Əli və Sevincin hər birinin ayrılıqda biznes sahibi olduqlarını düşünün. Əli öz mağazasında istehlakçılara bir sıra hədiyyəlik məhsullar təklif edir. Sevinc isə Əli kimi biznes sahiblərinə lazım ola biləcək hədiyyəlik məshulları onlara topdan sataraq biznesini davam etdirir. Məsələn, Əli satışa çıxardığı məhsulların bir hissəsini Sevincdən alır. Bu misalda Əli və Sevincin idarə etdiyi şirkətlər ticari şirkət, yəni “merchandising company” adlandırıla bilər. Ticari şirkət dedikdə hazır məhsulu alıb mənfəət qazanmaq üçün nisbətən daha baha qiymətə yenidən satan şirkətlər nəzərdə tutulur.
Ticari şirkətlərin iki növü mövcuddur: topdansatışla məşğul olan və pərakəndə satışla məşğul olan şirkətlər. Az əvvəl verilən misalda Əlinin pərakəndə satışla məşğul olduğunu görürük. Çünki o, aldığı məhsulları birbaşa istehlakçıya satır. Digər tərəfdən isə Sevincin şirkəti istehsalçıdan aldığı məhsulları Əli kimi pərakəndə satıcılara sataraq topdansatışla məşğul olur. Deməli topdansatışla pərakəndə satış arasındakı fərq birinin biznes sahiblərinə, digərinin isə birbaşa istehlakçıya satış etməsidir.
Şirkətin topdan və ya pərakəndə satışla məşğul olmağından asılı olmayaraq, yerinə yetirməli olduğu bəzi əməliyyatlar var. Əslində təxmin edə biləcəyiniz kimi bunlar alış və satış prossesidir. Alış prosessinə belə bir tərif vermək mümkündür: Müəyyən miqdarda pul ödəyərək qarşı tərəfin təklif etdiyi məhsulu əldə etmək. Şirkətin böyüklüyündən asılı olaraq məhsulun alım prossesi daha asan və ya daha çətin ola bilər. Məsələn, ən başda verdiyim misala qayıtsaq Əli öz mağazasında satmaq üçün məhsul alarkən sadəcə bir neçə saat vaxt sərf edərək Sevincin mağazasına yaxınlaşıb istədiyi məhsulları alıb geri qayıda bilər. Lakin Sevinc üçün məhsulun alım prosessi bu qədər sadə deyil. Sevinc Əli kimi bir neçə mağaza sahibinə satış etdiyi üçün daha iri həcmli sifarişlər verməli olur. Belə iri həcmli sifarişlər üçün qərar vermək isə elə də asan deyil. Digər tərəfdən daha böyük şirkətə sahib olduğu üçün Sevinc özü birbaşa bu prossesə başçılıq edə bilmir. Onun əvəzinə satın alma meneceri bu işi yerinə yetirir. Menecer lazımi araşdırmaları edərək fərqli məhsullardan nə qədər sifariş ediləcəyi haqqda məlumatlar hazırlayır və həmin məlumatları Sevincə ötürür. Sevinc təsdiqlədikdən sonra satınalma meneceri prossesi tamamlayır. Satış prossesi isə bu iki şirkət üçün də xeyli asandır. Çünki bu prosses zamanı alıcı əsas qərar verən tərəfdir. Alıcı qərarını verdikdən sonra isə pulla məhsullar mübadilə olunur.
Ticari şirkətlərə aid olan və vurğulamalı olduğum digər bir termin isə “operating cycle”dır. “Operating cycle” bir məhsulun əməliyyat dövrünün uzunluğunu göstərir. Yəni, məhsul alındıqdan sonra satılana qədər nə qədər müddət mağaza daxilində qaldığını göstərir. Məsələn, Əli Sevincdən məhsulu aldıqdan 2 həftə sonra həmin məhsulu istehlakçıya satır. Deməli bu məhsulun əməliyyat dövrünün uzunluğu 2 həftədir.
Aydın məsələdir ki, hər bir ticari şirkət kiçik yaxud böyük anbara sahib olmalıdır. Məhsullar satılana qədər həmin anbarda saxlanılır. Amma bir məqam da var ki, həmin anbarları idarə etmək vacibdir. Anbarı nəzarət altında saxlamaq hansı məhsuldan nə qədər qaldığı haqqda biznes sahibinə məlumat verir.
Son olaraq vurğulamaq istədiyim bir məqam da var. Çünki ticari şirkətlər haqqında danışarkən “Walmart”ın adını çəkməmək yanlış olardı. 1962-ci ildə Amerikada Sam Walton tərəfindən qurulan bu ticari şirkət hal-hazırda dünyanın ən böyük şirkətlərindən biridir. Topdan satışla pərakəndə satışı müqayisə etdikdə ilk ağıla gələn faktorlardan biri topdan satışla məşğul olan şirkətlərin daha böyük, daha iri büdcəli şirkətlər olmağıdır. Lakin, maraqlısı budur ki, əsasən pərakəndə satışla məşğul olan “Walmart” 328 milyard dollarlıq dəyəri ilə ən böyük şirkətlər arasına adını yazdırıb. 2008-ci ilə qədər fərqli ölkələrdə yalnız pərakəndə satış mağazalarına sahib olan “Walmart” 1981-ci ildə Amerikada ilin ən böyük şirkəti, 2001-ci ildə isə 191 milyard dollar gəlirlə dünyanın ən böyük pərakəndə satışla məşğul olan ticari şirkəti seçildi. 2008-ci ildə isə Hindistanda ilk topdansatış mağazasını açaraq iki istiqamətdə də fəaliyyətini davam etdirməyə başladı. “Walmart” haqqında bir digər maraqlı fakt isə 2006-cı ildə Almaniyadakı bütün mağazalarını bağlamağıdır. Buna baxmayaraq, hal-hazırda 24 fərqli ölkədə ümumilikdə 10 500-ə yaxın mağazaya sahib olan “Walmart” hələ də pərakəndə satıcılıqda liderliyini qoruyur.