Hamıya məlumdur ki, gündəlik həyatımızda hər hanısa önəmli bir addım atmazdan əvvəl hər kəs kimlərləsə məsləhtləşir, özlüyündə kiçik çaplı bir plan qurur və sonra hərəkətə keçir. Bu yazılmamış qanun həyatın hər hissəsinə aid olduğu kimi biznes dünyasına da aiddir. Hətta yeni bir biznes qurmaq istəyənlərin etməli olduğu ən əsas şeylərin başında bir sıra analizlər edib, bunların əsasında planlar qurmaq durur. Az əvvəl də deyildiyi kimi, biznes planlarının qurulması üçün vacib olan bir neçə analiz var. Hansı ki bu analizlər biznesi yaradacaq insana daxil olacağı bazar haqqında önəmli məlumatlar çatdırır. Alınan məlumatlar əsasında isə yeni qurulacaq şirətin strukturunda, planlarında, hətta bazara çıxaracağı məhsulda bir sıra dəyişikliklər edilə bilir. Bu tipli analizlərdən ən məşhurları SWOT və PESTEL analizləridir. SWOT analizində müəyyən şirkətin xarici və daxili üstünlükləri və zəiflikləri gözdən keçirilir. Lakin PESTEL analizində isə yalnız xarici mühit analiz olunur. İndi isə gəlin PESTEL analizi ilə daha yaxından tanış olaq:
Qısa bir qeyd edim ki, artıq kanalımızda SWOT analizi barəsində də video var və izləmək istəyənlər üçün bu videonun aşağısında həmin videonun linkini yerləşdirəcəm.
Deməli, PESTEL analizi hər hansısa biznes mühiti haqqında makro səviyyədə məlumatlar əldə etməyimizə kömək olur. Bəs xarici mühit haqqında makro səviyyədə məlumat dedikdə nələr nəzərdə tutulur? Ümumiyyətlə, biznes analizlərində əsas xarici və şirkət daxili mühit ön planda tutulur. Daxili mühit dedikdə şirkətin strukturu, işçiləri, idarəetməsi, sahibləri və s. kimi faktorlar nəzərdə tutulur. Digər tərəfdən isə xarici mühit iki əsas hissəyə bölünür. Birincisi, ingiliscədə `task environment` adlandırılan iş mühitidir. Bu mühitə xammal tədarükçüləriniz, rəqibləriniz, alıcılarınız və s. daxildir. İş mühiti kateqoriyasında yerləşən faktorlar şirkətlə birbaşa əlaqədə olub ona birbaşa təsir edir. Xarici mühitin qalan hissəsi isə şirkətlə birbaşa əlaqədə olmayan, dolayı təsir edən makro faktorlardır. Elə PESTEL analizi də öz adını bu makro faktorlardan alıb. Bu faktorlara Siaysi (Political), İqtisadi (Economic), Sosial (Social), Texnloloji (Technological), Ətraf-mühit (Environment), Qanuni (Legal) faktorlar aiddir. İndi isə gəlin, bu faktorları daha dərindən analiz edərək, PESTEL analizi haqqında daha geniş məlumat əldə edək:
Siyasi faktor sizə biznesinizi qurmaq istədiyiniz ölkənin idarəetmə qaydaları, siyasi stabilliyi, xarici ticarətə baxış tərzi və vergi sistemi haqqında məlumat verir. Aydındır ki, hər hansısa bir ölkədə iş görmək üçün həmin yerin qanunlarına tabe olmalısınız. Bundan da əlavə siyasi stabillik olmayan bir mühitdə, məsələn, Suriya kimi bir ölkədə biznes fəaliyyətinə başlamaq elə də məntiqli seçim olmaya bilər. Nəticə olaraq, siyasi faktorları analiz edib bu kimi hallardan əvvəlcədən xəbərdar ola bilər və əlinizdəki məlumatlara uyğun addım ata bilərsiniz.
İkinci sırada isə iqtisadi faktor yer alır. Bu faktoru analiz edərək ölkənin iqtisadi inkişafı, infliyasiya dərəcəsi, kredit faizləri və alıcıların ortalama gəliri haqqda məlumat əldə edə bilərsiniz. Əldə etdiyiniz məlumatlara əsasən isə həmin bazara daxil olmağın qazanclı olub olmayacğını təxmin edə bilərsiniz. Digər tərəfdən isə əhalinin gəlirini nəzərə alaraq öz məhsulunuza qiymət təyin edə bilərsiniz.
