Necə daha çox yox, daha səmərəli çalışa bilərik?

Heç düşünmüsünüz ki, uğurlu insanlar və ya iş adamları gündəlik işlərinin çox olmasına baxmayaraq, bu qədər işə necə vaxt çatdırırlar? Ya da onlar vaxtlarını necə bölürlər ki, işlərini  vaxtı-vaxtında görməyi bacarırlar? 

Bu videoda necə daha çox deyil, daha səmərəli çalışa biləcəyimizdən bəhs edəcəyik.

Birinci yol olaraq onu deyə bilərik ki, müəyyən zaman dilimində yalnız bir işə fokuslanmaq daha məqsədə uyğundur. Loru dildə desək, bir əldə iki qarpız tutmamalıyıq.

Araşdırmalar göstərir ki, tez-tez bir tapşırıqdan digərinə keçmək diqqətimizi toplamağa mane olur. Həm də bu vaxt itkisinə səbəb olur. Sadə dildə izah etsək bir tapşırıqdan digərinə keçdiyimiz zaman beynimiz tapşırıqları dəyişdirərək, diqqəti yeni bir məsələyə yönləndirmək üçün vaxt sərf edir. Bu da öz növbəsində zaman itkisi yaradır. Məsələn, düşünün ki, 3 fənndən imtahan verməliyik və bacardığımız qədər tez hazırlaşmalıyıq. Əgər biz bir fənnə bir az baxıb, sonra o birsi fənnlərə keçsək,  yeni fənnə fokuslanmağa vaxt itirəcəyik. Beləliklə, sonda nə yaxşı hazırlaşmış, nə də ki vaxtımızı düzgün istifadə etmiş olacağıq.

Daha vacib tapşırıqları əvvəlcədən seçmək isə önəmli faktorlardan digəridir. Başqa cürə buna 80/20 qaydası deyilir. Gəlin bu qaydanı belə izah edək, deyək ki, üzərində çalışmalı olduğumuz 10 tapşırıq var. Bu 10 tapşırığın içərisindən 2-si digərlərindən daha vacibdir. Beləliklə biz önəmli tapşırıqları əvvəlcə etməyə fokuslanmalıyıq. Həm də 80/20 qaydasından istifadə edərək hansı işlərin daha öncəlikli olduğunu müəyyən etmiş oluruq. Təcrübələr göstərir ki, iş bölgüsünü bu qayda ilə müəyyənləşdirən insanlar digərlərindən daha effektiv işləyirlər.

Məsələn, əgər qarşımızda həll etməli olduğumuz bir çox məsələlər varsa, zaman itkisinin qarşısını almaq üçün əvvəlcə ən vacib işə diqqət yetirməyə çalışmalıyıq. Beləliklə də, əgər günün sonuna qədər vacib işlərimizi bitirsək, daha rahat və xoşbəxt olacağıq. Həmçinin artıq digər işləri etmək üçün də bizdə motivasiya yaranmış olacaq. Vacib işləri əvvəlcə görməyin bir digər üstün cəhəti də həmin vaxt daha diqqətli olmamızdır. Misal üçün, əgər önəmli məsələləri birinci həll etməyə çalışsaq həm ilk bu işlə məşğul olduğumuz üçün daha diqqətli oluruq, həm də daha yaxşı fokuslandığımızdan daha az vaxt sərf edirik. Təsəvvür edin ki, işə başlayan zaman daha az önəmli işləri birinci görürsünüz, lakin sonda vacib iş üçün həm enerjiniz həm də ki diqqət səviyyəmiz azalmış olacaq. Bu da nəticədə bizim produktivliyimizi azaldacaq.

Bu məqamda digər məsələndən biri, xəyal edək ki, biz, birinci daha az vacib olan işləri görməyə başlayırıq və gün sonunda da daha önəmli işlərin bəziləri bitməmiş olur. Belə olan halda isə bizim nəticələrimiz daha pis olur. Ona görə ki, biri var gün sonunda daha az önəmi olan işlər qalsın biri də var gün sonunda daha önəmli işlər qalsın. Bu baxımdan gün əvvəlində yaxud 1 gün öncə planlama daha vacibdir, nəinki spontan başlamaq.

Bəs hansı işi birinci görəcəyimizi, ya da hansına birinci fokuslanacağımızı necə ağıllı şəkildə müəyyən edəcəyik?

Danışacağımız növbəti faktor elə bu haqdadır.

Bayaq da qısa olaraq dediyimiz işləri əvvəlcədən planlamaq, vaxtdan ağıllı şəkildə istifadə edərək verilən tapşırıqları tamamlamaq üçün önəmlidir.

Günün sonunda növbəti gün üçün nə edəcəyimizi, prioritetlərimizin nə olacağını əvvəlcədən planlamaq bizə daha faydalı olacaq.

Digər bir nüans iş arasında fasilə verməklə bağlıdır. İşlərimizi daha səmərəli şəkildə görmək üçün müəyyən qədər çalışdıqdan sonra istirahət etmək önəmlidir. Aparılan araşdırmalara görə yetkin bir insan beyni təqribən 20-30 dəqiqə civarında tam şəkildə diqqətli ola bilir və ya gördüyü işə tam fokuslana bilir.

 Fasilə verdikdən sonra isə beynimiz yenidən növbəti tapşırıqlar üçün hazır vəziyyətə gəlir. Elə bu səbəblə də əksər uğurlu iş adamları gün ərzində gördüyü işlər arasında daim fasilə verməyə önəm verir. 

Aparılan araşdırmalar həm də onu göstərir ki, gün ərzində  istirahət edən insanlar daha produktiv işləyirlər. Məsələn, Yaponiyada bəzi şirkətlər işçiləri üçün günorta yatmağa vaxt verir. Şirkət isə bu metodla  işçilərin məhsuldarlığını artırdığını bildirir.

Görəcəyimiz işləri daha səmərəli etmək üçün müəyyən bir rutin qurmaq digər vacib bir faktordur. Məsələn, deyək ki, hansı işləri görəcəyimizi əvvəlcədən bir rutin halına salırıq. Rutin üzrə çalışmaq isə vaxt keçdikcə vərdiş halını alacaq. Bunun da nəticəsi olaraq artıq həmin işləri görmək daha az vaxt aparacaq. Yəni çox zaman sərf etmədən, daha effektiv şəkildə tapşırıqları yerinə yetirmiş olacıq. 

Yekun olaraq onu demək olar ki, çox yox, ağıllı çalışmaq, həyatda daim bizə vaxt qazandıracaq, uğura yönləndirəcək . Və ağır tapşırıqları belə daha səmərəli şəkildə yerinə yetirməyə kömək edəcək. Ümumiyyətlə desək, işləri daha ağıllı  şəkildə görmək bir çox uğurlu iş adamlarının gündəlik vərdişlərindən biridir.