loader image
Share on facebook
Share on telegram
Share on twitter
Share on linkedin
Share on whatsapp

Marketinq nədir?

Marketinq dedikdə bir çoxları hər hansısa bir məhsul və ya xidmətin reklam olunması haqqında düşünür. Amma unutmamaq lazımdır ki, reklam sadəcə marketinqin bir parçasıdır. Marketinq isə hər hansısa bir biznesin ən vacib departamentidir deyə bilərik. Çünki 2016-cı ildə 168 böyük şirkətin iştirakı ilə baş tutan sorğunun nəticələri onu göstərib ki, onlar ümumi büdcələrinin təqribən 12 faizini marketinqə ayırır. Bəs marketinq nədir və niyə bu qədər vacibdir?

Marketinq potensial alıcılar və ya ümumilikdə bir cəmiyyət üçün dəyəri olan məhsulun və ya servisin yaradılması, alıcılara tanıdılması və həmin məhsulun satışı prossesidir.

Marketinq üçün verilən bu tərifdə diqqət etməli olduğumuz məqamlardan biri dəyər yaratmaqdır. Bu səbəbdən də market araşdırması aparmaq xeyli vacibdir. Sözü gedən araşdırmaların nəticəsində insanların tam olaraq hansı məhsula və ya xidmətə ehtiyacı olduğunu öyrənmək olar. İnsanların ehtiyacını öyrəndikdən sonra isə həmin ehtiyacı qarşılayacaq məhsul və ya xidməti istehsal edərək yeni bir dəyər yaratmış oluruq. Potensial müştəriləri anlayıb onlar üçün vacib olan məhsul və ya xidmət yaratmaq isə uzun müddətdə şirkətə uğur gətirəcək məqamlardan biridir. 2015-ci ildə market araşdırmalarına 68 milyard dolların xərclənməyi və bu rəqəmin növbəti illərdə artması də bu nüansın nə qədər vacib olduğunu göstərir.

Verilən tərif üzərindən danışmağa davam etsək sırada məhsulun tanıdılması var. Aydın məsələdir ki, reklam marketinqin ən əsas parçalarından biridir. Çünki reklam olmadan hər hansısa bir məhsulun bazarda uğurlu olma ehtimalı xeyli azdır. 2018-ci ildə ən böyük 200 şirkətin reklama xərclədiyi ümumi məbləğ 163 milyard dollar olmuşdur. 2019-cu ildə aparılan araşdırmalar nəticəsində qeydə alınan bu statistika reklamın önəmli olduğunun sübutudur deyə bilərik. Düşünə bilərsiniz ki, bəzi məhsullar reklam olunmadan və ya az reklam olunaraq əsasən insanların bir-birinə məsləhət görməsi ilə məşhurlaşır. Əslində bu özü də ingiliscə “word of mouth” adlandırılan, geniş yayılmış reklam strategiyalarından biridir. Təbii ki, hər hansısa məhsulu və ya xidməti tanıtmaq üçün seçə biləcəyiniz bir çox yol var. Məsələn televiziya kanallarında, sosyal şəbəkələrdə, “billboard”larda hətta binaların, avtomobillərin üstündə belə öz şirkətinizi, məhsulunuzu, servisinizi reklam edə bilərsiniz. Hansı reklam strategiyasını seçəcəyiniz isə təklif  etdiyiniz məhsuldan və məhsulunuzun hansı kütləyə xitab etdiyindən asılıdır.

Son olaraq isə məhsulun satışı prossesi gəlir. Bu prossesin baş tutması üçün bir sıra komponentlərin mövcudluğu vacibdir. Bunlar tələb, tələbi qarşılayacaq məhsul və ya xidmət, alıcı tərəfindən həmin məhsulun və ya xidmətin dəyərinin qarşılanması və alıcı ilə satıcı arasındakı razılaşmadır. Bütün bu komponentlər olduqda alış-verişin baş tutması üçün heç bir maneə qalmır.

Təbii ki, marketinq heç də belə kiçik mövzu deyil. Əgər marketinq haqqında danışırıqsa 4P-dən və marketinqin bir neçə növündən bəhs etmədən videonu bitirə bilməzdik.

Əvvəla gəlin 4P yəni “marketing mix” haqqında danışaq. 4P marketinq üçün vacib olan 4 əsas elementi təmsil edir. Bunlar “Product” yəni məhsul, “Price” yəni qiymət, “Place” yəni yerləşmə, “Promotion” yəni tanıtımdır.

Birinci “p” yəni “product” şirkət tərəfindən satışa çıxarılan məhsullar və ya servislərdir. Bazara çıxarılan məhsulun məqsədi isə həmin bazardakı boşluğu doldurmaq olmalıdır. Yəni həmin bu məhsul və ya servis insanların ehtiyaclarını qarşılamalıdır. Bunun üçün isə market araşdırmaları edib insanların tam olaraq nə istədiyini və nəyə ehtiyacları olduğunu dəqiqliklə öyrənmək lazımdır.