Sosial faktor isə bizə əhalinin böyümə sürəti, yaş qrupları, gəlir qrupları, yaşayış tərzləri, mədəniyyətləri haqda bir sıra məlumatlar verir. Təbii ki, bu sayılanlar məhsulunuzun həmin bölgədə satışa nə qədər uyğun olub olmadığını göstərir. Məsələn, bazara çıxarılan məhsul yerli xalqın görüşlərinə, mədəniyyətinə zidd ola bilər. Və ya aşağı yaş qrupuna aid olan bir məhsul yaş ortalamasının yuxarı olduğu bir bölgədə bazara çıxarıla bilər. Bu vəziyyətlərdə də həmin məhsul uğursuzluğa düçar olacaq. Belə hallardan yayınmaq üçün isə sosial faktorları nəzərə almaq ciddi önəm daşıyır.
Digər bir faktor isə texnologiyadır. Buraya texnoloji innovasiya səviyyəsi, avtomatlaşdırma, texnologiya yenilikləri və s. aiddir. Ən sadə dildə ifadə etsək, bu faktora diqqət edərək yaxında modası keçəcək texnoloji vəsaitlərə və ya həmin vəsaitlərin istehsalına pul xərcləməyərək biznesiniz üçün ağıllı bir addım atmış ola bilərsiniz.
Növbəti faktor ətraf-mühitdir. Bu dəfə ətraf-mühit dedikdə biznes mühiti yox təbiət nəzərdə tutulur. Bildiyiniz kimi son dövrlərdə insanlar ətraf-mühitin qorunmasına daha da çox diqqət edir. Hətta artıq bir sıra dövlətlər təbiəti qorumaq üçün şirkətləri istehsal etdikləri məhsullarda və istehsal şəraitində dəyişikliklər etməyə məcbur edir. Son dövrlərdə isə insanların bu düşüncəsinə laqeyd yanaşan şirkətlərin çox böyük ziyanlara məruz qaldığının şahidi olmuşuq. Bu səbəbdən ətraf-mühit faktoru da biznesinizin uğurlu olması üçün əsas faktorlardandır. Əlavə olaraq bir sıra şirkətlər müştərilərə öz məhsullarını təqdim edən zaman, bu məhsulun ətraf mühitə zərər vurmadan istehsal olunması da göstərilir. Təbii ki, bu da həmin şirkət üçün əlavə bir üstünlükdür.
Son olaraq isə qanunla bağlı faktorlar gəlir. Qanuni faktorlar siyasi faktorlara bənzəsə də, bu dəfə ölkənin daha spesifik mövzulara aid qayda-qanunları ilə tanış oluruq. Bunlara işçi haqları, müştəri haqları, diskriminasiya haqqında qanunlar və s. aiddir.
Gördüyünüz kimi PESTEL analizi daxil olacağınız biznes mühiti haqqında makro səviyyədə çox dərin məlumat sahibi olmağınıza kömək edir. Əvvəl də deyildiyi kimi, PESTEL analizdən əldə etdiyiniz məlumatlara əsasən, həmin bazara daxil olmağınızın gəlirli olub olmayacağı, məhsulunuzun sözü gedən bazar üçün nə qədər uyğun olub-olmadığı və bunlar kimi bir sıra önəmli suallarınıza cavab tapa bilərsiniz. Təbii ki, PESTEL analizi biznesinizi qurmaq üçün tək lazım olan vasitə deyil. Hətta zamanla mühitdən asılı olaraq, etika, ekologiya və demoqrafiyanı da nəzərə alıb, bayaq sayılan faktorlardan bəzilərini dəyişərək STEEPLED, DESTEP, SLEPİT kimi analizlərdən istifadə olunmuşdur. Təcrübələr isə göstərir ki, plan qurulmadan başladılan bizneslər qısa müddətdə uğursuz olmağa daha yaxındır. Bu səbəbdən də yeni bir biznes qurulan zaman və ya yeni bir bazara daxil olanda, ümumi mühiti dərindən analiz edərək, üzərinə plan qurub uğurlu olmaq ehtimalını artıra bilərik! Təbii ki, planlı, yəni planı olan biznesin də uğursuzluğa uğramaq şansı daim mövcuddur. Bunun da bir çox məlum və ya məlum olmayan səbəbləri ola bilər. Məsələn, elə ola bilər ki, plan tam olmasın, yaxud plan bir müddət sonra biznes mühitində baş verən dəyişikliklərə adaptasiya olunmasın və ya ümumi biznes plan sadəcə kağız üzərində qala bilər. Bu kimi adıçəkilən hallarda da biznesin uğursuzluğa düçar olma ehtimalı artır.