Aydın məsələdir ki, hər kəs özü üçün parlaq bir gələcək xəyal edir. Onu da bilirik ki, bir şeyə nail olmaq istəyirsinizsə, bunun üçün müəyyən qədər əmək sərf etməli, bəzən əyləncələrinizdən belə imtina etməlisiniz. Bəs uğurlu, parlaq bir gələcəyə sahib olmaq üçün nə etmək lazımdır? Həqiqətən də bütün əyləncələrinizdən uzaqlaşıb, ancaq dərsinizlə və yaxud da işinizlə məşğul olmaq doğru seçimdir? Təbii ki, xeyr. Bütün diqqətinizi sadəcə dərslərinizə və ya işinizə verdikdə digər tərəflərdən əksiklik yarandığını hiss edəcəksiniz. Buna görə də öz işinizdən, dərsinizdən əlavə özünüzə investisya etmək gələcəkdə sizin daha da uğurlu olmağınıza səbəb ola bilər.
Bəs özünüzə necə investisya edə bilərsiniz?
Özünüzə investisya etməyin ən sadə yollarından biri yeni biliklər əldə etməyinizdir. Yeni məlumatlar əldə etmək üçün isə kitablardan, YouTube və ya hansısa başqa bir video platformadan, onlayn vəsaitlərdən istifadə edə bilərsiniz. Məsələn kitablar. İstər bədii, istər bioqrafiya, istərsə də hər hansı elmi bir mövzu barədə yazılmış kitablar. Hər biri sizin dünya görüşünüzə, fikirləşmək tərzinizə, şəxsi inkişafınıza müsbət təsir edəcək. Əgər `kitab oxuya bilmirəm çünki həvəsim yoxdur, fikrim dağılır` deyirsinizsə, sizin üçün ən maraqlı olan mövzudakı kitablardan başlamağınızı və ya əvvəlki videolardan birində bəhs etdiyimiz kayzen texnikasından istifadə etməyinizi tövsiyyə edirik.
Özünüzə investisya etmək üçün ata biləcəyiniz digər addım isə öz ixtisasınızdan fərqli bir sahədə bilik əldə etmək üçün kurslara yazılmağınızdır. Aydın məsələdir ki, nə qədər çox sahədə biliyiniz və bacarığınız olsa digərlərindən fərqlənmək, önə çıxmaq şansınız daha çoxdur. Hətta seçdiyiniz ixtisas gələckdə əlavə gəlir mənbəyinə çevrilə bilər. Məsələn, veb dizaynerliyi, məqalə yazarlığı və sairə kimi ixtisaslar seçərək evdən işləyə biləcəyiniz və sizə əlavə gəlir gətirəcək işlərdə işləyə bilərsiniz. Digər tərəfdən isə elə həmin kurslara da əlavə vaxt itirmədən evdən qoşula bilərsiniz. Məsələn, `coursera` platformasındakı bəlkə də sayı minlərlə olan kurslardan birini seçərək öz maraq dairəniz daxilində bir mövzuda təhsil alaraq özünüzü inkişaf etdirə bilərsiniz. Bundan əlavə isə dünya səviyyəli, nəhəng univeristetlərin təklif etdiyi online kurslardan da faydalana bilərsiniz.
Kurslara yazılıb yeni sahələrdə məlumat əldə etməkdən əlavə, yeni bir dil öyrənmək də özünüzə investisya etmək üçün vacib addımlardandır. Dil öyrənmək sizi yeni mədəniyyətlərlə tanış edəcək. Bu da elə kitab oxumaq kimi dünya görüşünüzü artıracaq bir amildir. Bundan da əlavə, araşdırmalar sübut etmişdir ki, yeni dil öyrənmək beynin daha sürətli, daha produktiv işləməyinə kömək olur. Hətta Alzheimer kimi xəstəliklərin də qarşısını aldığı deyilir. Öyrənməyinizi tövsiyyə edəcəyimiz dillər içərisində isə İngiliscə, Rusca, İspanca və Çin dili ön sıralardadır. Aydın məsələdir ki, İngilis dili artıq dünyəvi dil sayılır. Rusca isə Rusiya ilə qonşuluqda olan hər bir region kimi Qafqazda da önəmli rol oynayır. Hətta elə ölkəmizdəki bir çox şirkətlərdə işçilərdən sadəcə ingilis dili yox, rus dili biliyi də tələb olunur. İspan dilini məsləhət görməyimdə əsas səbəb isə bu dilin digər bəzi dillər kimi dünyanın bir çox yerində birinci dil kimi işlənməyidir. Məsələn, İspanca öyrənərək hardasa bütün Cənubi Amerika xalqlarının mədəniyyəti ilə yaxından tanış ola bilərsiniz. Çünki bir çox Cənubi Amerika ölkələri də daxil olmaqla tam 21 ölkənin rəsmi dili İspancadır. Digər tərəfdən isə, Çin dilini bilmək sizə çox böyük bir iş bazarının qapısını açaraq, kariyeranıza müsbət təsir edə bilər. Ona görə ki, Çin dünyada ən güclü ikinci iqtisadiyyata sahib ölkədir və 1 milyarddan çox olan əhalisinin də ana dili elə Çincədir.
Təbii ki, özünüzə investisya etmək üçün onlarla, hətta yüzlərlə yoldan istifadə bilərsiniz. Lakin mənim son olaraq qeyd edəcəyim üsul bir sıra elm insanlarının məsləhət gördüyü kimi məsləhətçi-rəhbərinizin, yəni mentorunuzun olmasıdır. Mentor dedikdə sizin özünüzü inkişaf etdirmək istədiyiniz sahədə daha əvvəldən təcrübəsi olan bir şəxs nəzərdə tutulur. Həmin şəxs ailənizdən, tanışlarınızdan biri və ya ödənişli şəkildə bu xidməti göstərəcək biri ola bilər. Belə birinin sizə kömək etməsi isə müsbət haldır. Çünki o sizə səhv addımlarınızı göstərə, hansı addımları atmağın doğru olacağını deyə və əvvəllər özünün etdiyi səhvləri təkrarlamamağınız üçün sizə əvvəldən xəbərdarlıq edə bilər.
Dediyim kimi, özünüzə investisya etməyin bəlkə də yüzlərlə yolu var. Hamısını eyni anda etmək mümkün olmasa da xəyallarınız və hədəfləriniz üçün ən uyğun olanlarını seçib, özünüzü inkişaf etdirməyə başlaya bilərsiniz. Qısa müddətdə hər şey birdən dəyişməyəcək, amma uzun müddətdə həyata baxış tərzinizin necə dəyişdiyini, necə inkişaf etdiyinizi, nələr öyrəndiyinizi və nələr qazandığınızı asanlıqla görəcəksiniz. Elə ən zəngin iş adamlarından biri olan Warren Buffet`in də dediyi kimi, `Edə biləciyiniz ən yaxşı investisya, özünüzə etdiyinizdir. Nə qədər çox öyrənsəniz, o qədər çox da qazanacaqsınız`.