Koronavirusun gəlməsi ilə artıq evdən işləmək və ya onlayn şəkildə çalışmaq aktual bir məsələyə çevrildi. Öncədən normal iş mühitində işləyən çox insan artıq onlayn şəkildə evdən işləyir. Bəs əksər insanların həyatında baş verən bu dəyişikliyin hansı müsbət və mənfi cəhətləri var?
Gəlin əvvəlcə evdən işləməyin üstün cəhətlərinə baxaq.
Evdən işləmək ənənəvi işlə müqayisədə daha sərbəst iş mühiti yaradır. Ancaq buna baxmayaraq, biz sərbəstlikdən kifayət qədər ağıllı istifadə etməliyik. Yəni iş mühitinin sərbəst olmasına baxmayaraq gərək disiplin və motivasiyamızı itirməyək. Misal üçün, əgər vaxta arxayın olub işlərimizi sona saxlasaq, sonda vaxtla bağlı problemlərlə üzləşə bilərik.
İkinci müsbət cəhət kimi onu deyə bilərik ki, bəzi xərclərimiz azalmış olur. Məsələn, artıq işə getmədiyimiz üçün yol xərcləri çəkmirik. Bundan əlavə həm də yola sərf etdiyimiz vaxta qənaət etmiş oluruq. Məsələn, əvvəllər işə metro, avtobus və ya taksi ilə gedib gəlmək üçün müəyyən yol pulu xərcləyirdik. Bundan əlavə günümüzün müəyyən hissəsini də elə bu nəqliyyat vasitələrində yolda olan zaman keçirirdik. Lakin onlayn işləməklə həmin bu sadaladığımız xərclər və zaman itkisi aradan qalxmış olur.
Evdən işləməyin digər bir üstün cəhəti, çox insanda məhsuldarlığı artırmasıdır. Daha rahat mühitdə işləmək işə olan diqqətimizi artırmağa imkan yaradır. Bundan əlavə əvvəlcə də dediyimiz kimi daha sərbəst iş mühiti olması, lazım olan vaxtlarda fasilə verə bilməyimiz produktivliyimizi daha da artırmağa yardım edir.
Evdən işləmək bir sıra müsbət cəhətlərinin olmasına baxmayaraq, özü ilə birlikdə mənfi cəhətləri də gətirir.
Məsələn, evdən işləmək bəzi xərcləri aşağı salır, lakin eyni zamanda müəyyən xərcləri də artırmış olur. Evdən onlayn işləyən zaman şübhəsiz ki, bir sıra texnoloji əşyalara ehtiyac yaranır. Misal üçün, onlayn iş rejimində işləmək üçün bəzilərimizə veb-kamera, mikrofon,qulaqcıq və sairə kimi avadanlıqlar lazım olur. Və bunlara görə müəyyən xərc çəkməli oluruq. Amma bu xərclər qısamüddətli xərclərdir, yəni bir dəfə bu əşyaları aldıqdan sonra yenidən əlavə xərc çəkməyə ehtiyac qalmır.
Digər bir mənfi cəhət bizim məhsuldarlığımızla bağlıdır. Evdə işləmək məhsuldarlığımızı artırmağa kömək etsə belə, bu vəziyyət mənfi də təsir edə bilər. Belə ki, evdən çalışdığımız zaman sərbəstlik yaranır. Yaranan bu sərbəstlik də bizdə işimizə qarşı diqqətsizlik və məsuliyyətsizlik yarada bilər. Bu da öz növbəsində bizim məhsuldarlığımızı aşağı salacaq. Buna görə də bir az əvvəl də dediyimiz kimi disiplinli çalışmalıyıq və vaxtımızı düzgün bölməyə diqqət etməliyik.
Evdən işləməyin bəlkə də ən böyük mənfi cəhəti sosial həyatımıza zərbə vurmasıdır. İş yoldaşlarımızdan, iş mühitindən və insanlarla qarşılıqlı əlaqədən uzaq qalmaq bizə mənfi təsir edir. Evdən çalışan zaman əksər insanlar sosial mühitdən təcrid olumuş vəziyyətdə qalır. Zaman keçdikcə təcrid olunmağın zərərləri isə artır. Məsələn, uzun müddətdən sonra yenidən normal iş mühitinə qayıtmaq bəzilərimiz üçün çətin olacaq. Əvvəlki normal iş həyatına uyğunlaşmaq isə özü bir problemə çevrilə bilər. Həmçinin yalnız çalışmaq işçilərdə stress, narahatçılıq kimi mənfi təsirlərə səbəb ola bilir. Əksər çalışanlar rahat ev mühitini ilk zamanlar bəyənsə də, belə şəraitin uzunmüddətli təsirləri mənfi olur.
Yekunda onu demək olar ki, son dövrlərdə aktual bir məsələyə çevrilən evdən işləməyin öz mənfi və müsbət cəhətləri var. Danışdıqlarımızdan belə bir nəticə çıxarmaq olar ki, bu cür işləməyin qısa dövrdə müsbət cəhətləri olsa da, uzunmüddətli dövrdə mənfi təsiri daha böyükdür.
Hazırki vəziyyət üçün isə onu demək olar ki, evdən çalışan zaman planlı, disiplinli və motivasiyalı çalışmaq iş həyatımız üçün daha faydalı olacaq.