Koronavirusun gəlməsi ilə demək olar ki, artıq yeni bir dünya yaranmağa başladı. Bu dövrdə əksər biznes sektorlarında istehlakçı davranışları dəyişdi. Ümumi desək, bir çox sahələr üzrə xərcləmələr azaldı. Bəzi insanlar isə, süni olaraq xərcləmələrinə qənaət etməyə başladılar, çünki qeyri-müəyyənlikdən dolayı, onlar növbəti aylar üçün yığım etməyi düşünürdülər. Elə dünya üzrə iqtisadiyyatların da kiçilməsinin başlıca səbəbi istehlak xərclərinin nəzərə çarpacaq dərəcədə aşağı enməsi idi.
McKinsey şirkətinin araşdırmalarına görə evin komfortlu olmağı bugünədək bu qədər vacib olmamışdı. Bu dövrdə, baxmayaraq ki, əksər sahələrdə satışlar aşağı düşdü, amma ev ilə bağlı məhsulların satışı artdı. Tətqiqatlara görə, dünya üzrə əvvəlki dövrlə müqayisədə 50%-dən daha çox ailələr evdə bişirərək yeməyə başladı. Təbii ki, bu da əsasən karantin dövründə restoranların bağlı qalması ilə əlaqəli idi.
Karantin dövründə evlərini tərk edə bilməyən insanlar dijital cihazlarla daha çox vaxt keçirməyə başladı. Netflix film platformasına sadəcə 5 ayda 16 milyon insan abunə oldu. Disneydə isə bu rəqəm 25 milyon idi. Boş auditorya qarşısında keçirilən bəzi canlı proqramlar, konsertlər eyni zamanda dijital platformalarda canlı yayınlandı.
Onlayn apteklər və həkim xidməti aktuallaşdı. Dərmanların onlayn axtarışı əvvəlki dövrlə müqayisədə 10 dəfəyə yaxın arttı. Meyvə-tərəvəz satışları sürətlə artdı. Məsələn, ABŞ-da mart ayında orqanik məhsulların satışı 10 dəfə artdı.
Ümumiyyətlə, onlayn alış-veriş nəzərə çarpacaq dərəcədə yüksəldi. Elektron satış sahəsi 10 illik inkişafı sadəcə 3 ayda gördü.
İş prosesləri də öz növbəsində dəyişimə uğradı, insanlar daha çox “Home Office”, yəni evdən işləməyə başladı. Artıq bir çox insanın tanış olduğu Zoom proqramının istifadəçi kütləsi 3 ayda 10 milyondan 300 milyona çatdı. Lakin dünya üzrə işsizlik səviyyəsi artdı, ABŞ-da isə bu göstərici bu ilin aprel ayında 15 %-ə çatmışdı.
İnsanlar təhsil mərkəzlərində fiziki iştirakdan onlayn iştiraka keçdi. Distant təhsilin istifadəçiləri bu dövrdə təxmininən 120% arttı və 250 milyon çinli şagird 2 həftə ərzində onlayn təhsilə keçid etdilər. Baxmayaraq ki, əksər ölkələrdə şagirdlər məktəblərə getməyə başlayıblar amma onlayn təhsil də bu sistemin bir tərkibi olaraq qalıb.
Pandemiya dövründə turizm sektoru demək olar ki, 90%-dən yuxarı eniş yaşadı. Bəzi insanlar qlobal səyahətdən daha çox daxili turzimdən yararlanmağa başladı.
İnsanlar sosial media istifadəsini sürətli şəkildə artırdı. Məsələn, gündəlik xəbərləri qazetlərdən oxuyan insanlar artıq daha çox bu xəbərləri sosial mediadan almağa başladı. Çap məhsullarına tələbin aşağı düşməsi ilə bu məhsulların istehsalı müəyyən qədər aşağı düşdü.
Baxmayaraq ki, əksər bizneslər bu dövrdə eniş gördü, bəzi bizneslər isə yüksəlişə keçdi. Bu dövrdə müəyyən bizneslər öz biznes modellərində dəyişiklik etməyə məcbur oldu. İndi isə gəlin koronavirusa səbəbi ilə güclü yüksəliş yaşayan 7 biznes sektorundan danışaq.
Haqqında danışacağımız birinci sektor, onlayn təhsil sektorudur. Bir çox insan karantin vaxtlarında evdə qalmağa məcbur olduğuna görə, onlayn təhsilin önəmi artdı. Eyni zamanda, insanlar evdə qalaraq asudə vaxtını səmərəli keçirmək, yeni bilik və bacarıqlar əldə etmək üçün onlayn dərslər, kurslar, təlimlər keçməyə başladı. Bunu edən insanlar, həm də bir tərəfdən düşünür ki, bu, pandemiya dövründən sonra əmək bazarında daha rəqabətcil olmaq üçün bir fürsətdir.
Yüksəliş yaşayan ikinci sahə tibb ilə bağlı olan məhsullar oldu. Təbii olaraq, bu böhran sağlamlıqla bağlı bir böhran olduğuna görə, tibb sənayesinə tələbin artması normal idi.
Üçüncü inkişaf edən sektor isə, çatdırılma xidməti oldu. Bura qida və ya qeyri-qida məhsullarını aid edə bilərik. Bu sahədə böyük potensial ortaya çıxdı və buna görə də müxtəlif sahələr üzrə kuryer şirkətlərinin artmasını müşahidə edirik.
Böyüməyə başlayan dördüncü sahə, oyun sahəsi oldu. İnsanlar evdə çox vaxt keçirdiklərinə görə, əyləncə tərəfdən oyun oynayanlar artdı.
Beşinci artış edən sahə proqramlaşdırma sahəsi oldu. Dijitallaşmaya tələbin artması ilə fərqli proqram təminatlarına ehtiyac yarandı. Sırf bu sefera ilə bağlı dünyada bir çox startaplar quruldu. Məsələn, bir çox şirkətlər onlayn iş rejiminə keçdiyinə görə, əvvəllər heç vaxt ehtiyacları olmayan proqramlara bu gün ehtiyacları yarandı.
Altıncı inkişaf edən sfera isə, qida sektoru oldu. İnsanların həm başqa sahələrə xərclərinin azalması, həm də sağlamlığın ön plana keçməsi ilə qida istehlakı artdı.
Yeddinci sektor isə, çox da məşhur olmayan təmizlik ximətləri göstərən şirkətlər üçün tələb yarandı. Təbii ki, burada dezinfeksiya nöqteyi nəzərdən təmizlik öndə gəlməyə başladı. Artıq evlərin, ofislərin, xəstəxanaların və ya digər ictimai iaşə obyektlərinin bu xidmətlərə ehtiyacı yarandı.
Təbii ki, bu siyahını daha da böyütmək olar, bizim əldə edəcəyimiz nəticə, buradan da gördüyümüz kimi, insaların ehtiyacları, istehlak davranışları və.s əvvəlki illərlə müqayisədə çox dəyişib.