Tutaq ki, bir firma bazarda təqdim etdiyi çörəyi 1 manata təklif edir. Deyək ki, bu isə bazarda başqa çörək firmalarını hərəkətə keçirir və onlar da eyni çəkidə və keyfiyyətdə olan çörəyi 95 qəpiyə təklif etməyə başlayır. Təbii olaraq, bundan sonra müştərilər satışda olan bahalı çörəkdən imtina edərək ucuz çörəyə yönəlirlər.
Bazarda bu azad rəqabət isə tələb və təklifin tarazlaşmasına qədər davam edir. Həmin tarazlaşma nöqtəsində isə artıq həmin çəkidə, keyfiyyətdə olan çörək müəyyən dövrlük sabit qiymətdə qərarlaşır. Tələb və təklif arasında olan çoxsaylı hərəkətlilikdən sonra həmin məhsul öz bazar qiymətini tapır və hər hansı dövlət müdaxiləsinə ehtiyac qalmır.
Dünyaca məşhur şotland iqtisadçısı Adam Simit irəli sürmüşdü ki, dövlət bazara müdaxilə etməsə, insanlar öz maraqları üzərindən hərəkət edərək optimal qiyməti təyin edəcəklər. Bu, həm ayrı-ayrı individualların, həm də ümumi iqtisadiyyatın maraqlarını doğruldacaq və ümumi səmərə gətirəcək. Adam Simit bu yanaşmanı “Millətlərin Sərvəti” adlı kitabında “Görünməz Əl” konsepsiyası adlandırırdı.
Misal üçün deyək ki, hər hansısa bir məhsul bazara yeni çıxarılıb və məhdud saydadır və həmin dövrdə məhsulu təklif edən insanlar az, tələb edən insanlar isə çoxdur, yəni həmin məhsul üçün növbələr var deyək…..Bu halda nə baş verəcək? Deməli, tələb çox olduğundan və qiymət də yuxarı olduğu üçün, həm əvvəldən bu məhsulu təklif edən insanlar daha çox istehsal etməyə çalışacaq, həm də bu sahədə potensial görən yeni insanlar da bu işə başlayacaqlar. Nəticədə isə əvvəllər olan bu məhsulun qıtlığı aradan qalxacaq və beləlilklə, bu halda təklif tələbi üstələməyə başlayacaq. Bu vəziyyətdə isə, məhsulu təklif edən insalar müştərilər üçün yarışacaqlar və qiymətlər aşağı düşməyə başlayacaq, o vaxta qədər ki, bazarda bu məhsul üçün taraz qiymət formalaşacaq.
“Görünməz Əl” konsepsiyasının ümumi iqtisadiyyata bir neçə təsiri olacaq. Məsələn, əksər məhsul və xidmətlər üçün dövlətin qiymət tənzimləməsinə və nəzarətinə ehtiyac qalmayacaq. Bu proses də həm optimal qiyməti, həm Ümumi Daxili Məhsul həcmini formalaşdıracaq.
İkinci olaraq, bütün tərəflər öz maraqlarını düşündükləri halda, özləri də fərqində olmadan ümümi iqtisadiyyata və rifaha müsbət təsir etmiş olur.
Bunlara baxmayaraq, “Görünməz Əl” nəzəriyyəsinin bəzi çatızşmazlıqları da var idi. Birinci növbədə, bəzən elə olur ki, bəzi sahələrdə rəqabət olmur və ya zəif olur. Bu halda əgər dövlət müdaxiləsi olmazsa suni qiymət artımı ola bilər. Bundan başqa, daha aşağı qiymətə təklif etmək üçün bəzi şirkətlər düşünə bilər ki, xərcləri son dərəcə azaldaraq, köhnə avadanlıqlardan istifadə edə bilərlər. Bu da özü-özlüyündə ətraf mühitə, dolayı yolla başqa insanlara zərərli ola bilər. Buradan gördüyümüz kimi həmin zavod tək özünü düşünməklə, ümumi rifahı aşağı sala bilər. Bu səbəblə halhazırda əksər ölkə iqtisadiyyatları görünməz əl konsepti üzərindən fəaliyyət göstərsə də, qismən dövlət müdaxiləsi qaçınılmaz hesab olunur.