Bütün bədən üzvlərimizin nəzarətimizdə bir komanda kimi çalışdığını düşünsək də bəzən bədən dilimiz heç gözləmədiyimiz anda bizi ifşa edə bilir. Gündəlik həyatımızda bədən dili ifadəsini tez-tez işlətmədiyimiz doğrudur. Amma bu da danılmaz faktdır ki, danışarkən, gülərkən, sevinərkən, utanarkən, fikirləşərkən hətta həmişəkindən daha fərqli hiss edərkən belə bu fərqliliklər bizim mimika və jestlərimizdə əks olunur. Və bununla da bədən dilimiz müxtəlif situasiyalara görə daima dəyişir. Əsas məsələ isə budur ki, əllərimizi, ayaqlarımızı və ya qaşlarımızı, gözlərimizi biz idarə etsək də əksər zamanlar bədən dilimiz üzərində hakimiyyətə sahib olmuruq. Misal üçün, sevmədiyiniz bir şəxslə qarşılaşdıqda dodağınızı büzmək və əlinizi sıxmaq, yaxud sevinərkən qollarınızı yuxarı qaldırmaq və ya sevdiyiniz bir şəxsdən mesaj gəldikdə gülümsəmək və saçınızı qulağınızın arxasına aparmaq kimi reflekslər sizdən aslı olmaya bilər.
İnsanlar müxtəlif olduğu kimi onların baş verən hadisələrə reaksiyası da müxtəlif olur. Bu reaksiyaların hər biri bir bədən dilini təmsil edir. Buna görə də ümumi bədən dili dedikdə bu çox geniş bir mövzu sayılır.
Videomuzun əsas məqsədi isə biznesdə və rəsmi ortamlarda bədən dilinin rolunu izah etməkdir. İndi isə biznes sahəsində bədən dilinin roluna və bunun biznesdəki ümumi fəaliyyətimizə necə təsir etdiyinə birlikdə baxaq.
El arasında belə bir ifadə var, “gözlər qəlbin aynasıdır”. Buna görə də ilk öncə gözlərimizin bədən dilindəki rolundan başlamaq istəyirəm. Bəlkə də bir çoxunuz elə fikirləşirsiniz ki, bədən dili dedikdə sadəcə hərəkətlərimizi, yəni mimika və jestlərimizi nəzərdə tuturuq. Lakin göz kontaktının da bədən dilini müəyyən etməkdə rolu danılmazdır. Tədqiqatlar göstərir ki, interviyularda, liderlərin yaxud menecerlərin nitqlərində, xüsusilə də biznes və marketinq söhbətlərində göz kontaktı ən önəmli məqamlardan biridir. Hətta mədəniyyətindən aslı olmayaraq bütün millətlər üçün nəzərdə tutulmuş “beynəlxalq göz kontaktı etikası” deyilən bir anlayış var. Bu etika biznes işlərdində də populyarlıq qazanmış bir ifadədir. Belə ki, bu ifadəyə əsasən gözlərimiz vermək istədiyimiz mesajları çatdırmaq üçün sözlərimizdən daha effektiv rol oynayır və qarşı tərəfə güvən aşılayır.
Biznesdə düzgün formada göz kontaktı qurmaq üçün bir neçə sadə qayda var. İlk öncə salamlaşarkən yaxud yeni biriylə tanış olarkən 4-5 saniyə qarşınızdakı insanın gözlərinin içinə baxmaq lazımdır. Bu saniyələrdə gözlərinizi düzgün bir formada, aramla qırpdığınızdan və əgər qarşı tərəf danışırsa onu dinlədiyinizi göstərdiyinizdən əmin olun. İlk 4-5 saniyədən sonra gözlərin istiqamətini dəyişmək və göz kontaktına qısa bir fasilə vermək lazımdır. Bu hərəkət qarşınızdakı insana özünü rahat hiss etməsi üçün fürsət verir. Amerikanın bir çox ştatında və Avropa ölkələrində xüsusilə də biznes və liderlik sahələrində danışarkən gözləri qaçırmaq və göz kontaktı qurmaqdan yayınmaq zəiflik və özünə qapanıqlığın göstəricisi sayılır. Amma eyni zamanda uzun müddət gözlərinizi qarşınızdakı insanın gözünə zilləmək də kobudluq və nəzakətsizlik hesab edilir. Buna görə də göz kontaktını və fasilələri düzgün bir şəkildə müəyyənləşdirmək bir insanla söhbətinizin ən önəmli hissəsi ola bilər.
Biznes sahəsində uğur qazanmaq üçün növbəti önəmli bədən dilimiz üz ifadəmiz və mimikalarımızdır. Aydın məsələdir ki, rəsmi söhbətlərdə və iş məsələlərindən danışarkən bir insanın gözlərinə və üzünə baxaraq danışırıq. Danışarkən biz adətən qarşımızdakı insandan təsdiq və ya narazılıq mesajını həmin şəxsin üz ifadələri vasitəsilə alırıq. Bu halda müştəri ilə və ya digər biznesmenlərlə danışarkən diqqətli olmaq lazımdır ki, üz ifadəmiz lazımı mesajı qarşı tərəfə çatdırsın. İlk olaraq söhbət əsnasında ara-sıra xəfif gülümsəməyiniz məsləhətdir. Çünki bu hal qarşı tərəfə sizin məmnun və rahat olduğunuz hissini verəcək.
Görüş əsnasında dodaqların büzülməsi və dişlənməsi etməməli olduğunuz mimikalardandır. Çünki dodaqlarınızla edəcəyiniz hər hərəkət qarşı tərəfə sizin güvənsizlik və stress içərisində olduğunuz siqnalını çatdıracaq .
