ki, humanitar məqsədlərlə bu addımı atmışdı, ikinci səbəb isə Afrika bazarına çıxmağın yeganə ortlama qiyməti bu idi, beləliklə, şirkət də öz gəlirlərini artırmış olurdu. Çünki, Afrikada həyat səviyyəsi və valyutaların alıcılıq qabiliyyəti aşağıdır.

Bu vəziyyətdə isə, həmin dərman şirkətinin qarşılaşdığı bir problem var idi: O da dərman qaçaqmalçıları. Qaçaqmalçılar bunu fürsət bilərək, Afrikada həmin dərmanları alıb Avropada daha yuxarı qiymətə satmağa çalışırdılar.

Yekun olaraq, gördüyümüz kimi, qiymət ayrı-seçkiliyi həm müsbət həm də mənfi tərəfləri özündə birləşdirir. Önəmli olan isə budur ki, bu yanaşmanı doğru əhali qrupuna, doğru zamanda və doğru məhsulda etmək lazımdır. Bu halda isə həm şirkətlər, həm də insanlar faydalı çıxmış olar.