loader image
Share on facebook
Share on telegram
Share on twitter
Share on linkedin
Share on whatsapp

Hansı bizneslər investisiya tapa bilmir?

Tutaq ki, sizin ağlınızda çox güclü bir biznes ideyası var. Deyək ki, bu ideya Bakıda yeni taksi şirkəti qurmaqla bağlıdır və bu işi görmək üçün sizə müəyyən miqdar vəsait gərəklidir. Bu halda sizcə investor tapmaq nə dərəcədə mümkündür? Böyük ehtimal, bu biznes üçün investor tapmaq çətin olacaq. Çünki əgər investor özü özlüyündə bu işi qurmağı bacararsa, nəyə görə bu işə investisya yatırmaqda həvəsli olsun?! Və ya özünün vaxtı yoxdursa və kapitalı varsa nəyə görə  bu ideyanı hansısa bir dostuna və ya qohumuna yox da sizə həvalə etsin?! Bu misaldan da gördüyünüz kimi, bu ideya sadəcə ümmumi bir biznes ideyasıdır, yəni bunu biznes bilikləri və təcrübəsi olan istənilən şəxs kapitalı olmaq şərti ilə özü komanda yığaraq reallaşdıra bilər.

Digər halda isə 3 dost yeni bir innovativ biznes ideyası  ilə investora investisya üçün müraciət edirlər. Təsəvvür edin ki, bu ideya bir ilkdir və eyni biznesi bu formatda icra edən yoxdur. Bu dostlardan biri proqramist, biri marketoloq digəri isə veb developerdir. Bu vəziyyətdə əgər investor həqiqətən bu biznes ideanın cəmiyyətdə hansısa bir problemi həll edəcəyinə və gəlir gətirəcəyinə inana bilsə, böyük ehtimal, o, bu işə investisya edəcək. Çünki taksi şirkətini yaratmaqla müqayisədə, bu yeni texnoloji şirkəti yaratmaq onun özünün qurmağına qalsa daha xərcli və çətin olacaq. Ona görə ki, həmin 3 dost, ideyanı bölüşsə də işin detallarını anlamaq o qədər də asan məsələ deyil. Artıq bu biznes ideyası ümumi bir biznes ideya yox da startap layihəsi adlanır. Məsələyə daha detallı baxsaq, əslində bu layihə gerçəkləşsə, investorun kapital ayırmasına baxmayaraq, bu işi şərikli bir biznes adlandırmaq da olar. Çünki  əgər həmin investor özü özlüyündə belə bir layihə etsə və bu layinənin yanlız ona məxsusluğunu istəsə, o zaman o, məcburdur ki, külli miqdarda pul xərcləsin ki, belə bir komanda yaratsın. İdeyanın yeni olduğunu da nəzərə alsaq yəqin ki, bu ideyaya yiyələnən və işi necə etmək lazım olduğunu bilən  komanda tapmaq faizi də çox aşağıdır. Amma bu iş birliyində artıq onu həvəsləndirən tərəf odur ki, həmin investor bu gözəgörünməz xərclərdən azad olacaq. Yəni həmin investor sadəcə bu biznesin reallaşmasına maddi dəstək olduğuna görə pay sahibi olacaq.

Bu 2 bizines qurmaq istəyən tərəflərin investor axtarışını müqayisə etsək, aşkar şəkildə ikinci ideanın, yəni startapın investisiya tapmaq ehtimalı bir xeyli çoxdur.