Biz, həyatımızıdakı limitli şeylərdən bəhs edərkən, adətən, ilk öncə ağlımıza pul, yemək, istifadə etdiyimiz internet paketi və sairə kimi maddi hallar gəlir. Çünki cibimizdə olan pulun, telefonumuzdakı internet paketinin, yaxud da soyuducudakı yeməyin bir müddət sonra istifadə olunub bitəcəyini düşünürük. Bəs siz, heç nə vaxtsa zamanınızın limitli olduğunu düşünmüsünüz? Əgər bu haqda ətraflı düşünsək, onda digər limitli şeylər kimi, zamanı da səmərəli və planlı şəkildə istifadə etməyə başlayarıq. Vaxtın digər limitli şeylərdən, məsələn, puldan əsas fərqi isə odur ki, biz pulumuzu itirdikdə yenidən pul qazanmaq mümkündür, amma itirdiyimiz zamanı geri gətirmək mümkün deyil. Misal üçün, plansız başladığınız və hansı işlərinizi görməyi qərarlaşdırmadığınızı bir gün düşünün. Belə hallarda, adətən, bir qrafikiniz olmadığı üçün gününüzün bir qismi hardan başlamalı olduğunuzu düşünməklə keçir. Digər bir tərəfdən isə həmin gün dünəndən hazırladığınız plan əsasında işlərinizi gördüyünüzü fikirləşin. Məsələn, erkəndən yuxudan qalxıb, yeməyinizi yedikdən sonra, öncədən planladığnız və sizin üçün önəmli olan işlərinizi bitirirsiniz və belə olduqda, günün qalan hissəsində həm özünüzə, həm də sevdiklərinizə zaman ayırmaq üçün boş vaxtınız qalır. Bu iki halı müqayisə etdikdə görürük ki, planlı şəkildə, daha öncədən hazırlanmış bir gün, bizim üçün daha faydalı və eyni zamanda səmərəli olur. İndi isə vaxtı səmərəli idarə etməyin bizim üçün niyə vacib olduğunu və vaxtımızı necə daha ağıllı idarə edə bilərik onun haqqında danışacağam.
Bəzən elə anlar olur ki, biz, dostlarımızın bizi birlikdə əylənməyə dəvət etməsinə, yaxud da ailəmizin bizlə vaxt keçirmək istəməsi təklifinə, “ vaxtım yoxdur” cavabını veririk. Yəqin ki, diqqətlə düşünsək, bu hal hər birimizin başına bir neçə dəfə gəlib. Əslində bu kimi halların hansı sıxlıqla yaşanması, daha çox bizim zamanımızı necə bölməyimizdən aslıdır. Daha sadə sillə desək, əgər vaxtımızı düzgün bölə bilsək, onda, biz həm sevdiyimiz məşğuliyyətlərimizi etməyə, həm də gündəlik işlərimizi yerinə yetirməyə vaxt tapa bilərik. Nümunə olaraq, eyni işdə çalışan iki nəfər işci düşünün. Onlardan biri daim işlərin çoxluğundan və tapşırıqların çətinliyindən dolayı əlavə məşğuliyyətlərə və əyləncəyə vaxt tapmadığını deyir. Digəri isə bu iş ilə yanaşı, eyni zamanda yarımştat olmaqla əlavə işdə də çalışır, həmçinin həftə sonları dostları ilə vaxt keçirməyə də vaxt tapır. Əgər bu iki nəfərin gündəlik həyatlarına yaxından diqqət yetirsək, onların arasındakı ən böyük fərqin vaxtlarını necə idarə etdiklərində olduğunu görərik. Bəs biz, gündəlik həyatımızda vaxtımızı necə və nəyə əsasən düzgün bir şəkildə bölə bilərik? İlk olaraq bunun üçün həm biznes sahəsində, həm də gündəlik həyatımızda istifadə edə biləcəyimiz Amerikan müəllif olan Alan Lakein tərəfindən yaradılmış ABC metodundan istifadə edə