Baxmayaraq ki, müasir dövrdə demək olar ki, hər kəs bank kartlarından istifadə edir, amma bəzi insanlar bankların tam olaraq necə gəlir qazandıqlarından xəbərdar deyil. Bu videoda bankların necə gəlir qazandığından danışacağıq.
Məsələn, bankların gəlir mexanizmasına insanların müəyyən faiz müqabilində banklarda saxladıqları depozitlər aiddir. Sadə dillə desək, insanlar passiv gəlir əldə etmək üçün banklara müəyyən miqdar vəsait yatırırlar və burdan aylıq və ya illik kiçik bir qazanc əldə edirlər. Depozit qoyulan bu pullar isə bankların günlük əməliyyatları üçün, məsələn kreditlərin verilməsi və digər proseslər üçün istifadə edilir. Bir növ banklar borc verən insanlarla borc almaq istəyən insanlar arasında körpü rolunu oynayır.
İndi isə, gəlin, detallı şəkildə bankların hansı üsullarla gəlir qazandıqlarına nəzər yetirək:
Birinci yol odur ki, qeyd etdiyimiz kimi, banklara qoyulan depozitlərlə, hər kəsin də bildiyi kimi banklar öz müştərilərinə kreditlər təklif edir və bunun üzərindən müəyyən gəlir qazanır. Təsəvvür edin ki, siz banka müəyyən miqdar vəsait yatırırsınız və təxmini deyək ki, illik 5 % gəlir əldə edirsiniz, bank isə bu vəsaiti həmin il ərzində başqa bir insan kredit olaraq verərək 10% gəlir qazanmış olur. Burdan gördüyümüz ki, bank müştərisindən əldə etdyi vəsaitlə depozit saxlayan şəxsin ödənişini edir və sonda da müəyyən faiz gəlir banka qalır.
Sonra, bankların ikinci qazanc mənbəyi kimi bank komissiyalarını misal göstərə bilərik. Misal olaraq, bəzi bankların “Hesab xidmət haqları” var ki, bu yalnız sizin bank hesabınızın açıq olduğuna görə aylıq və ya illik ödənilir. Bu baxımdan bankda hesab açdırarkən belə bir ödənişin olub-olmaması mütləq soruşulmalıdır. Bəzən də elə olur ki, biz kart hesabımızda olan büdcədən daha çox pul xərcləyirik, buna bəzi banklar icazə verməsələr də, müəyyən komissiya qarşılığında bəziləri imkan verir. Həmin zaman banka yaranan borc pul isə draft adlanır. Son zamanlarda da çox yayılan “card to card”, yəni bir bank hesabından digər hesaba pul transferi edərkən bəzən banklar müəyyən vəsait tuturlar. Təbii ki, bankların bu kimi nüanslara görə kiçik komissiyalar tutmasından daha da geniş danışmaq olar. Bu da hər bankın öz biznes modelinə, strategiyasına uyğun olaraq dəyişir.
Üçüncü növ bankların gəlir yolu kimi, “Mübadilə” metodunu demək olar. Bu nə deməkdir?! Tutaq ki, bir telefon mağazası hansısa bir bankla əməkdaşlıq edir və əməkdaşlıqda qeyd olunur ki, əməkdaş bankın kartı ilə həmin mağazada ödənişlərdən mağaza tərəfindən banka müəyyən miqdar komissiya ödənəcək. Bank da bu durumda bəzən ödənişsiz və ya minimum ödənişlə öz müştərilərinə hesab açır və kartla təmin edir. Bəzi hallarda isə həmin karta faizsiz müəyyən borc pul da verir, bir şərtlə ki, müştəri bankın əməkdaşlıq etdiyi yerlərdən alış-veriş etsin. Digər deyişlə bank müştəriyə borc pul verərək əməkdaşlıq etdiyi mağazalara yönəldir, beləliklə həmin mağazalar da hər alış-verişdən banka komissiya ödəyir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, banklar daha geniş biznes modeli ilə də gəlir əldə edirlər. Yəni sadaladığımız metodlara əlavələr mümkündür.