Françayzinq bir biznes tərəfinin, bu biznesin başqa yerdə yaradılması üçün digər tərəfə verdiyi lisenziya, hüquqlar, bu biznesin işləmə mexanizması haqqında məlumatlardır. Burada françayzinq hüququnu verən tərəf françayzor, qəbul edən tərəf isə françayzi adlandırılır. Ümumilikdə, bu metodla şirkətlərin böyüməsi dünya praktikasında geniş yayılıb. Bu daha çox o hallarda baş verir ki, tutaq ki, bir restoran biznesi qurmaq istəyən insanın əlində kapitalı var amma restoran biznesinin necə işləməsi barədə heç bir təcrübəsi, fikri olmadığına görə, onun bu biznesə təklikdə investisiya etməsi risklidir. Bu vəziyyətdə, həmin şəxs hansısa bəyəndiyi restoranın françayzinqinə müraciət edərək bu biznesi qura bilər.
Bu halda, françayzinq qəbul edən tərəf həmin restoranın brendindən, loqosundan, məhsullarından istifadə edə bilir, qarşılığında isə həm restorana ilkin olaraq birdəfəlik lisenziya ödənişi və aylıq və ya illik gəlirdən müəyyən miqdar komissiya ödəməli olur. Bir çoxlarımızın tanıdığı dünyaca məşhur müxtəlif sahələrdən şirkətlər var ki, onlar dünyaya françayzinq müqaviləsi vasitəsilə yayılıblar. Misal olaraq, KFC,Burger King, Dominos, Mariot Hotels, Hilton Hotels və.s kimi şirkətləri nümunə göstərmək olar.
Bəs kapitalı olan hər kəs istədiyi bir şirkətlə françayzinq müqaviləsi bağlaya bilərmi?
Sualın cavabı belədir ki, bu françayzer olan şirkətdən asılıdır. Yəni, hər bir françayzinq təklif edən tərəf istənilən kapitalı olan insanla razılaşmır. Çünki bu onlar üçün də yeni bir investisyadır və istəməzlər ki, yeni kopiyası qurulacaq biznes uğursuz olsun. Məhz elə bu səbəbə görə, onların da müraciət edənlər üçün bəzi kriteriya tələbləri olur. Məsələn, bu hansısa biznes-idarəçilik təcrübəsi kimi tələblər ola bilər.
İndi isə, gəlin, françayzinq yolu ilə biznes qurmağın müsbət və mənfi tərəflərini müqayisə edək.
Müsbət tərəflər kimi deyə bilərik ki, birinci növbədə, fraznçayzinq üzərindən qurulan biznesin uğursuzluq riski çox az olur. Çünki ortada artıq özünü sübut etmiş bir ideya və digər filiallar var. İkinci nüans kimi, reklam siyasəti daha geniş olur, məsələn başqa bir filialın inkişafı, reklamı eyni zamanda yeni açılacaq filial üçün də reklam sayılır. Üçüncü məqam kimi, deyə bilərik ki, əsas biznes sahibi, yəni,françayzer yeni filialın qurulmasında, işləməsində daim dəstək göstərir. Bir növ, yeni françayzinqlə qurulacaq biznes əvvəllər bu işdə səhvlər edib və səhvlərindən öyrənərək təcrübəyə çevirmiş əsas biznes sahibindən, başqa sözlə françayzerdən daim konsultasiya almaq imkanı olmuş olur. Dördüncü üstünlük kimi, məsələn, marka reputasiyasına görə müştəri qazanmaq asan olduğu kimi, potensial təchizatçılar, əməkdaşlar da bu bizneslə işləməkdə maraqlı olur. Çünki artıq bazarda özünü təsdiqləmiş bir şirkət var.
Başqa tərəfdən, françayzinqin mənfi tərəfləri də var. Birinci mənfi tərəf kimi, öncəliklə deyə bilərik ki, françayzinq hüququnu almaq bahalı ola bilər. McDonalds misalını götürsək, təkcə bu restoranın françayzinq lisenziyasını almaq təximinən 1-2 milyon dollar civarında dəyişir. Digər məsələ isə, françayzerə satışlardan və ya gəlirlərdən ödənişlərdir. Bu isə təxminən 5 %-dən 13%-ə qədər dəyişir. İkinci ola biləcək mənfi tərəf kimi deyə bilərik ki, bu müqavilədən qurulan biznesdə azadlıq olmur, daha detallı desək, bu biznesin başqa bir filialı biznesi istədiyi kimi idarə edə bilməz, fərqli strategiyalar yürütmək olmaz. Bir sözlə bu yolla qurulan bizneslərdə françayzer tərəfindən müəyyən məhdudiyyətlər qoyulur. Təbii ki, bu da başa düşüləndir. Françayzinq yolu ilə qurulan filiallarda mütəmadi olaraq əsas filialdan yoxlamalar, işə nəzarət olur, bu da bəzi sahibkarlar üçün sıxıcı gələ bilər. Bu məqamı da üçüncü mənfi tərəf kimi götürmək olar. Dördüncü ehtimal mənfi tərəf kimi, tutaq ki, siz françayzinq yolu ilə hansısa biznesə başlamısınız və hər şey yaxşı gedir, siz və komandanız da məsuliyyətlidir. Buna baxmayaraq, digər filiallarda müəyyən düzgün idarəçiliyin olmaması ilə bağlı çoxlu müştəri narazılıqları yaranır. Artıq bu vəziyyətdə sizin qurduğunuz filial da sizdən asılı olmayan səbəblərdən reputasiya zərəri görmüş olur və müştərilərdə önyarqı yaranır.
Əlbəttə ki, françayzinq yolu ilə öz biznesini qurmaq istəyən şəxs, bu müsbət və mənfi tərəfləri gözdən keçirərək onun üçün uyğunluğunu yoxlamalıdır. Yəni, burda müsbətlər hər kəs üçün müsbət, mənfilər isə hər kəs üçün mənfidir demək olmaz, önəmli olan insanların fərdi yanaşmasıdır.