İkinci Dünya Müharibəsi zamanı yaralı əsgərlərin çox olması səbəbi ilə əməliyyat zamanı ağrı kəsici olan Morfin adlı bir dərmanın çatışmazlığı var idi. Həkimlərdən biri isə yaralı əsgərlərin bəzilərinə ağrıkəsici olduğunu deyərək sadəcə adi su ilə doldurulmuş iynə vuraraq əməliyyat edirdi. Bu zaman isə həkim müşahidə edir ki, həqiqətən bu əsl ağrıkəsici olmasa da, su olsa da, əsgərlərin ağrıları nisbətən azalır.
Bu vəziyyətdə isə həmin əsgərin ağrılarını azalmasına səbəb “Plasebo Effekti” olur. Plasebo effekti belə izah olunur ki, aparılmış müəyyən araşdırmalar zamanı bəzi xəstəliklərdə, xəstəyə dərman adı ilə sadəcə dərman formasında su və ya şəkər verilir. Xəstənin isə bundan xəbəri olmur. Daha sonra isə xəstə özünü yaxşı hiss etməyə və ya sağalmağa başlayır. Bunun da səbəbi odur ki, xəstə həmin andan düşünməyə başlayır ki, məsələn, “mən artıq ağrıkəsici qəbul etdim və bu mənə kömək olacaq”. Bu düşüncə nəticəsində isə orqanizmdə bəzi hormonlar ifraz olunmağa başlayır. Beləliklə, həmin hormonlar bədəndə müəyyən dəyişikliklərə gətirib çıxarır. Bu zaman təbii olaraq endorfin kimi xoşbəxtlik hormonu ifraz olunur ki, bu da morfin kimi təbii ağrıkəsici effekti verir. Bəzi faktorlar var ki, Plasebo effektini artıra bilər. Məsələn, həkim xəstəyə Plasebo effektli dərmanı verməzdən qabaq, xəstə ilə pozitiv söhbət edə bilər. Bu halda isə xəstənin inamı daha da artmış vəziyyətə gəlir.
Araşdırmalar göstərib ki, hətta həkim xəstəyə Plasebo effektli dərman formasında şəkər verərkən onun əsl dərman olmadığını dediyi halda belə xəstənin simptomlarında yaxşılaşma olub. Səbəb isə belə göstərilib ki, həkim onun əsl dərman olmadığını söyləsə də amma bəzən belə həblərin də kömək etdiyini deyir. Bu zaman isə bəzi xəstələr müəyyən qədər inanırlar və bu, onların inandıqları üçün onlara təsir edir.
Bir məsələni də nəzərdə saxlamaq lazımdır ki, Plasebo effekti limitlidir. Yəni, elə xəstəliklər var ki, Plasebo effektinin heç bir təsiri olmur və ya müvəqqəti olur.
Plasebo effekti tək tibdə yox eyni zamanda biznes mühitində də özünü göstərir. Nümunə üçün biz bunu qiymət-keyfiyyət əlaqəsində izah edə bilərik. İnsanlar adətən, belə qəbul edir ki, məhsul və ya xidmətin qiyməti artdıqca həmin məhsulun (xidmətin) keyfiyyəti də artır. Tutaq ki, biz marketə gedərək ev üçün keyfiyyətli xörək duzu almaq istəyirik və xörək duzu olan vitrinə yaxınlaşaraq, heç tanımadığımız 3 adda məhsul görürük. Deyək ki, burdakı yemək duzları əslində keyfiyyətcə eyni olur, amma biz bundan xəbərsiz oluruq. Qablaşdırmaları bənzər olan bu məhsulların qiymətləri isə, müvafiq olaraq 1,2,3 manat olur.
Bu vəziyyətdə biz psixoloji olaraq düşünürük ki, 3 manata olan duz ən bahalı olandır yəqin ən keyfiyyətlisi də odur. Və beləliklə, 3 manata olan xörək duzunu alırıq. Yəni, belə seçimlər edərkən qiymət faktoruna əsasən Plasebo effekti baş verir.
Plasebo effektini biznesdə bəlkə də ən yaxşı ətir biznesində izah etmək olar. Məsələn, bir çox insan inanır ki, əgər ətirin qiyməti normdan aşağıdırsa böyük ehtimal bu ətir saxtadır. Əksi olaraq, ətrin qiyməti normada və ya biraz yuxarı olduqca bu şübhələr azalır və insanlar düşünür ki, yəqin bu ətir orjinaldır. Yəni bu kimi lüks məhsullar var ki, onlar daha çox qiymətə həsass olur.