Netflix şirkəti necə yarandı?

Hal-hazırda Netflix milyonlarla insanın film və ya serial izlədiyi bir platformadır. Çoxumuz üçün bəlkə də, Netflix qəfildən məşhurlaşan bir şirkət oldu. Bəs həqiqətənmi, 190-dan çox ölkədə  180 milyon abunəçisi olan Netflix birdən-birə quruldu və məşhurlaşdı? Bugünki videoda Netflix şirkətinin necə yaranmasından danışacağıq.

 Netflix ilk dəfə 1997-ci ildə Amerika Birləşmiş Ştatlarının Scotts Valley adlanan bölgəsində Reed Hastings və Marc Randolph tərəfindən qurulmuşdu. 

İlk əvvəllər Netflix-in çox sadə işləmə prinsipi var idi. Belə ki, Netflix insanlara DVD icarəsi xidmətini göstərirdi.  Ancaq onu digərlərindən fərqləndirən bir cəhəti var idi. İnsanlar onlayn şəkildə Netflix-in vebsaytında istədikləri filmləri axtara bilirdilər. Beləliklə izləyicilər onlayn şəkildə film DVD-lərini sifariş verə bilirdilər. Daha sonra  isə Netflix bu filmləri həmin insanlara poçt vasitəsi ilə göndərirdi. Və sonda müştərilər filmləri izlədikdən sonra yenidən poçt vasitəsi ilə filmləri  Netflix-ə qaytarırdılar.

Həmin vaxtlarda film icarəsi 4 dollar poçt xərcləri isə təximin 2 dollar təşkil edirdi. 

Artıq 1998-ci ildə Netflix.com üzərindən insanlar həm film DVD-lərini ucuz qiymətə icarəyə götürə bilir, həm də onları satın ala bilirdilər.

Nəzərə çarpacaq bir irəliləyişdən sonra artıq 1999-cu ildə şirkət abunə əsaslı sistemə keçid etdi. Abunəçilər götürdükləri DVD-ləri istədikləri qədər özlərində saxlaya bilirdilər və yalnız aylıq abunə haqqı ödəyirdilər. Amma növbəti filmi götürmək üçün ilk əvvəl aldıqları DVD-ni geri qaytarmalı idilər. Bundan az sonra, artıq insanlar aylıq ödəmə ilə istədikləri qədər filmi icarəyə götürə bilirdilər.

2000-ci ildə texnologiyanın da inkişafı ilə, Netflix  bütün üzvləri üçün filmləri tövsiyə edən bir sistem qurmağa çalışırdı. Bunun üçün şirkət izləyicilərin filmlərə verdiyi qiymətlərdən və ya reytinqlərdən istifadə edirdi. Beləliklə, artıq Netflix  istifadəçilərinə öz maraqlarına uyğun olan filmləri tövsiyə edən bir platformaya çevrilmişdi. 2000-ci illərin əvvəllərində artıq Netflix istifadəçilərin sayı sürətlə artmağa başlamışdı. 2002-ci ilin əvvəlində bu platformada 600 min istifadəçi var idi. Çox böyük bir şirkətə çevrilən və dəyər qazanan Netflix elə həmin il öz hissələrini səhm bazarına çıxarmışdı. 2003-cü ildə Netflix şirkəti rekord qıraraq 1 milyon istifadəçini özündə birləşdirmişdi.

Sürətlə istifadəçilərinin sayı artan Netflix 2005-ci ilin sonunda 6.3 milyon abunəçiyə malik idi. Həmin dövrdə Netflix şirkətinin əsas məqsədi istifadəçilərinə onların fərdi seçimlərinə əsaslanan filmlərin tövsiyə edilməsini təmin etmək idi. Hətta buna görə şirkət bu sistemi quran şəxsə və ya komandaya 1 milyon dollar təklif etmişdi. Abunəçilərin filmlərə verdiyi reytinqlərdən istifadə edərək şirkət film tövsiyə sistemini daha da təkmilləşdirmişdi.

2007-ci ildə Netflix şirkəti video yayım xidməti olan “Watch Now”-nu abunəçilərinə təqdim etdi. Bununla da istifadəçilər filmləri artıq evlərindəki televizorlarında və ya personal kompüterlərində izləyə bilərdilər. Bu strategiya şirkətin işləmə prinsipində böyük dəyişiklik idi. Netflix ilin əvvəlində DVD-lərin hələ bu sektorda əsas yer tutduğunu fikirləşsə də, ilin sonundakı nəticələr əksini deyirdi. Artıq Netflix video yayım sisteminin şirkətin gələcək taleyini həll edəcəyini anlamışdı.

Növbəti olaraq şirkət Xbox, Playstation kimi şirkətlərlə partnyorluq qurmuşdu. Beləliklə, artıq Netflix həm Playstation, həm Xbox cihazları üzərindən istifadə edilə bilərdi. Həmçinin istifadəçilər 2009-cu ildə bütün internetlə əlaqəsi olan cihazlar vasitəsi ilə Netflix-ə qoşula bilirdi. Növbəti illərdə artıq Netflix sürətlə məşhurlaşmışdı və dünyanın əksər ölklərinə yayılmışdı. 2012-ci ildə Birləşmiş Krallıq və Skandinaviya ölklərinə də yayılan Netflix 25 milyon abunə sayısına çatmışdı.

Bundan sonrakı illərdə demək olar ki, yalnız uğurları ilə yadda qalan Netflix şirkəti 2018-ci ildə 112-dən çox nominasiyaya namizəd görülmüş və bir çox mükafatlar almışdı. 

Getdikcə daha da böyüyən bu şirkət artıq 2018-c ildə öz istehsalı olan filmlər çəkməyə başlamışdı və bunun üçün 12 milyard dollar büdcə ayrılmışdı. Beləliklə, Netflix 180 milyondan çox abunəçisi ilə dünyanın hər yerində geniş  yayılmış bir platformaya çevrilmişdi.

Netflix şirkətinin tarixindən belə bir nəticə çıxarmaq olar ki,  dünyəvi nəhəng şirkətlərin  uğurları heç də bir gün içərisində baş verməyib, bunun üçün həmin şirkətlər bir neçə enişli-yoxuşlu yollar keçiblər.  Əsas məqam digərləri ilə müqayisədə biznesimizin fərqli, özünəməxsus edən nəyinsə olmasıdır. Məsələn, Netflix misalında bu onların 90-ci illərin sonundakı bir çox xidmətlərdən fərqli olaraq həm də onlayn fəaliyyət göstərməsi idi və təbii ki, biznesimizin fəaliyyət göstərdiyi sahədə daim yenilikçi olması böyük rol oyanır.