Bəzi bizneslər özlərini necə asılı vəziyyətə salır?

Bir şirkət təsəvvür edin və həmin şirkətin kifayət qədər gündəlik dövriyyəsi olduğunu düşünün. Şirkətin sövdələşməsi isə nağdsiz qaydada, yəni bank üzərindən aparılır. Şirkət fəaliyyətə başlamazdan öncə idareətmə heyətinin qarşısında 2 seçim dayanır, birinci seçim yalnız bir bank ilə əməkdaşlıq edərək xərclərə qənaət etmək, ikinci seçim isə bir neçə bankla əməkdaşlıq etmək olur. Şirkət idarəçiliyi isə  ikinci seçimin daha xərcli olduğunu düşünərək yalnız bir bankla işləməyi qərara alır.

Qısa müddətdə hər şey qaydasında gedir və bir müddətdən sonra bu şirkətin əməkdaşlıq etdiyi bankda müflisləşmə halı baş verir. Nəticədə isə yalnız bu bankla işləyən şirkətin bütün satışları dayanır və şirkət bir neçə gün 10 minlərlə manata bərabər satışlarını itirir və ciddi zərərə gedir.

Halbuki əgər həmin şirkət bir az xərclərinin çox olmasına baxmayaraq, 2 bankda əməliyyatlarını aparsa idi bu problem yaranmayacaqdı və minumum zərərlə bu şirkət  vəziyyətdən çıxacaqdı. Başqa sözlə bir bankda əməliyyatların donmasına rəğmən şirkət öz əməliyyatlarına davam edəcəkdi.

Bu videoda biz Resursdan Asılılıq Nəzəriyyəsidən bəhs edəcəyik. Bu nəzəriyyə ilk dəfə 1970-ci illərdə Jeffrey P. və  Gerald R. S tərəfindən irəli sürülüb. Onların fikrinə görə, əgər hər hansısa bir şirkətə vacib  olan  istənilən resurs  digər başqa bir şirkətdən və ya insandan asılıdırsa, həmin şirkət artıq risk altındadır.

Gəlin, kiçik bir misal çəkək, bir market düşünün. Bu marketdə yalnız bir kassa var və yalnız bir işçi kassada satmağı bacarır, yerdə qalan 3-4 işçi isə digər işləri görür. Bu nəzəriyyəsyə əsasən, artıq bu market yalnız bir satıcıdan asılı olduğuna görə və kassa da market üçün zəruri nöqtə olduğuna nəzərə alsaq, həmin işçi xəstələnsə və ya işdən ayrılsa marketdə böyük problemlər yaranacaq.

Ən pis ehtimalla isə market kassada satmağı bacaran işçi tapana qədər bağlı saxlanacaq. Bu baxımdan, bu market misalında kassada durmağı bacaran ən azı 2 işçi öyrədilməlidir ki, hansısa bir risk və asılılıq olmasın.

Təbii ki, şirkətin bəzi çox da vacib olmayan resurslardan ciddi asılılığın olması, hansısa bir risk daşımır. Tutaq ki, bir bank müqavilə ilə yalnız bir reklam şirkəti ilə çalışır və bir gün həmin reklam şirkəti bağlanır. Baxmayaraq ki, həmin bankın bu reklam şirkətindən asılılığı var idi, amma reklam işinə 10 gün fasilə verilsə də bank üçün hansısa bir itkiyə səbəb olmayacaq. Yəni işlər qaldığı yerdən davam edəcək.

Çünki reklam şirkəti bank üçün günlük iş prosesidə zəruri resurs deyil. Həmin alimlərin arqumentinə görə, şirkətlər daim onların fəaliyyəti üçün  vacib olan resursları müəyyənləşdirməli və mümkün qədər asılılığı aradan qaldırmalıdır ki, gələcəkdə həm  maddi  zərər, həm də vaxt itkisinə səbəb olmasın. Məsələnin başqa tərəfi isə odur ki, əgər bir şirkət onun üçün çox vacib olan bir resursdan, yəni başqa şirkətdən və ya insandan asılı olarsa, iş prosesində qarşı tərəf şüurlu və ya şüuraltında bu biznes prosesində dominant olduğunu biləcək. Bu da həmin şirkətin biznes prosesi üçün hansısa bir problem şəklində özünü göstərə bilər.