Əgər qarşı tərəf ciddi bir məsələ haqqında danışırsa o zaman üzünüzdəki gülümsəməni tamamilə azaltmağınız, qaşlarınızı xəfif qaldıraraq və başınızla təsiq edərək qarşı tərəfi dinləməyiniz və mövzunun sizin üçün maraqlı olduğu mesajını verməniz arzuolunandır.
İndi isə biznes sahəsində ən az göz kontaktı və mimikalarımız qədər önəmli olan jestlərdən danışaq. Jestlərlə olan bədən dilimizə başlamazdan öncə onu qeyd edim ki, istər interviyularda, istərsə də biznesinizdə və ya istənilən bir işdə çalışarkən ən çox diqqət etməniz gərəkən məqamlardan biri də duruşunuzdur. Məsələn, bir çox ölkələrdə rəsmi ortamlarda qamətin əyilməsi, əllərin sinədə çarpazlaşdırılması yaxud da bir əl ilə digər əlin tutulması kimi hərəkətlər şəxsin çox gərgin olduğunu göstərir.
Bunların yerinə qamətinizi düz saxlamağınız və əllərinizi daha çox nəsə izah edərkən və ya danışarkən jest kimi istifadə etməyiniz daha arzuolunandır.
Digər əl hərəkətlərinə gəldikdə isə ilk öncə danışarkən yaxud nələrisə müzakirə edərkən diqqət etməli olduğumuz məqamlardan danışaq.
Misal üçün, danışarkən əllərin belə qoyulması diqqətli olmalı olduğunuz hərəkətlərdəndir. Çünki liderlik və hakimiyyət göstəricisi olan bu bədən dili təqdimat zamanı çox diqqət cəlb etməsə də üzbəüz görüşlərdə və iş interviyularında nəzakətsizlik və eqoistlik kimi anlaşıla bilər. Ona görə də bu bədən dili ilə diqqətli olmaq məsləhətdir.
Bundan əlavə əgər yaddaqalan və daha effektiv bir təqdimat yaxud debat etmək istəyirsinizsə onda çalışın ki, danışarkən əllərinizdən istifadə edəsiniz.
Hətta ara-sıra nəyisə izah edərkən xəfifcə ağzınıza yaxud çənənizə toxunmaq sizin nitqi əzbərləmədiyinizin və düşünərək danışdığınızın göstəricisi sayılar.
Əgər siz danışan yox dinləyən pozisiyasındasınızsa onda əl barmaqlarınızı iç-içə keçirib oturmağınız sizin yaxşı bir dinləyici olduğunuz mesajını verər.
Dinləyərək zaman-zaman çənənizə toxunmağınız təqdimatın və ya mövzunun sizin üçün maraqlı olduğunun göstəricisidir. Unutmayın ki, belə zamanlarda əllərinizlə gözlərinizə tez-tez toxunmaq yaxud əlinizi boyun nahiyənizə aparmaq sizin sıxıldığınızı və tədirgin olduğunuzu göstərir. Ona görə də belə durumlarda əllərimizi istifadə etməzdən öncə iki dəfə düşünməliyik .
İndi isə bəlkə də bir çoxumuz tərəfindən ən az nəzərə alınan amma əslində bədən dilimizdə böyük rol oynayan ayaqlardan danışaq. İnterviyularda yaxud da müzakirələrdə oturub danışarkən və ya dinləyərkən ayaqların çarpaz bir şəkildə stulun altında gizlədilməsi gərginlik və özgüvənsizliyin göstəriciləri sayılır. Buna görə də oturarkən ayaqlarınızı normal bir şəkildə tam stulla paralel bir formada yerləşdirmək lazımdır. Oturarkən ayaqların nisbətən uzadılması və açılması hakimiyyətin sizdə olduğu mesajını versə də bu bədən dili bir çox ölkələrdə hörmətsizlik əlaməti kimi qəbul olunur. Ona görə də, bu növ anlarda ayaqlarımızı necə istifadə etdiyimizə diqqət yetirməliyik.
Son olaraq bir çox ölkələrdə geniş yayılmayan lakin Avropada və Qərb mədəniyyətində çox önəmli bir məqam sayılan şəxsi məsafə anlayışından danışmaq istərdim. İstənilən bir sahədə əgər biz bədən dilimizdən danışırıqsa onda qarşımızdakı insanla aramızdakı məsafəyə də diqqət etməliyik. Bir çox ölkədə bu məsafə 1 və 1.5 metr sayılır. Yəni, üz-üzə durub danışarkən əgər qarşı tərəflə yaxın münasibətiniz yoxdursa və ya rəsmi bir ortamdasınızsa o zaman bu məsafəni saxlamağınız qarşı tərəfə olan hörmətinizi göstərir. Bu şəxsi məsafə ifadəsi biznes və iş həyatında ən önəmli etik qaydalardan biri sayılır.
Yekunlaşdırmalı olsaq, videomuzda əsasən bədən dilimizin biznesdə və digər rəsmi ortamlardakı rolundan danışdıq. Unutmayın ki, bəzən bədən dilimiz dediyimiz sözlərdən daha effektiv və nəzərəçarpan ola bilər. Əsasən iş müsahibələrində, təqdimatlarda və ya debatlarda mütəxəssislərin qeydə aldığı və diqqət yetirdiyi hansı cavabları verdiyinizdən daha çox bədən dilinizin sizi necə ifadə etdiyidir. Buna görə də bu sahədə diqqətli olmağınız məsləhətdir. Bəs sizin bildiyiniz və rəsmi ortamlarda etməli və ya etməməli olduğumuz bədən dilləri hansılardır? Fikirlərinizi və məsləhətlərinizi videomuzun şərh bölməsində paylaşsanız şad olarıq.
Diqqətinizə görə təşəkkürlər!