Yəqin siz də eşitmisiniz ki, işdə tək motivasiya maaşdır, yəni puldur. Həqiqətənmi bu deyim doğrudur? Sizcə, Apple və ya Nike kimi şirkətlərdə çalışan işçilərə, digər şirkətlər daha yuxarı maaşı təklif etsə, o işçilər işlərini dəyişərmi?
Joi de Vivre otellər zəncirinin sahibi olan, Chip Conleyin, Maslov piramidası əsasında hazırladığı işçilərin Motivasiya piramidası bu mövzu barədə bəhs edir. Gəlin elə videonun əvvəlində adını çəkdiyim Apple şirkəti üzərindən danışaq. Chip Conleyə əsasən, işçinin şirkətdə qalmağının əsas səbəbi puldur. Çünki işçi bir insan olaraq öz ehtiyaclarını aldığı maaşla tam ödəyə bilməlidir. Amma bu həlledici deyil.
Daha sonra isə həmin işçinin sosiallaşma və ya öz sosial mühitində tanınma kimi bir ehtiyacı var ki, Apple şirkəti və digər iri şirkətlər bu ehtiyacı da qarşılayır. Misal olaraq, həmin işçi yay tətilində istirahətə başqa bir ölkəyə getdiyini düşünün və təsadüfi tanış olduğu bir insan ona harada çalışdığını soruşan zaman həmin işçinin cavabı Apple şirkəti olur. Soruşan şəxsin artıq Apple şirkətini tanıdığı üçün qarşı tərəfə əlavə bir simpatiyası yaranır və bu da sonda həmin işçini daha da ruhlandırır, beləliklə, həmin işçinin motivasiyası Chip Conley Piramidasının ikinci mərtəbəsinə yüksəlir.
Dünyanın ən innovativ və nəhəng şirkətlərindən birində çalışdığının fərqində olan həmin işçi, özünü vacib insan olduğunu düşünməyə başlayır. Bu isə insana lazım ola biləcək motivasiyanın ən pik nöqtəsidir və artıq Apple şirkətində işləmək onun üçün xususi məna verir.
Bəs işçinin bu piramidanın ən yüksək mərtəbəsində olmasının Apple şirkətinə nə faydası var?! Cavab isə çox sadədir. Bu halda həvəsi ola biləcəyinin ən yuxarı səviyyəsində olan işçi daha məhsuldar çalışacaq. Əgər hər hansısa rəqib şirkət Apple şirkətinin verdiyi maaşdan bir az çox maaş versə, həmin işçi Apple şirkətini tərk etməyəcək, çünki artıq həmin işçinin xoşbəxtliyi ən yüksək həddədir.
Chip Conley Pramidası, Maslovun məşhur insan ehtiyacları pramidasından formalaşaraq, işçilərin motivasiyasının necə artırılması barəsindədir. Bu pramidanın ən aşağı mərtəbəsində pul, daha sonra işçilərin tanınma və sosiallaşma ehtiyacları, daha yuxarda isə işçiyə bu şirkətdə işləməyin onun üçün bir məna verməsi dayanır.
Bəs Chip Conley pramidasının Maslov piramidası ilə əlaqəsi tam olaraq necədir ?
Maslov piramidasından gördüyünüz kimi inasanın ilkin ehtiyacları fizioloji ehtiyaclardır ki, bura da qida, yuxu və.s aiddir. Daha sonra isə təhlükəsizlik ehtiyacları gəlir. Hər iki ehiyacı ödəmək üçün insanın yetərincə maaş alması gərəkdir. Maslov piramidasının növbəti pilləsində isə sevgi və özgüvən ehtiyacı gəlir. Başqa sözlə, hər bir insanın ailə sevgisinə, dost sevgisinə və.s ehtiyacı var. Özgüvən pilləsi isə insanın hörmət, cəmiyyətdə statusunun olmasını və.s özündə ehtiva edir. Bu pillə isə Chip Conley Piramidasında Tanınma və sosiallaşma pilləsi ilə əvəzlənir. Maslov piramidasının ən pik nöqtəsində isə ola biləcəyinin ən yaxşısı olmaq dayanır ki, bu da Chip Conley Piramidasında şirkətin işçi üçün bir məna verməsi kimi təsvir olunur.
Hər iki piramidaya görə biz istər şəxsi həyatımızda və ya istər iş həyatımızda bu piramidaların nə qədər yüksək pilləsində olsaq bizim motivasiya səviyyəmiz də bir o qədər yüksək olar.
Əgər bir insan bu piramidaların ən aşağı pillələrində olarsa, artıq həmin insan bu piramidanın üst hissələrində olan ehtiyacları haqda bir o qədər də düşünməyəcək. Yəni misal olaraq Koronavirus dövründə Maslov piramidasına əsasən insanların təhlükəsizlik ehtiyacılarında yüksək problem yaranır, bu səbəblə, insanlar üçün bu piramidanınn bir üst səviyyəsinə yüksəlmək əvvəllərlə müqayisədə daha çətinləşir.