İkinci “p” isə qiyməti təmsil edir. Aydın məsələdir ki, qiymət həmin məhsulu əldə etmək üçün ödəniləcək məbləğdir. Bəs bu məbləğ necə təyin edilir? Bir məhsulun və ya xidmətin satış qiymətini təyin edərkən hazırlanmasına sərf olunan xərclərdən əlavə, marketinq və daşınma xərclərini də nəzərə almaq lazımdır. Amma bu o demək deyil ki, bütün bu xərcləri qarşılamaq məqsədi ilə qiyməti istədiyimiz qədər qaldıra bilərik. Qiyməti təyin edərkən hazırda bazarda olan alternativ məhsulların da qiymətini diqqətə almalıyıq. Beləliklə satışa çıxaracağımız məhsul mövcud rəqabətə qoşula bilər.

Növbəti “p” yəni “place” isə məhsulun harda satılacağını qərarlaşdırmalı olduğumuzu göstərir. Əvvəllər bu termin tam olaraq yer anlamını ifadə etsə də indi bir fərqli məqamı da özündə cəmləyir. Yəni 1950-ci illərdə Neil Borden 4P terminini ilk dəfə işlədəndə “place” sadəcə məhsulun hansı bölgədə satışa çıxarılmasının daha uyğun olduğunu planlamaq idi. Məsələn, pambıqçılıqda istifadə olunacaq bir məhsulu Bakıda yox Aran rayonlarında satışa çıxarmaq daha məntiqli bir addım olar. Çünki potensial alıcılar əsasən o bölgədədir. Günümüzdə isə “place” əsasən onlayn və ya ənənəvi satışı təmsil edir. Yenə də bazara çıxarılan məhsula və məhsulun potensial alıcılarının bazarlıq adətlərinə uyğun olaraq onlayn yoxsa ənənəvi satış üsulundan istifadə edəcəyinizi seçə bilərsiniz. Təbii ki, ikisini eyni anda etmək də mümkündür. Ənənəvi satış seçildikdə isə bölgəni dəqiqləşdirmək önəmlidir.

Son olaraq isə “promotion” yəni məhsulun tanıtımı gəlir. Tanıtıma bütün PR tədbirləri, reklamlar və sairə aiddir. Videonun əvvəlində də dediyimiz kimi satışa çıxarılacaq məhsulun və ya servisin tanıdılması çox vacib faktordur. Bunu etmək üçün bir sıra fərqli yollardan istifadə etmək olar. Həmişə olduğu kimi yenə də market araşdırmanıza əsasən hədəf kütlənizin bu reklamlarla qarşılaşmaq ehtimalının çox olduğu platformalarda reklam verə bilərsiniz.

Son olaraq gəlin marketinqin son zamanlarda daha önə çıxan bir neçə növündən danışaq:

Bunlardan biri “influencer marketing”dir. “İnfluencer” sözü ilə tanış olanlar bu marketinq strategiyasının nə olduğunu təxmin edə bilərlər. “İnfluencer” dedikdə böyük bir kütlə tərəfindən sevilən və onların üzərində təsiri olan insanlar nəzərdə tutulur. Bu strategiyanı izləyən şirkətlər də həmin insanlar vasitəsi ilə məhsullarını reklam edərək satışlarını artırmağa çalışırlar. Onu da qeyd edim ki, son zamanlarda sosial şəbəkələrin inkişafı ilə birlikdə “influencer”lərin sayı əvvəlkinə nisbətən daha çoxdur. Hətta sosial şəbəkə fenomenləri vasitəsi ilə reklam da bazarda böyük pay sahibidir.

Növbəti marketinq növü isə viral marketinqdir. Viral marketinqdən istifadə etmək istəyirsinizsə sloqanınızı və ya reklamınızı hazırda gündəmdə olan mövzularla uyğunlaşdırmalısınız. Əgər uğurlu bir viral reklam çarxı hazırlaya bilmisinizsə, həmin videoçarx insanlar arasında sürətlə yayılma potensialına sahibdir. Bu hal şirkətinizin və ya satışa çıxardığınız məhsulun iri miqyasda tanınmasına səbəb ola bilər.

Son olaraq “keyword” marketinq haqqında da danışaq. Bu marketinq növü işin onlayn tərəfi ilə əlaqəlidir. “Keyword” sözü ingiliscədən tərcümədə açar söz deməkdir. Siz məhsulunuza sloqan hazırlayarkən doğru açar sözlərdən istifadə edərək verdiyiniz reklamın öz hədəf kütlənizin qarşısına çıxmasına şərait yarada bilərsiniz. “SEO” yəni axtarış sistemi optimizasiyası da yeni yaranmış marketinq növlərindən biridir. Elə burda da açar sözlərin çox böyük önəmi var. Çünki eyni ilə “keyword” marketinqdə olduğu kimi burda da seçdiyiniz açar sözlər sizi hədəf kütlənizə yaxınlaşdırır.

Ən başda da dediyim kimi marketinq istənilən biznesin ən vacib parçalarından biridir. Və gördüyünüz kimi istifadə edə biləcəyiniz çoxlu marketinq strategiyası və növü var.