bilərik. Belə ki, bu metodun əsas məğzi bundan ibarətdir ki, işlərimizdə uğurlu olmaq, tapşırıqları vaxtı-vaxtında yerinə yetirmək üçün etməli olduğumuz işləri, A,B və C olmaqla üç kateqoriyaya bölməliyik. A kateqoriyasına daxil etdiyimiz işlər bizim üçün yerinə yetirilməsi ən vacib olan işlərdir. B kateqoriyasına isə bizim üçün, ikinci dərəcəli vacibliyi olan işlər daxil olunmalıdır. Və nəhayət, C kateqoriyasına əlavə etməmiz gərəkən tapşırıqlar isə bizim üçün önəmi daha az olan, tələsmədən, müəyyən zaman sonra da yerinə yetirə biləcəyimiz işlərdir. Daha detallı desək, ABC metodunun əsas məqsədi vaxtımızı, ediləcək işlərin vacibliyinə görə düzgün bölmək və bizim üçün önəmi olan işlərə daha çox vaxt ayıra bilməkdir. Gündəlik həyatda geniş istifadə edilməklə yanaşı, ABC metodu həmçinin böyük şirkətlər tərəfindən də tətbiq olunur. Belə ki, xüsusən də biznes sahəsində tanınmış böyük şirkətlər edilməsi gərəkən işləri, məsələn, illik məhsul satışını həmin məhsuldan gələn xeyirə görə A, B və C olmaqla üç kateqoriyaya bölürlər. Nəticədə, A kateqoriyasına daha çox gəlir gətirən məhsullar əlavə edilərkən, B və C kateqoriyasına nisbətən daha az önəmli olan və .gəliri az olan məhsullar əlavə olunur. Beləliklə, şirkətlər daha çox A kateqoriyasındakı məhsulların təqdimatına, reklamına və satışına zaman ayıraraq, vaxtılarını bu metod sayəsində düzgün bölə və daha çox gəlir əldə edə bilirlər.
Zamanımızı düzgün bölə bilmək üçün geniş istifadə olunan bir digər metod isə ilk dəfə italyan iqdisadçı, Vilfredo Patero tərəfindən istifadə olunmuş 20/80 qaydasıdır. Belə ki, bu metoda görə qazanılan uğurların 80 faizi, əsasən, göstərilən 20 faiz səylərin nəticəsidir. Daha aydın şəkildə desək, bu metodun əsas məhiyyəti odur ki, uğurlu olmaq və zamanımızı daha səmərəli istifadə edə bilmək üçün bizim üçün önəmli olan məqsədləri seçib, vaxtımızın çoxunu onlara sərf etməliyik. . Beləliklə, 20/80 qaydasının əsas məqsədi də budur ki, vaxtımızı bir neçə tapşırığı həll etmək üçün müxtəlif hissələrə bölsək, onda həm sonda çox vaxt itirmiş olacağıq, həm də işlərimizdə uğurlu olma şansımz azalacaq. Bunun yerinə, zamanımızı bizim üçün daha önəmli və faydalı olan işlərə ayırsaq, daha az səy göstərməklə daha böyük uğurlara nail ola bilərik. Nəticədə, 20/80 metoduna əsasən, zamanımızı düzgün idarə etməyimiz üçün ilk olaraq vaxtımızın çox hissəsini hansı tapşırıqlara ayırdığımza diqqət etməliyik.
Son olaraq, vurğulamaq istəyirəm ki, gündəlik həyatımızda, işdə və ya dərslərimizdə müvəffəqiyyətli ola bilmək üçün ilk öncə vaxtımızı düzgün idarə etməyin yollarını bilməliyik. Unutmayın ki, keçmiş Amirka prezidenti olan Franklin Ruzveltin də dediyi kimi, dünən tarixdir, sabah bilinməyəndir, bu gün isə bizim üçün bir hədiyyədir. Bizə verilən bu hədiyyəni, yəni hər günümüzü səmərəli keçirmək üçün isə biz, vaxtımızı düzgün bölməyi bacarmalıyıq.