Kreativ reklam necə olmalıdır? || Guerilla Marketing

Bu gördüyünüz reklam Kit-kat şokolad şirkəti tərəfindən təqdim olunmuş bir reklamdır. Fikir versəniz burada son dərəcə kreativlik istifadə olunub və digər növ reklamlardan xeyli fərqlənir. Şəkildən də gördüyünüz kimi adi bir oturacaqdan istifadə etməklə şirkət öz reklamını müştərilərin qarşısına çıxarıb. Beləliklə, bu reklam müştərilərə məhsulu tanıtmaqla yanaşı həm də onların diqqətlərini bir müddət məhsula yönləndirmə gücünə sahibdir. Reklam dünyasında isə belə tip reklamlar Guerilla reklamları adlanır. 

  Gəlin ilk olaraq Guerrila sözünün mənasına və bu sözün nə məqsədlə işlədildiyinə nəzər salaq. Guerrila sözünün tarixinə və ilk dəfə nə məqsədlə istifadə olunmasına baxdıqda düşünə bilərik ki, bəs bu sözün marketiqlə olan əlaqəsi nədən ibarətdir? Çünki, Guerrila sözü tarixdə ilk dəfə hərb sahəsində və müharibə zamanında istifadə olunub. Döyüş vaxtı Guerrila hücumu adlandırılan bu strategiya qarşı tərəfin heç gözləmədiyi bir anda, müxtəlif dəstələrlə düşmənin üzərinə hücum etmə taktikasıdır. Buna görə də, bu taktika bir çox insanlar tərəfindən həm də Partizan taktikası adlandırılır. Daha sonra bu ad marketinqdə istifadə olunmağa başlanılıb. Daha dəqiq desək ilk dəfə 1984-cü ildə amerikalı biznes yazıçısı Jay Conrad Levinsonun “Guerrila Marketing” adlı kitabı çap olundu. Bu kitabda, kiçik və yeni bizneslər üçün daha az xərc çəkməklə daha çox müştəri qazanmağın yollarından bəhs olunurdu. Həmçinin, kitabda bunun üçün ən önəmli şeyin kreativlik olduğu da vurğulanıb. İndi isə Guerrila marketinqin faydalarının nə olduğuna nəzər yetirək. 

İlk öncə qeyd etməliyik ki, bu strategiyadan istifadə etməklə siz, əvvəla öz büdcənizə qənaət etmiş olacaqsınız. Çünki, Guerrila marketinq strategiyasında sizin öz məhsulunuzu tanıtmaq üçün bahalı reklamlar hazırlamağınıza ehtiyac yoxdur. Önəmli olan müştərilərin diqqətini cəlb edə bilmək və məhsulu sürpriz bir şəkildə alıcılara təqdim etməkdir. Guerrila marketinq strategiyası ilə hazırlanmış reklamın digər bir faydası isə onun sürətlə yayılmasıdır. Bunun əsas səbəbi digər reklamlarda olduğu kimi tez-tez sosial şəbəkələrdə qarşınıza çıxan reklam videoları deyil. Guerrila strategiyası ilə hazırlanmış reklamlar insanlara fərqli və cəlbedici göründüyündən müştərilər öz istəkləri ilə həmin reklamları başqaları ilə bölüşürlər. Beləliklə, bu növ kreativlik və fərqli formada yaradılmış reklamlar digərlərinə nisbətən daha tez yayılır və daha çox diqqət cəlb edir.

İndi isə Guerrila marketinq strategiyasını daha yaxşı başa düşmək üçün bir neçə nümunəyə baxaq. Misal üçün, ekranda gördüyünüz şəkilə ilk dəfə baxanda insan onun real olduğunu düşünür. Yerdə uzanmış bir it və onu narahat edən birələr. Ancaq diqqətlə baxdıqda bunun çox kreativ bir şəkildə hazırlanmış bir reklam olduğunu görürük. Bu reklam “Frontline” adlı böcəklərə qarşı istifadə olunan bir sprey şirkətinə məxsusdur. Gördüyünüz kimi, çox pul xərcləmədən və təsirli bir reklam mətni hazırlamadan Frontline şirkəti effektiv bir yolla müştərilərin diqqətini çəkməyi bacarıb.

Bu şəkildə gördüyünüz Guerrila marketinq strategiyası ilə hazırlanmış reklam isə dünyaca məşhur Mcdonald’s fast food şirkətinə məxsusdur. Gördüyünüz kimi sadəcə piyada keçidindən və bir qədər əlavə boyadan istifadə etməklə şirkət öz reklamını hazırlayıb. Beləliklə, əgər siz də bu piyada keçidindən keçsəniz, yəqin ki istər-istəməz bu reklam diqqətinizi çəkəcək. Bu da, əlbəttə ki, Guerrila marketinq strategiyasının sehrli özəlliklərindən biridir.

Lakin qeyd etmək istərdim ki, Guerrila strategiyası hər zaman yeni məhsulu müştərilərə təqdim etmək üçün istifadə olunmur. Misal üçün, şəkildə gördüyünüz bu reklam maşınların ixrac etdiyi tüstü və dumanın ətrafa necə zərər verdiyini göstərmək məqsədi ilə yaradılmışdır. Belə ki bu reklam vasitəsi ilə insanlar tüstü və duman ixrac edən maşınların arxalarında necə zərərli bir iz buraxdığının fərqinə varırlar. 

Gördüyünüz bu şəkil isə yenə Guerrila strategiyasının maarifləndirmə məqsədilə yaradılmış reklamları siyahısına daxildir. Bu reklamın əsas məqsədi insanlar siqaret çəkərkən onların sadəcə özlərinə deyil digər insanlara da zərər verdiklərini göstərməkdir. 

Beləliklə, bəzən cəmiyyətdə insan haqqları, təbiət, heyvanların müdafiəsi və başqa sahələrdə fərqindəliyi artırmaq məqsədi ilə də Guerrila taktikasından istifadə olunur. Amma məhsulun təqdimatı üçün yaradılan reklamlardan fərqli olaraq maarifləndirmə üçün istifadə olunan Guerilla strategiyası əsasən flaşmob şəklində həyata keçirilir və adətən olduqca effektiv olur.